Stalinin qızı Svetlana Alliluyeva ABŞ-da 86 yaşında vəfat edib. Bu barədə APA New York Times-a istinadən məlumat verir. S.Alliluyeva hələ noyabrın 22-də Viskonsin ştatının Riçlend şəhərində vəfat edib.
Lakin ştat rəsmiləri bu barədə yalnız dünən məlumat veriblər. ABŞ-da Lana Piters kimi tanınan S.Alliluyeva son illər mədə xərçəngindən əziyyət çəkirmiş. S.Alliluyeva 1926-cı il fevralın 28-də Leninqradda ÜKP MK-nın baş katibi Iosif Stalin və Nadejda Alliluyevanın ailəsində anadan olub. O MDU-nun tarix fakultəsini və Sov. IKP yanında Ictimai elmlər akademiyasının aspiranturasını bitirdikdən sonra ingilis dili tərcüməçisi və ədəbi redaktor işləyib. 1967-ci ildə S.Alliluyeva bəzi müsahibələrində əri adlandırdığı Braceş Sinqhin dəfnində iştirak etmək üçün Hindistana gedib və SSRI-yə qayıtmaqdan imtina edib. Qərbə gediş və “Dosta 20 məktub”un (1967) nəşri əsl sensasiyaya səbəb olub. Əsərdə Alliluyeva atası və Kreml həyatından yazıb. Bir müddət Isveçrədə qaldıqdan sonra Alliluyeva ABŞ-a köçüb. 1970-ci ildə amerikalı memar V.V. Pitersə ərə gedən S.Alliluyevanın qızı olub. Tezliklə ərindən boşanan Alliluyeva buna baxmayaraq, Lana Piters adını özündə saxlayıb.