Ərdoğan və Davudoğlu “dünyanın 100 fikir adamı” siyahısında 16-cı yerdə

“Foreign Policy” jurnalı dünyanın ilk 100 fikir adamı illik siyahısını açıqlayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu da siyahıda yüksək yer tutub.

Ərdoğan və Davudoğlu Fransa prezidenti Nicola Sarkozi, Almaniyanın baş naziri Angela Merkel, İngiltərənin baş naziri Devid Kameron kimi Avropa liderlərini geridə qoyaraq, jurnalın sıralamasında 16-cı pillədə qərarlaşıb.
Ərdoğanla Davudoğlunun jurnalda yer alan birgə şəklinin altındakı qeyddə isə onların son səkkiz ildə Türkiyəni regional güc mərkəzinə çevirmək üçün dayanmadan çalışdığı ifadə olunub.
Siyahıda ilk doqquzluğu Ərəb baharında önə çıxan adlar tutur. 10-cu yerdə ABŞ, Fransa və Çinin Mərkəzi Bank rəhbərləri Ben Bernanke, Jean-Claude Trichet və Zhou Xiaochuan gəlir. ABŞ prezidenti Barak Obama 11-ci yerdədir. Ondan sonrakı yerdə də ABŞ siyasi xadimləri gəlir – keçmiş vitse-prezidenti Dik Çeyni və keçmiş dövlət katibi Kondoliza Rays. 13 və 14-cü yerlləri Bill Qeyts və onun hindistanlı “surəti” Əzim Premji (“Hindistanın Bill Qeytsi”) bölüşür. 15-ci yerlə Ərdoğan və Davudoğludan öndə gələn isə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardedir.
Siyahıda daha bir türk siyasətçi yer alır – 77-ci sırada duran Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir.