Bir gündə dünyada milyonlarla adam doğulur, ancaq Rafiq Tağı kimi adamlar yalnız Azərbaycanda deyil, bütün dünyada az-az, tək-tək doğulur. Elə dünyanı gələcəyə yönəldən, qabağa aparan da belə az-az, tək-tək doğulan kimsələr olur. Belələri yaşadığı, yaşamalı olduğu ortamı dəyişmək, gəlişdirmək, yeniləşdirmək, irəliyə aparmaq üçün Tanrının özünün sevərək yaratdığı kimsələrdir. Belələri devrimçi düşüncələri, gerçəkçi baxışları ilə dünyaya dəyişməz dinamika verən ən böyük, ən başlıca Tanrı yolçularıdır. Bunlar, belə desək, 125 min peyğəmbərdən sonra gələnlərdir. Belələrini dünyaya Tanrı özü göndərir. Özünün sevimliləri olaraq göndərir. Hər hansı toplumu, ölkəni, dünyanı düşüncə durğunluğundan qurtarmaq üçün göndərir. Peyğəmbərlər kimi belələri də asan, yüngül yaşayış nə olduğunu bilməzlər. Bir çoxlarının anlamazlıqları üzündən onlar elə hey əngəllərlə qarşılaşar, çətinliklərlə üzləşərlər. Peyğəmbərlər kimi!
Böyük, üstün, eləcə də yenilikçi düşüncə ərləri olaraq tanınan bu kişilər doğrudanmı asan, yüngül yaşayışın yolunu bilmədiklərindən bir belə əngəllərlə qarşılaşmalı, çətinliklərlə üzləşməli olurlar. Doğrudanmı onlar başqalarının – bazarda kartof, universitetdə qiymət, prezident administrasiyasında görəv satanın – bildiyi asan qazanc yolunu bilmədiklərindən yaşları boyunca problemlərlə çulğaşmış olurlar? Yooox, yox! Onlar Tanrının sevdiyi, Tanrının kodlaşdırdığı kimsələr olaraq prezident administrasiyasında belə, görəvsatan funksiyasına yiyələnərək özlərini aşağılara endirməzlər. Endirsələr, ən birinci onlar özləri özlərini Tanrının gözündən düşmüş sayarlar. Belə peyğəmbərlər oldumu? Olmadı! Onlar da ola bilməzlər. Tanrı gözündə seçilmişlərdən olduqlarına görə. Deyirlər, dünya tanrının “Ol!” sözündən yarandı. Yeni düşüncə – baxış çalarları ilə sözü OLduranlar, sözə dirilik verənlər, bu yolla Tanrı buyruqçu, Tanrı buyruğunu yerinə yetirənlər olaraq SEÇILIB görəvlənənlər bu dünyanın ölməzləridir. Tanrının buyruğu ilə “Ol!” sözündən oluşan dünyaya yeni-yeni söz-düşüncə-baxış ərləri göndərilməsəydi, gəlməsəydi bu dünya durğun suya dönməzdimi? Durğun suyun durduqca iyləndiyi fakt deyilmi?!
Deyirlər, müdrikliyin birinci aşaması yalanı anlamaq, ikinci aşaması gerçəyi anlamaqdır. Rafiq Tağı bu müdriklik aşamasının ikisini də aşanlardan idi. Bu baxımdan o, indiki yalan rejiminin ən böyük, ən barışmaz düşmənlərindən idi – danışmayanda, susanda belə. Özünü bu rejimlə barışan kimi göstərəndə belə. Bütün kartlar – ANLAMAQ – kartı ortada idi: buna görə. Hər bir kimsənin problemi anlamaqdan sonra başlayır – özü üçün də, başqaları üçün də. Anlayan kimsə özü üçün də, başqaları üçün də problemə çevrilir. Diktatura rejimləri xaraktercə problem rejimləri olur. Diktatura rejimləri özlərinin xarakter özəlliklərinə görə problemləri çözmür, problemlər yaradır. Diktatura rejimində ən böyük problem anlayanların problemi olur. Anlayanlar susa bilmirlər. Diktatura rejimində susa bilməyənlər istər-istəməz çoxlu, özü də hakimiyyət-görəv baxımından xeyli güclü düşmənlər qazanırlar. Bir də var istənilən diktatura rejimləri üçün olduqca əlverişli – işəyarar gerilikçi düşüncə-baxış ortamı. Belə bir ortam da anlayanlar üçün düşmənlər içində olmaq, düşmənlərlə çevrələnmək deməkdir. Susa bilməyəcək, danışacaqsan: danışanda gərəyincə anlaşılmayacaq, çoxlarına yersiz yerə düşmən gözündə görükəcəksən.
Dünyanın ən böyük filosoflarından olan Sokratın suçu çağını qabaqlaması, çağından qabağa qaçması idi. Sokrat mənəvi varolmanın elə şkalasını göstərirdi, çağdaşları üçün bu, anlaşılmaz, əlçatmaz görünürdü. Gerilikçi çağdaşları Sokratdan can qurtarmağın yolunu ona ağu içirib öldürməkdə gördülər. Indi, 21-ci yüzildə – 5 min il sonra! – Sokrat kimilərini güllələyir, bıçaqlayır, bütün bunlardan ölməsə, xəstəxanada… öldürürlər!