Rəsmi Bakı və Iran səfirliyi Lənkəraninin bəyanatını şərh etmədi
Məlum oduğu kimi, Iranlı ayətullah Məhəmməd Cavad Lənkərani yazıçı Rafiq Tağının qətlə yetirilməsini alqışlayıb. Rəsmi saytında yerləşdirilən bəyanatında Azərbaycan xalqına müraciət edən Lənkərani qətli icra edənin Allah tərəfindən böyük mükafat alacağını bildirib.
Dünya müsəlmanlarını, ilk növbədə Azərbaycan xalqını təbrik edən ayətullah Rafiq Tağının cəzalandırılması barədə hökm çıxaranların böyük şiə mərcə alimi Ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutduğunu deyib və ona Allah-Təaladan uca məqam arzulayıb. Qeyd edək ki, Məhəmməd Cavad Lənkərani Rafiq Tağının 2006-cı ildə yazdığı “Avropa və biz” məqaləsinə görə yazıçının öldürülməsi barədə fətva verən ayətullah Məhəmməd Fazil Lənkəraninin oğludur. Məhəmməd Cavad Lənkərani rəsmi şəxs olmasa da, hökumətə yaxınlığı ilə seçilir. Bu səbəbdən də onun bəyanatı rəsmi Tehranın mövqeyi kimi qəbul edilə bilər. Bu da qətlin sifarişinin Irandan gəldiyi ehtimalını bir qədər də artırır. Belə olan halda, Lənkəraninin bu bəyanatına Azərbaycan tərəfinin cavabı necə olmalıdır? Xatırladaq ki, bir neçə gün əvvəl Iranın Azərbaycandakı səfirliyi məsələ ilə bağlı bəyanat yaymışdı. Diplomatik nümayəndəliyin bəyanatında bildirilirdi ki, Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının Irana aid edilməsi əsassız və həqiqətdən uzaq iddiadır. Bəs ayətullahın bəyanatına səfirliyin cavabı olacaqmı?
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rafiq Tağının qətli ilə bağlı rəsmi mövqe açıqlanıb və səfirlik hər hansı fərdin bəyanatını şərh etməyəcək. Bununla bağlı hər hansı açıqlamanın verilməsi də gözlənilmir.
Məsələ ilə bağlı fikirlərini bildirən hüquqşünas Müzəffər Baxışın fikrincə, ayətullahın kiminsə ölümünə sevinməsi ilk növbədə mənəvi biabırçılıqdır: “Quranda yazılıb ki, kiminsə ölümünə sevinmək olmaz. Bu, onun ayətullah olmasına şübhə yaradır. Ancaq bu şəxsin kiminsə ölümünü alqışlaması heç bir məsuliyyət yaratmır. Sübut olunsa ki, o bu cinayətin törədilməsinə təşkilatçılıq, yaxud köməklik edib, bu halda məsuliyyət daşıya bilər. Amma qətli alqışlamasına görə onu məsuliyyətə cəlb etmək mümkün deyil”.
YAP siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Fazil Lənkəraninin Azərbaycan vətəndaşının qətlinə fətva verməsinin vaxtilə Azərbaycan cəmiyyəti, rəsmi orqanları tərəfindən ciddi şəkildə pislənildiyini deyir. Bu hərəkət Iranın səlahiyyətli şəxsinin Azərbaycanın daxili işinə qarışması kimi qiymətləndirilib: “Indi onun oğlunun hərəkəti isə nəinki dost və qardaş ölkənin nümayəndəsinin, heç din adamına da yaraşmır. Insan qətlə yetirilir. Onun ölümünə qonşu ölkədə kimsə açıq şəkildə razılıq verib. Bununla da özünü və təmsil etdiyi qüvvələrin mövqeyini ortaya qoyur”.
Lakin A.Mirzəzadə Lənkəraninin bəyanatına rəsmi etiraz bildirilməyəcəyini də qeyd etdi. Buna səbəb isə onun rəsmi şəxs olmamasıdır: “Ancaq bununla belə, Azərbaycan ictimaiyyəti Iranın ayrı-ayrı şəxslərinin, siyasi dairələrinin ölkəmizin daxili işlərinə qarışmasını, vətəndaşlarının həyatına sui-qəsd etmək cəhdlərini pisləyir”.
Fizzə



