“Mülkiyyət hüququ pozulanların sayı 100 mini keçib”

Leyla Yunus: «Yanvardan Avropa mətbuatı «Eurovision» məsələsini çox sərt şəkildə qaldıracaq»

«Eurovision»dan istifadə edib dünyaya Azərbaycandakı mafioz-klan rejimi haqqında gerçəkləri çatdırmaq istəyirik»

“Amnesty International”dan sonra daha bir beynəlxalq insan haqları təşkilatı – “Human Rights Watch” da Azərbaycana gəlir. Qurumun nümayəndələri gələn ayın əvvəllərinə nəzərdə tutulan səfərləri zamanı Bakıda öz tənqidi hesabatlarını təqdim edəcəklər. Hüquq müdafiəçisi Leyla Yunusla söhbətimizə də elə bu səfərlə bağlı sualdan başladıq.

– Leyla xanım, daha bir beynəlxalq təşkilat Bakıda öz hesabatını təqdim edəcək. Deyilənə görə, bu sənəd əsasən Azərbaycanda kütləvi hal alan mülkiyyət pozuntuları ilə bağlı olacaq.
– Əvvəla onu deyim ki, hazırda Azərbaycanda çox mürəkkəb situasiya hökm sürür. Ölkədə sözün əsl mənasında, qanun işləmir. Insan haqları demək olar ki, bütün sahələrdə pozulur. Həbsxanada günahsız yerə cəza çəkən siyasi məhbuslara bu il daha 20-si əlavə olundu. Insanların fundamental hüquqları olan – sərbəst toplaşmaq və ifadə azadlığı pozulur. 2 aprel mitinqində həbs olunanlar məhz ifadə azadlığının qurbanlarıdır. Çünki bu adamlar onları narahat edən problemləri dilə gətirmək üçün həmin aksiyaya çıxmışdılar. Söz azadlığının vəziyyəti də acınacaqlıdır. Jurnalistlər hələ də həbs olunur, hətta öldürülür də. Nəhayət son vaxtlar vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulur. Halbuki əvvəllər Azərbaycanda bu sahədə problem yox idi.
Məsələn, siyasi məhbus problemi sovet dövründə də, ondan sonra da aktual olub. Amma mülkiyyət pozuntularına biz son üç ildə rast gəlirik. 2010-2011-ci illərdə yalnız Bakı şəhərində minlərlə vətəndaşın mülkiyyət hüququ kobud şəkildə pozulub. Əgər rayonları da əlavə etsək, dəhşətli mənzərə üzə çıxacaq. Bu zaman rəqəm yəqin ki, 100 mini keçəcək. Bilirsiniz ki, beynəlxalq hüquq-müdafiə təşkilatları da ixtisaslaşıblar. Jurnalistləri müdafiə edən təşkilatlar var, siyasi məhbusları müdafiə edən qurumlar var. Məsələn, “Amnesty International” həmişə siyasi məhbuslar haqqında məlumatlar toplayırdı və nəhayət öz hesabatını Azərbaycanda təqdim etdi. “Human Rights Watch” nüfuzlu beynəlxalq qurumlardan biridir. Bu ilin iyununda və oktyabrında bu qurumun təmsilçiləri Bakıya gəlmişdilər. Iyun səfəri zamanı onlar bizim ofisə də gəlmişdilər və biz onlara bütün lazımi məlumatları vermişdik. Iyunda mülkiyyət pozuntuları ilə bağlı ilk hesabatlarını təqdim etdilər. Sonra Ilham Əliyevə açıq məktub göndərdilər. Lakin bu məktub cavabsız qaldı. Dediyim kimi, oktyabrda onlar yenidən araşdırma apardılar, indi də hesabatı yaymağa hazırlaşırlar.

– “Eurovision” yarışmasının təşkilatçıları gələn ilin əvvəlində Azərbaycana səfər edib “Qeyri-azad ölkədə azad musiqi” kampaniyasının müəllifləri olan hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Sizcə, bu səfər Azərbaycanla bağlı hansısa problemlərin həllinə təsir göstərə bilər?
– Bu, “Eurovision” təşkilatçılarının ilk belə reaksiyası deyil. Mənim həmkarlarım Azərbaycana gələn bir çox əcnəbi jurnalistlərlə görüşürlər. Bugünlərdə Fransanın məşhur bir nəşrinin əməkdaşı bizim ofisdə oldu. Mən onunla görüşüb söhbət etdim. Belə başa düşdüm ki, yanvar ayından başlayaraq Avropa mətbuatı “Eurovision” məsələsini çox sərt şəkildə qaldıracaq. “Qeyri-azad ölkədə azad musiqi” kampaniyasının məqsədi “Eurovision” yarışmasından istifadə edərək dünyaya Azərbaycandakı mafioz-klan rejimi haqqında məlumat vermək, ölkənin real gerçəkliklərini onların diqqətinə çatdırmaqdır.
Qoy, bilsinlər ki, bu yarışma necə bir ölkədə aparılır. Elə bir ölkədə ki, insan haqları addımbaşı pozulur. Ölkədə demokratiya yoxdur, qanunsuzluq baş alıb gedir.
Bu gün dünyada da buna bənzər kampaniyalar aparılır. Məsələn, “Human Rights Watch” da oxşar təşəbbüslə çıxış edərək müğənniləri avtoritar rejimlərlə əməkdaşlıqdan imtina etməyə çağırır. Bu beynəlxalq bir kampaniyadır və təkcə Azərbaycana yox, həm də bir sıra Orta Asiya, Afrika ölkələrinə də aiddir.

– Dövlət müstəqilliyi ilə bağlı geniş amnistiyanın olacağı barədə xəbərlər təsdiqini tapmadı. Indi də Ombudsman əfvlə bağlı ölkə başçısına müraciət edib. Bu dəfə necə, əfvin olacağına inanmağa dəyərmi?
– Mən buna inanmıram. Bu yolla camaatın başının altına yastıq qoyurlar. Məqsəd, ictimai rəyi sakitləşdirməkdir. Mən beynəlxalq qurumların təmsilçiləri ilə görüşəndə deyirəm ki, prezidentə vicdan məhbuslarını əfv etdiyinə görə təşəkkür etmək doğru deyil. Çünki o adamlar heç bir cinayət törətmədən həbsə düşüblər. Bu rejimin idarəetmə forması hamını qorxu altında saxlamaqdır. Hansısa amnistiya və əfvdən danışmaq isə sadəcə təbliğatdır.

– Rafiq Tağının qətlindən on günə yaxın vaxt keçir. Amma hələ ki, cinayətin açılması istiqamətində hər hansı addımın şahidi olmuruq…
– Azərbaycanda təhlükəsiz yaşamaq mümkün deyil. Azərbaycan Nigeriya kimi insan həyatına təminat verilməyən bir ölkədir. Biz hamımız sanki ön cəbhədə yaşayırıq. Hər birimizin evini hər an dağıda, yandıra bilərlər. Rafiq Tağının qətlinin açılmasına gəlincə, Azərbaycanda peşəkar, müstəqil hüquq-mühafizə orqanları yoxdur ki, biz buna ümid edək. Bu cür vəziyyət davam etdikcə, bu cür cinayətlərin açılmasından danışmağa belə dəyməz.