Metrodakı qiymət artımının pərdəarxası məqamları

Hökumət bununla cəmiyyətin nəbzini yoxlamaq istəyir

Məhəmməd Talıblı: «Bu qiymət artımı növbəti bahalaşma dalğası üçün anonsdur»

Metropolitendə gedişhaqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması xəbəri hazırda gündəmin əsas müzakirə mövzularından biridir. Heç bir real iqtisadi səbəb olmadan belə bir addımın atılması əhali arasında böyük narazılığa səbəb olub. Mövzu ətrafında Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı ilə söhbətləşmək qərarına gəldik. Iqtisadçı ekspert əvvəlcə Tarif Şurasının bu qərarı ilə bağlı fikirlərini bölüşdü:

– Əslində, Tarif Şurasının mal və xidmətlərin qiymətlərinin  artımı ilə bağlı addımları bir neçə sahəni əhatə edəcək. Belə qiymət artımları aidiyyəti dövlət qurumlarının Tarif Şurasına etdiyi müraciət əsasında baş verir. Artıq məlum olduğu kimi, Bakı metropolitenində gedişhaqqının 15 qəpikdən 20 qəpiyədək artırılması haqqında qərar qəbul olunub. Dövlət Neft Şirkətinin müraciətilə Tarif Şurası noyabrın 24-də soba mazutlarının topdan satış qiymətinin 1 ton üçün 100 manatdan 140 manata qaldırılması barədə qərar vermişdi. Bu qərar dekabrın 7-dən qüvvəyə minəcək.
Bundan başqa, Bakı şəhər Icra Hakimiyyətinin müraciətilə Tarif Şurası noyabrın 24-də əhali üçün məişət tullantılarının yığımı və daşınması xidmətinin tariflərini də 2,1 dəfə artırıb. Isitmə xidmətlərinin tarifləri də 1 kvadrat metr yaşayış sahəsinə görə əhali üçün 15 qəpik, qeyri-əhali qrupları üçün 25 qəpik qaldırılıb. Isti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik, qeyri-əhali qrupu üzrə 1,5 manat müəyyən edilib. Bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri isə 1 kubmetr üçün 1,2 manat müəyyənləşdirilib.

“Bu, olduqca cılız hisslərdən xəbər verir”

– Qiymət artımı hansı zərurətdən yaranıb?
– Bu addımın Bakı metropoliteninin perspektiv inkişaf planı və sərnişindaşıma xərclərinin artması ilə əlaqədar atıldığı bildirilir. Qərar təbii qazın elektrik stansiyalarında soba mazutu əvəzinə “ekoloji səmərəliliyi” ilə əsaslandırılıb. Tarif artımı Dövlət Neft Şirkəti daxilində buraxılış qiymətinin 67,18-dən 97,73 manata artırılması və aksizlər hesabına edilib.
Bu qiymət dəyişikliklərində əhalini daha çox maraqlandıran metrodakı qiymət artımlarının əhalinin gündəlik həyatına necə təsir edəcəyidir. Hər dəfə qiymət artımı zamanı Tarif Şurasının “əsaslandırmaları” belə olur ki, bu artımlardan sonra xidmətlərin keyfiyyəti yaxşılaşacaq. Yəni, bu gəlirlər aidiyyəti qurumların gəlirləri üçün deyil, əhalinin həmin xidmətlərdən daha da yaxşı istifadəsi üçün nəzərdə tutulur. Halbuki, qiymətlər artırılandan sonra biz həmin vəd edilən keyfiyyətli xidməti görə bilmirik. Ona görə, bu “arqumentasiyanı” daha çox bəhanə adlandırardım. Əminliklə deyirəm ki, bu qiymət artımından sonra da  keyfiyyətli xidmətlə rastlaşmayacağıq.

– Metroda kartlara gedişhaqqı yüklənməsində tətbiq olunan məhdudiyyəti necə qiymətləndirmək olar?
– Bu, anormal münasibətdən xəbər verir. Heç olmasa, bu zaman kəsiyində üç-beş manatlıq gedişlərin yüklənməsinə maneçilik törədilməməli idi. Hətta saytlardan əldə etdiyimiz məlumata görə, “Nərimanov” stansiyasında bununla bağlı metropoliten əməkdaşları ilə əhali arasında qarşıdurma yaranıb. Bu, olduqca cılız hisslərdən xəbər verir.

Bir ailə ayda 12 manat itirəcək

– Bu qiymət artımına ölkə iqtisadiyyatında baş verənlər prizmasından yanaşanda görünən mənzərə nədən ibarətdir?
– Məsələyə iki aspektdən yanaşmağın tərəfdarıyam. Birincisi, hökumətə beynəlxalq maliyyə qurumlarının tövsiyələri və bununla da ölkədəki qiymət səviyyəsinin dünyadakı qiymət səviyyəsinə yaxınlaşdırmaq üçün mərhələli addımların atılması baxımından. Burada söhbət ölkədəki qiymət siyasətinin dünyadakı qiymət nisbətilə uzlaşdırılmasına nail olmaqdan gedir. Bu zaman uzlaşdırıcı qiymət nisbətinə nail olmaq lazımdır. Bunu əvvəlcədən eləmək dərin şok yaratmır. Ikincisi, bu addımın daha çox sosial mesajları var. Yəni, bununla hökumət metropolitendə gedişhaqqını 5 qəpik artırmaqla nəqliyyatın bu növündən istifadə edən bir neçə milyon insanın nəbzini yoxlamaq istəyir. Hər bir ailədə orta hesabla 4 nəfərin metrodan istifadə etdiyini götürsək, onda 1 ailənin ayda azı 12 manat itirəcəyini söyləmək olar. Bu, sosial narazılıq və hiddət yaradan amildir. Amma bunun sükutla qarşılanacağı və ya qiyam doğuracağı tam dəqiq deyil. Çünki son illərin təcrübəsi göstərdi ki, ilk baxışda əhəmiyyətsiz görünən addım sonradan ciddi dəyişikliklərin əsasını yaradan baza detonator rolunu oynayır.
Yaxud, partlayışın astanasında olan sosial depressiya permanent xarakter daşıyır. Bu baxımdan cəmiyyətin ürəyinin nə ilə döyünməsi və nəbzinin ölçülməsi açılmayan sandığı xatırladır.
Yenə əvvəlki fikrimə qayıdıram ki, bu bahalaşma təkcə indiki mal və xidmətlərin qiymətlərinin artmasıyla yekunlaşmayacaq. Bu, digər mal və xidmətlərin qiymətinin qalxmasında baza rolunu oynayacaq. O baxımdan hesab edirəm ki, indiki qiymət artımı növbəti bahalaşma dalğası üçün anonsdur.

Qiymət artımından yayınmaq olardı

– Sizcə, hansısa alternativ tədbirlər həyata keçirmək olmazdımı ki, bu qiymət artımları baş verməsin?
– Azərbaycanın maliyyə imkanları hər il neft faktorunun hesabına artır. Büdcədən ayrılan xərclərin də həcmi artır. Amma bu artımlarda investisiya xərclərinin həcmi toplam xərclərin 34,1 faizini təşkil edir ki, bu da 5,79 milyard manat deməkdir. Bundan başqa, bu istiqamət üçün əlavə olaraq xaricdəki beynəlxalq maliyyə qurumlarından 1,47 milyard manat kredit alınacaq. Yeddi milyard manatlıq vəsaitin iki milyardının nəqliyyat sektoruna xərclənməsi nəzərdə tutulub. Həmin vəsaitdən 100-200 milyon manatı metropoliten üçün qatarların alınmasına sərf etməklə əhalini əlavə xərclərdən azad etmək olardı. Belə addım çoxsaylı əhali xərclərini hökumətin öz üzərinə götürməsi demək olardı. Amma investisiya xərcləri içərisində elə əhəmiyyətsiz və ya 100-cü dərəcəli layihələr maliyyələşir və ya həmin obyektlər yenidən təmir edilir ki, buna heç inanmaq olmur. Əslində, vaciblik dərəcəsinə görə, investisiya obyektlərinin belə irrasional seçimi hökumətin investisiya strategiyasının olmadığını göstərir.
Büdcədən əməkhaqlarının və sosial ödənişlərin artması baş vermədən belə qiymət artımı əhali maraqlarının ayaqlar altında qalması deməkdir. Növbəti 2012-ci ilin büdcəsində əməkhaqlarının artımına cəmi 8 milyon manat, sosial və təqaüdlərin artırılmasına isə 1,714 milyard manat nəzərdə tutulur. Bu isə büdcə xərclərinin cəmi 10 faizi deməkdir.

– Ticarət köşklərindən alınan icarə haqları, metropoliten ərazisində reklam üçün ödənilən vəsaitlər bu xərcləri qarşılamağa imkan vermirdimi ki, hökumət bu istiqamətdə qiymət artımına getdi?
– Metropolitenin gəlir mənbələri kifayət qədərdir. Metropolitenin ticarət köşklərinin hər birinin qiyməti 1000 manatlarla ölçülür. Yəni, metropolitenin kommersiya fəaliyyətindən əldə etdiyi gəlirlər kifayət qədərdir. Amma şəffaf maliyyə hesabatlılığının olmaması xərclərin əhalinin hesabına qarşılanmasına gətirib çıxarıb. Hansı dövlət qurumunun maliyyə sahəsində şəffaflıq və hesabatlılığı aşağı səviyyədədirsə, orada heç bir yaxşı idarəetmədən danışmaq mümkün deyil.

Xəyal