Metro kartlarına gediş yükləməyə limit qoydular

Tağı Əhmədovun işçisi bahalaşmaya hazırlığı xalqa xidmət kimi təqdim edir

Bakı Metropolitenindən istifadə edən sərnişinlər bu gün sürprizlə qarşılaşıblar. Metro stansiyalardakı terminallarda plastik kartlara 4-dən artıq gediş yükləmək olmur. Bu addımı atmağa metropoliten rəhbərliyi göstəriş verib.
Dekabrın 1-dən metroda gediş haqqının artacağı ilə bağlı məlumat sərnişinləri ehtiyat üçün öz kartlarına əlavə gedişlər yükləməyə sövq edib. Metropoliten rəhbərliyi isə bunun qarşısını almaq üçün yükləmələrə limit qoyub.
Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov “ans press”-ə açıqlamasında bildirib ki, görülən tədbir stansiyalara kütləvi axının qarşısını almaq üçündür: “Hamı eşidib ki, gedişhaqqı artır tökülüblər metroya. Biri 500, biri 300 gediş yükləyir. Aparatlar da xidməti çatdıra bilmir. Ömründə metroya minməyən indi gediş yükləyir. Bir sərnişin 15 dəqiqə aparatın qabağında gözləyir. Biz bunu sərnişinlərin yaxşılığına görə etmişik”.