Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) cari ildə ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 4 həftə əvvəl açıqlanana siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər qeydə alınıb.
Belə ki, milli və qitə kuboklarında 7 qol vuranları siyahıdan çıxaran İFFHS 8 və daha çox qol vuranları cədvəldə saxlayıb. Bu üzdən 55 nəfərlik sıralamada 47 futbolçu qalıb.
Küveyt yığmasında 10, İordaniyanın “Əl-Vəhdət” klubunda isə 6 dəfə fərqlənən Həsən Əbdel Fəttah Həsən Mahmoud son 28 gündə fərqlənməməklə zirvıni əldən verib. Argentina yığmasında 4, İspaniya “Barselona”sında 13 qol vuran Lionel Messi ümumilikdə rəqib qapıçılarından keçirdiyi 17 topla 1-ci pilləyə yüksəlib.
2-ci mövqeyə düşən küveytli isə onunla eyni sayda qol vuran Mario Qomes və Radamel Falkaonu əlavə göstəricidə üstələyir. Belə ki, Mario Almaniya yığmasında 7, “Bavariya”da 9, Radamel isə “Porto” və “Atletiko”da 12, Kolumbiya yığmasında 4 qol vurub.
Qeyd edək ki, Azərbaycan futbolçularından heç biri 8 qol vurmadığından siyahıda bizimkilər yer almayıb.