Vəfa Quluzadə: «Medvedev tək deyil, Putinlə birləşərək Qərbi aldatmağa nail olub»
Dmitri Medvedev Rusiyanın prezidenti seçilən zaman çoxları bir müddət elə düşünməyə başladı ki, artıq bu ölkə yeni eraya qədəm qoyur. Sonrakı müddətdə də Putinlə Medvedev arasında bir sıra məsələlərdə yaşanan fikir ayrılığını mətbuat hakimiyyətdə parçalanma kimi təqdim edirdi. Elə bu üzdən də bir çox məsələlərdə Qərb, başda ABŞ olmaqla Medvedevin Rusiyanın modernləşdirilməsi ilə bağlı fikirlərinə birmənalı dəstək vermişdilər.
Hətta bu dəstəyin 2012-ci ildə prezident seçkisində də sərgilənəcəyinə dair müəyyən mesajlar verilmişdi. Amma parlament seçkisinə az qalmış “Vahid Rusiya”nın vahid namizədi kimi məhz Rusiyanın baş naziri Vladimir Putin seçildi. Bu isə Qərb dünyasında müəyyən şok effekti yaratdı. Çünki Putinin yenidən hakimiyyətə qayıtmasını arzulamadığını dəfələrlə bəyan edən Qərb gözlənilmədən bu cür reallıqla üz-üzə qaldı. Ekspertlərin fikrincə, Putin-Medvedev cütlüyü indiyə qədər yürütdüyü siyasətlə yalnız Qərbi aldatmağa çalışıb. Mövzu ilə bağlı müraciət etdiyimiz ekspertə birinci sualımız elə bununla bağlı oldu. Hazırda Rusiyadakı siyasi reallığı şərh edərkən Medvedevin Qərbi aldatdığını söyləmək olarmı?

Politoloq Vəfa Quluzadə hesab edir ki, Medvedev tək deyil, Putinlə birləşərək Qərbi aldatmağa nail olub. Medvedevin prezident seçildiyi gündən Putinlə birgə planlarını reallaşdırmağa başladıqlarını deyən V.Quluzadə qeyd etdi ki, əslində Putinin hakimiyyətə yenidən gələcəyini proqnozlaşdıran ekspertlər kifayət qədərdir: “Putinin prezidentliyə namizədliyi təsdiqləndikdən sonra bəlli oldu ki, o, Medvedevə hakimiyyəti yalnız bir müddətə veribmiş. Bir daha təsdiqləndi ki, Putin hakimiyyətdən heç zaman getməyib. Bütün güc strukturlarını əlində saxlamaqla real olaraq iqtidara o nəzarət edirmiş”.
Hazırda Rusiyadakı seçkiöncəsi situasiya nəzərə alınarsa, Putinə ciddi rəqib ola biləcək şəxslərin namizədliyini irəli sürmək niyyətləri görünmür. Ənənəvi olaraq Jirinovski və Züqanovdan başqa heç kim seçkidə iştirak etmək niyyətini açıqlamayıb. Adları çəkilən şəxslərin isə Putinə ciddi təhlükə olmadığı aydın məsələdir. Bəs Rusiyada martda keçiriləcək prezident seçkilərinə qədər hər hansı sürpriz hadisənin yaşanacağı ehtimalı nə dərəcədədir?
V.Quluzadə Rusiyanın demokratikləşməyə məhkum olduğunu dedi. Amma bu hadisənin nə zaman baş verəcəyini söyləmək çətindir. Rusiyanın həmişə monarxiya, avtoritar idarəçiliyə sahib olduğunu deyən V.Quluzadə bildirdi ki, Putin bir daha təsdiqlədi ki, Rusiya imperialist baxışlarından əl çəkməyib: “Fərziyə kimi qəbul etsək, Rusiyada da ərəb dünyasında baş verən olayların təkrarlanması mümkündür. Rusiya cəmiyyətində də vəziyyət olduqca acınacaqlıdır. Amma proseslərin gedişini cəmiyyətin təpkisi dəyişə bilər”.
Xəyal


