«Avropa Parlamentindəki səfirliyimiz fəaliyyətsizdir»

Yaxın vaxtlarda Avropa Parlamentində Dağlıq Qarabağla bağlı yeni sənəd qəbul olunacaq

AMIP rəhbərliyi dünən mətbuat konfransı keçirərək Brüsselə səfər çərçivəsində Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Xalq Partiyasının nümayəndələrilə görüşlərin nəticələri barədə məlumat verib.
Partiyanın mətbuat katibi Əli Orucov bildirib ki, səfərin məqsədi Azərbaycan Avropa əlaqələrinin inkişafına töhfə vermək, ölkədə və regionda baş verən prosesləri müzakirə etmək, mövcud reallıqlar barədə fikir mübadiləsi aparmaq olub.
Partiyanın sədri Yusif Bağırzadə deyib ki, Avropa Parlamentində ən böyük fraksiya olan AXP təmsilçilərilə görüşdə Cənubi Qafqaz regionu, Dağlıq Qarabağ problemilə bağlı vacib məsələlər müzakirə edilib: “Avropa Parlamentində 736 deputat yerindən 264-nə sahib olan AXP həm Avropanın siyasi kursunun müəyyənləşməsində, həm də beynəlxalq aləmdə cərəyan edən hadisələrə ciddi təsir imkanlarına malikdir. Bu baxımdan bu qurumla intensiv işləmək və hərtərəfli əlaqələr qurmaq Azərbaycan üçün də faydalıdır”.
Avropa Parlamentinin üzvü, “Avronest” Siyasi Komitəsinin sədri Günnar Hökmarkla görüşdə isə başlıca diqqət Azərbaycanda fundamental insan haqlarının, demokratik təsisatların durumuna yönəlib: “Cənab Hökmark bizi əmin etdi ki, təmsil olunduğu qurum Cənubi Qafqazda, o cümlədən Azərbaycanda gedən demokratikləşmə proseslərinə köməkliyini və dəstəyini əsirgəməyəcək”.
Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü xanım Anna Ibrisagic isə Yusif Bağırzadə ilə görüşdə məlumat verib ki, yaxın vaxtlarda Avropa Parlamentində Dağlıq Qarabağla bağlı yeni bir sənədin qəbulu nəzərdə tutulub. Artıq bu sənəd üzərində iş gedir. AMIP rəhbərliyi də öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini təqdim edib.
AMIP sədri, həmçinin Azərbaycanın Avropa Parlamentindəki səfirliyinin fəaliyyətsizliyindən təəssüfünü bildirdi: “Avroparlamentarilərlə görüşlərimiz zamanı bəlli oldu ki, səfirlik üzərinə düşən vəzifənin məsuliyyətinin ağırlığını və ciddiliyini dərk etmir. Halbuki, Ermənistan səfirlikləri erməni lobbisi ilə Avropa Parlamentində fəal iş aparır.  Avropa Parlamentindəki dostlarımız bunu bizə irad kimi də bildirdilər”.

Tural