Klassik musiqi ənənələrini yaşadan mədəniyyət ocağı

Azərbaycan Dövlət Filarmoniyasının tarixi

XIX əsrin sonu – XX əsrin əvvəli Azərbaycanda siyasi, iqtisadi və mədəni həyatın bir çox sahələrində böyük canlanma dövrü hesab olunur. Neftin sənaye istehsalına başlanması ilə Azərbaycanın sosial-iqtisadi və mədəni mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişdi. Azərbaycanda dünyəvi təhsil ocaqlarının, milli teatr və mətbuatın yaranması məhz həmin dövrlə bağlıdır. Qədim və zəngin tarixə malik olan musiqi ifaçılığı sənəti də həmin dövrdə məclis, toy və xalq şənlikləri çərçivəsindən çıxaraq, çoxlu tamaşaçısı olan teatr və konsert salonlarına yol tapdı. Həmin dövrdə filarmonik fəaliyyətin təməli qoyulurdu.
Ilkin mərhələdə xanəndələr və çalğıçılar teatr tamaşalarının fasilələrində və musiqi səhnəciklərində çıxış edirdilər. Məlum olduğu kimi, bu çıxışlar məşhur Şərq konsertlərinin meydana gəlməsi üçün şərait yaradırdı. Ilk Şərq konserti 1901-ci ilin yayında Şuşada təşkil edilmişdir. 1902-ci il yanvarın 11-də isə Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur müğənnilər Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Seyid Mirbabayev və başqalarının iştirakı ilə Şərq konserti keçirildi. Görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə 1903-cü il yanvarın 27-də Bakıda təşkil edilmiş ən böyük Şərq konserti isə Azərbaycanda filarmonik fəaliyyətin ilk tədbiri hesab oluna bilər. Şərq konsertlərinin coğrafiyası get-gedə genişlənərək, Azərbaycanın hüdudlarından kənara çıxdı.
XIX əsrin ortalarından başlayaraq, klassik rus və Avropa musiqi əsərlərinin də Azərbaycana yol açmasına şərait yarandı. Bakıda ilk simfonik konsertlər təşkil edildi, simli alətlər orkestrinin, hərbi-nəfəsli orkestrlərin çıxışları oldu. Dünya musiqi mədəniyyətinin tanınmış xadimləri konsertlər vermək üçün Bakıya gəlməyə başladılar. Italiya operasının görkəmli müğənnilərinin, Avstriya orkestrinin, böyük rus bəstəkarları Pyotr Çaykovskinin, Sergey Raxmaninovun, Mixail Ippolitov-Ivanovun, müğənni Fyodor Şalyapinin və başqalarının Bakıya səfərləri şəhərin mədəni həyatında mühüm hadisəyə çevrildi. Təhsil müəssisələrinin proqramına nəğmə dərsləri, fortepiano, simli və nəfəsli alətlərdə ifaçılıq üzrə məşğələlər daxil edildi, musiqi kursları və məktəbləri yaradılmağa başlandı. Azərbaycanda Avropa musiqi təhsilinin əsası qoyuldu.
Bakıda musiqi tədbirlərinin əksəriyyəti Musa Nağıyevin 1890-cı ildə inşa etdirdiyi Ictimai toplantılar üçün qış binasında təşkil edilirdi. Bu tədbirlərin get-gedə daha intensiv xarakter almasını və Bakının iqlim şəraitini nəzərə alaraq şəhər zadəganları 1907-ci ildə Ictimai toplantılar üçün yay binasının da tikilməsi barədə müraciət etdilər. 1910-cu ildə icazə alındı və həmin binanın inşası başlandı. 1912-ci ilin sonunda Italiya memarlıq üslubu ilə Şərq memarlıq sənəti ənənələrinin üzvi vəhdəti əsasında tikilmiş bina istifadəyə verildi. O, elə ilk günlərdən müxtəlif musiqi məclislərinin, konsertlərin, musiqili ədəbi gecələrin mərkəzinə çevrildi. 1920-ci ilin iyulunda yaradılmış Azərbaycan Dövlət Simfonik Orkestri öz məşqlərini və konsertlərini həmin binada təşkil edirdi. Orada digər musiqi kollektivləri və solistlər də çıxış edirdilər.
Respublikada pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif musiqi qurumları 1936-cı ilin mayında respublikanın ən mötəbər konsert təşkilatı kimi yaradılan Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. Filarmoniya elə həmin binada yerləşdirildi. 1937-ci ilin avqustunda Filarmoniyaya böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verildi.
Möhtəşəm sənətçi ansamblı
Filarmoniyanın konsert təşkilatı kimi təşəkkül tapmasında və inkişafında Azərbaycanın görkəmli sənətkarları Üzeyir Hacıbəyovun, Soltan Hacıbəyovun, Bülbülün, Cahangir Cahangirovun, Niyazinin, Qəmər Almaszadənin və başqalarının misilsiz xidmətləri olmuşdur. Hazırda ölkəmizin ən iri konsert təşkilatının nəzdində fəaliyyət göstərən Dövlət Simfonik Orkestri, Dövlət Kamera Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Rəqs Ansamblı, Dövlət Xor Kapellası, Dövlət Simli Kvarteti və digər musiqi kollektivlərinin təşəkkül tapıb ərsəyə gəlməsində onların böyük əməyi olmuşdur.
Filarmoniyanın binasında respublikamızın və xarici ölkələrin görkəmli orkestr və ansamblları, solistləri, müğənni və bədii qiraət ustaları uğurla çıxış etmiş, onun səhnəsində dünya şöhrətli bəstəkarların əsərləri və xalq musiqisi səslənmişdir. Burada Azərbaycanın Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Şövkət Ələkbərova kimi dahi musiqi xadimləri dəfələrlə çıxış etmişlər. Dünya musiqi sənətinin görkəmli nümayəndələri Dmitri Şostakoviç, Tixon Xrennikov, Svyatoslav Rixter, Van Klibern, Mstislav Rostropoviç, David Oystrax, Lev Oborin və başqalarının Filarmoniya səhnəsindəki çıxışları simfonik musiqi həvəskarlarının yaddaşlarına həmişəlik həkk olunmuşdur. Simfonik musiqi konsertlərini dinləmək üçün Filarmoniyaya getmək 1970-ci illərdə artıq gözəl bir ənənəyə çevrilmişdi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-mədəni quruculuq prosesinin sürətlə aparılması üçün geniş imkanlar yarandı. Amma bu keçid dövründə yaranan çətinliklər üzündən Azərbaycanın tanınmış musiqiçiləri xarici ölkələrə üz tutmağa başladılar, böyük zəhmət hesabına yaradılmış musiqi kollektivləri dağılmaq təhlükəsi ilə üzləşdi.
Işığı sönməyən ocaq
Bir çox musiqi kollektivlərini birləşdirən Filarmoniyanın binasından da məqsədyönlü şəkildə istifadə edilməsi işində problemlər yaranmışdı. 1976-1977-ci illərdə Filarmoniyanın binasında əsaslı təmir aparılsa da, yeraltı suların onun zirzəmisinə sızması nəticəsində bina get-gedə yararsız vəziyyətə düşmüşdü. 1995-2000-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yeraltı suların qarşısının alınması və binanın bünövrəsinin möhkəmləndirilməsi üçün müvafiq işlər həyata keçirilmişdir. Binanın konsert fəaliyyətinin müasir tələblərə cavab verməsi üçün orada əlavə tikinti işləri də aparılması qərara alınmışdır.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası paytaxtımızın nadir memarlıq incilərindən biridir. Unikal akustika imkanları ilə seçilən bu bina XX əsr ərzində Azərbaycan musiqi sənətinin misli görünməmiş inkişafının şahidi olmuş və bu prosesin gerçəkləşdirilməsində əvəzsiz rol oynamışdır.
Filarmoniya klassik musiqinin təbliğində müstəsna rol oynayır. Öz daxilində fəaliyyət göstərən kollektivlərdən əlavə, burada xarici ölkələrdən gələn məşhur solistlərin çıxışları mütəmadi olaraq təşkil edilir. Filarmoniyada keçirilən konsertlərin daha maraqlı təşkilində xaricdən dəvət olunan ifaçıların çıxışlarının da böyük rolu var.
Son iki il ərzində Azərbaycan Respublikası mədəniyyət nazirliyi Filarmoniyanın müxtəlif kollektivləri ilə çıxış edən xarici artistləri respublikamıza dəvət edir. Bu siyahıda V.V.Andreyev adına Dövlət Akademik rus Orkestrinin bədii və baş dirijoru Dmitri Xoxlov, Norveç Opera və balet Teatrının solisti Ingebörq Kosmo, xalq artisti, Vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Pimenova, Bazel Musiqi Akademiyasının professoru, ÿFransız “Diapazon D, OR” mükafatı laureatı Ivan Moniqetti, Ukrayna Milli opera teatrının solisti Irina Dats, Iohan Ştraus adına Vyana ansamblı, Ukrayna Respublikasının əməkdar artisti Oksana Dika, Rusiya Dövlət Akademik Böyük teatrının solisti Marqarita Maruna, Türkiyə fleytaçısı Şefika Kutluer, almaniyalı dirijor Pyer Domentik Ponnellenin və digərlərinin adı var.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir