Elmlər Akademiyası və akademiklər

Bəziləri Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) elmin məbədi adlandırır. Bu gün o elm məbədinin 55 həqiqi, 110 müxbir üzvü var. Başqa sözlə, 165 alimimiz Azərbaycan elminin lokomativi funksiyasını yerinə yetirir. Necə yerinə yetirir? Faktlara müraciət edək.

AMEA-nın Rəyasət Heyətinin 13 üzvü var. 4 akademik isə AMEA-da müşavir vəzifəsini yerinə yetirir. Faktiki olaraq bu 17 nəfər Azərbaycan elminə rəhbərlik edir. Elmlər Akademiyasının prezidenti başda olmaqla elmin inkişafına cavabdeh sayılan 17 akademikin elmi fəaliyyəti barədə bir neçə kəlmə yazmağa qərarlı idim. Fəqət alimlərimizin ağsaqqallığı mane oldu. Qoy bunu oxucuların özləri saf-çürük etsinlər. Internet vasitəsilə o 17 akademikin dünya çapında hansı elmi nailiyyətlərə imza atdığını öyrənmək çox asandır.
Rəyasət Heyətində təmsil olunan 17 akademikin 6-nın yaşı 80-i ötüb. Rəyasət Heyətində yaşı 70-i keçmiş 5 akademik də var. Bu o deməkdir ki, akafemiya rəhbərliyinin 65 faizi qocaman alimlərdən ibarətdir. Ixtisasca həkim olduğumdan orqanizmin yaş xüsusiyyətlərini başqa məslək sahiblərinə nisbətən yaxşı bildiyim üçün altını cızaraq yazıram. Idarəetmədə 70-80 yaş nailiyyət yox, durğunluq gətirir. 80 yaşında kiçik bir müəssisəni belə səmərəli şəkildə idarə etmək mümkün deyil.
Nədən ki, 80 yaş insandan istirahət tələb edir. Çox az adama 80 yaşında məhsuldar işləmək, elmi icadlara nail olmaq nəsib olub. Mərkəzi Sinir Sistemi o yaşda fizioloji funksiyaları haldan düşmüş daxili orqanlara nəzarət edə bilmir. Bəllidir ki, 60 yaşdan sonra bir sıra xəstəliklər baş qaldırır və 10-15 ildən sonra da insan orqanizmində xəstəlik çələngi yaranır. Odur ki, cümlə ahıllara və o cümlədən də ağsaqqal alimlərimizə istirahət gərəkdir.
Və bu istirahəti onlar üçün DÖVLƏT özü yaratmalıdır. Ömrünü gərəkli-gərəksiz elm sahəsinə həsr etmiş, lap belə elmi kommunizmi araşdırmaqla akademik tituluna yiyələnmiş alim üçün qocalığını yaşamaqdan ötəri komfort şərait yaradılmalıdır.
AMEA-nın həqiqi üzvlərinin 24-nün yaşı 80-i keçib. Dövlətin 55 akademiki INSAN kimi yaşatmağa gücü çatmır məgər? Akademikin evi, bağı, maşını, tibbi sığortası, yüksək təqaüdü olmalıdır. Olmalıdır ki, zamanında gənc alimlərin yolundan çəkilə bilsin.
Elm adamlarının maddi durumunun aşağı olması biabırçılıqdır. Və ən dəhşətlisi odur ki, Akademiyanın rəhbərliyi vəziyyətdən çıxmaq üçün hökumət və dövlət qarşısında ciddi tələb qoya bilmir. Çünki Elmlər Akademiyası da digər dövlət qürumları kimi tam siyasiləşib və YAP iqtidarının diqtə etdiyi şərtlər çərçivəsində fəaliyyət göstərir.
Ona görə də AMEA-nın labaratoriyasında dünyanın qəbul etdiyi alim yetişdirmək olmur. Bu səbəbdən cızma-qaralar, plagiat elmi işlər “elmlər namizədi”, “elmlər doktoru” diplomuna çevrilir və AMEA elm bazarının çiçəklənməsinə mane olmaqda acizdir.
Alimin şəxsiyyətini uca edən təkcə onun alimliyi deyil. Alim cəmiyyətdə baş verən anormallıqlara reaksiya verəndə şəxsiyyəti cəmiyyətdən daha yüksək qiymət alır.
Zəhmət olmasa, AMEA-nın internet səhifəsinə daxil olun və baxın görün 55 akademikin, 110 akademikliyə namizədin neçəsi müstəqil fikir sahibidir. O siyahıda barmaqla sayılası alim tapmaq olar ki, rejimə biyət etməsin, həm də təkcə bu rejimə yox, bundan əvvəlkilərə də. Əksəriyyəti YAP ideoloqu ampluasındadır. Bax, Azərbaycan elminin ən böyük bəlalarından biri də budur. Bir neçə gün əvvəl Azərbaycanın barmaqla sayılası alimlərindən biri – Rafiq Əliyev haqqı dediyinə görə bir dəstə elm xadimi mətbuatda haray-həşir salıb onu aşağılamağa cəhd etdilər. O alimlərdən biri haqqında bir neçə kəlmə yazmağa dəyər.
Rasim Əliquliyev AMEA-nın Müxbir üzvü və Informasiya Texnologiyaları Institunun direktorudur. O elm müəssisəsinin veteranlarından biri zəng edib deyir ki, Rafiq Əliyevi regionçuluqda ittiham edən Rasim Əliquliyevin direktoru olduğu institutda kirvəsi direktor müavini, qardaşı şöbə müdiri, bacısı başqa bir vəzifə tutur. Digər şöbə müdirlərinin də əksəriyyəti Rasim Əliquliyevin həmyerliləridir. 
Regionçuluq Azərbaycan elminin daha ağır bəlalarından biridir və bu bəladan xilas olmaq etiraf edək ki, çox müşkül məsələdir. Çün regionçuluq epidemiya kimi iqtidarın bütün strukturlarını bürüyüb.
Bir məqalə ilə Elmlər Akademiyasındakı gerçəklikləri açmaq mümkün deyil. Ən acınacaqlısı odur ki, elmimizin mövcud durumu ölkəni idarə edənlərə də bəllidir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət əvvəl elmi necə topa tutduğunu yadınıza salın. Mən isə sizin yadınıza onu salıram ki, AMEA-dakı durumu cümlə Azərbaycana da şamil etmək olar. Nədən ki, Azərbaycanı idarə edənlərin də əksəriyyətinin cibində “elmlər namizədi”, “elmlər doktoru” və “akademik” diplomu var. Deyəsən elm mövzusunda bir yazı da olacaq…