Bilərəm ki, bir Iran ayatullasının Rafiq Tağının ölümünə sevinməsini oxumaq hamımıza çox ağırdır. Özümüzə, ölkəmizə, xalqımıza, insanlığa ağır təhqirdir bu. Bu, həm də bizim cəmiyyətə aşkar bir təhdiddir. Çox üzücüdür. Amma bu bizi yanlış qorxuya, yanlış düşüncələrə, yanlış hədəflərə də sürükləməməlidir.
Heç kim inkar edə bilməz Iranın niyyətlərini və cəhdlərini. Biz illərdir onun Azərbaycana qarşı gizli və aşkar həmlələrini görürük, amma bu təhlükələrə zəmin yaradan səbəbləri cəmiyyət olaraq hələ də zəif görürük, yaxud heç görmürük. Biz problemin yaratdığı ağrılardan danışırıq, amma onun özünün yaranma səbəbləri barədə danışmırıq.
Adətən bizi cəlbedici sözlər, duyğusal qənaətlər, emosionallıq, kədər, pafos çox çəkir özünə. Biz əsl problemin nədən ibarət olduğunu tam aydınlığı ilə görmürük. Yəni, əsl faciəmizi…
Iranın Azərbaycana xüsusi təhlükəsi təzə məsələ deyil. Kökündə də nəyin durduğunu yaxşı bilirik. Iran Azərbaycanın yarısını işğalından sonra əl saxlaya bilmir, digər hissəsinə də tamahını gizlətmir. Amma nədən bizim cəmiyyətdə Iranın din və mövhumat pərdəsi ilə işə saldığı beşinci kalon bu illərdə böyüməkdə davam edir? Faciəmizi elə bunda axtarmaq lazımdır!
Indi yada salın ki, 2 apreldə azadlıq qışqıran vətənpərvər gəncləri, guya, 2 dükanın şüşəsini qırdığına görə şərləyib həbsə atan bizim dövlət, onun vətəndaşı haqda ölüm hökmü çıxaranlar barədə susdu və susur. Bəs vətəndaşları hər cür qanunsuzluqdan, hər cür təhlükədən qorumalı olan hüquq-mühafizə qurumları necə oldu, beynəlxalq hüquq və öhdəliklər hara getdi? Niyə əlini yanına salıb susdu bizim dövlətimiz? Rafiq Tağı barədə bir neçə il öncə ölüm fitvası verilsə də, Azərbaycan dövləti yazıçının özünü həbs etdi, amma onun haqqında bu qərarı verənlər barədə susdu.
Yəni, bizim bizi qoruyan dövlətimiz yoxdur. Vətəndaşımızın normal həyatını quran, cəmiyyətdə ədaləti, mənəviyyatı, sağlam düşüncəni təmin edən dövlətimiz yoxdur. Biz teokratik qeyri-azad dövlətdə yaşamırıq, amma elə dünyəvi ölkədə yaşayırıq ki, onun ədaləti, qaydaları, təminatı heç də bundan ciddi şəkildə yaxşı deyil. Onun da azadlığı yoxdur.
Adamlar Avropaya qaçmırmı? Rusiyaya qaçmırmı?
Elə bir qrup da Irana, Iranın təsirinə, təbliğatına qaçır, sığınır…
Indi biz yanlış idarə olunub, yanlış yaşayıb, həm də bu cəmiyyətdəki adamların hamısından doğru addımlar gözləyirik.
Biz birinə deyirik: insan da sözə görə başqasını öldürərmi? Insan cahil olarmı? Insan nadan olarmı?
Amma biz onu da soruşmalıyıq: insan rüşvət alarmı? Insan bütün cəmiyyətə aid sərvətləri oğurlayarmı? Insan qanunları pozarmı? Ayrı-seçkilik salarmı? Insanları zəlil edən siyasəti yürüdərmi? Insan yaltaqlıq tələb edərmi, yaltaqlanarmı? Insan yalan danışarmı, yalanı zorla həqiqət kimi qəbul etdirərmi? Insanları ölkəsindən didərgin salarmı, özgələrə, özgələrin hiyləsinə möhtac edərmi?
Biz bu insanlara sahib çıxırıqmı? Onlara normal təhsil veririkmi? Onlara iş yeri açırıqmı? Onların həyatını və qəlbini məhv edən ədalətsizliyi aradan qaldırırıqmı? Biz insanı aldanmaqdan qoruyuruqmu?
Faciənin əsl səbəbi odur ki, Azərbaycan dünyəvi, demokratik, ədalətə və qanunlara söykənən bir ölkə olmalı idi. Oldumu? Elə bilirsiniz dindarı şərləyib tutmaqla dünyəvi ölkə ola biləcəyik?!
Dünyəvi ölkə demokratik olmalıdır, insan haqlarını qorunmalıdır, orada rifah olmalıdır. Onda insan insanı sözə görə öldürməyəcək! Amma bunlar yoxdur axı. Indi biz də Iran kimi qeyri-azad ölkəyik, müəyyən üstünlüklərimiz ola bilər. Iranda da müsbət cəhətlər tapmaq olar. Amma hər iki ölkə qeyri-azad ölkədir. Sadəcə, Iran totalitar ideya ilə silahlanıb və bizim korrupsioner rejim onun qarşısında duruş gətirə bilmir.
Bizlər isə hər ikisinin hədəfindəyik. Baxmayaraq ki, indi onların da hər ikisi zamanın hədəfindədir – Azadlıq küləkləri əsdirən zamanın!