Britaniyalı jurnalistdən Cabbar Savalanlıya dəstək kampaniyası

Dünyanın nüfuzlu nəşrlərindən olan Britaniyanın “The Guardian” qəzeti Azərbaycanda şərlənərək həbs olunan gənc fəal, AXCP üzvü Cabbar Savalanlı barədə material yayımlayıb.

“The Guardian”ın saytındakı videobölümdə tanınmış jurnalist və satirik, “Private Eye” jurnalının baş redaktoru Yan Hislopun çıxışı yerləşdirilib. Britaniyalı jurnalist dünya ictimaiyyətinə müraciət edərək, Cabbar Savalanlının azadlığa buraxılmasına nail olmaq məqsədilə kampaniyaya başlamağa çağırıb.
“Yan Hislop dünyanın azadlıqsevər insanlarını Cabbar Savalanlının azadlığa buraxılmasına nail olmaq üçün Ilham Əliyevə müraciət etməyə çağırır. Cənab Hislop müraciətində Azərbaycanın dövlət başçısının iş ünvanını da göstərərək, müraciətlərin həmin ünvana göndərilməsini təklif edib”, – deyə “Guardian”ın yaydığı məlumatda bildirilir.
Yan Hislop videoçıxışında bildirir ki, Cabbar Savalanlı “facebook” sosial şəbəkəsində Azərbaycan hakimiyyəti əleyhinə fikirlərini yazandan bir gün sonra, üzvü olduğu partiyanın tədbirindən çıxıb evə gedərkən həbs olunub. Onu narkotik saxlamaqda ittiham ediblər.
“Lakin ”Amnesty International” təşkilatı bildirir ki, Azərbaycanda müxalif fikirli adamlar tez-tez bu cür üsullarla həbs olunur”, – deyə Hislop Cabbar Savalanlının hüquqları uğrunda mübarizənin qurbanı olmasına diqqət çəkir.