Bakıda misli görünməmiş adam oğurluğu

Azərbaycanda külli miqdarda borca görə iki nəfər 8 gün girovluqda saxlanılıb

Azərbaycan paytaxtında külli miqdar borca görə 2 nəfər 8 gün girovluqda saxlanılıb. Bu barədə Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Məlumata görə, noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində – Dəyanət Əkbər oğlu Ismayılova məxsus ofisdə girov saxlanmaları barədə DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə əməliyyat məlumatı daxil olub. Bununla əlaqədar dərhal həyata keçirilmiş tədbirlər nəticəsində onlar girovluqdan azad ediliblər. Ilkin araşdırmalarla müəyyən edilib ki, Dəyanət Ismayılov noyabrın 20-də Mehman Vahabzadəni və Samid Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub(APA).
D.Ismayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər onları girov saxlayacağını bildirib. Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib. Əməliyyat tədbirləri davam etdirilir.