ATƏT-in Bakı ofisindən heç kimi aldatmadıqlarını dedilər

ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov təmsil etdiyi təşkilatın əcnəbi jurnalistləri aldatdığı haqda məlumatı təkzib edib. R.Hüseynov bildirib ki, bir neçə gün öncə Fransanın «Le Monde» qəzetinin müxbiri Joel Stolz ATƏT-in Bakı ofisinin rəhbərindən müsahibə götürmək üçün Bakıya səfər edib. R.Hüseynov mətbuat xidmətinin rəhbəri olaraq müsahibəni təşkil edən zaman fransız jurnalist Bakıda keçirilmiş flashmob barədə söhbət edərək, paytaxtın mərkəzində baş tutan tədbirin görüntüləri olan linki istəyib: «Aramızdakı söhbət yalnız bundan ibarət olub və başqa hər hansı bir şərh verilməyib. Qəzetinizdə məlumatı oxuduqdan sonra həmin jurnalistlə əlaqə saxladım. O, mənim adımdan hər hansı hüquq müdafiəçisinə Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğu ilə bağlı fikir demədiyini bildirdi. Qeyd etdi ki, əgər belə bir məlumat yayılıbsa, onun fikirləri təhrif olunub».

***

ATƏT-in Bakı ofisindən əcnəbi jurnalistləri aldatmaq cəhdi

ATƏT-in Bakı ofisi siyasi işlərlə bağlı məhkəmə monitorinqlərinin nəticələrini hökumətlə müzakirə edərək, oradakı “arzuolunmaz” məqamları çıxarıb, hesabatı “yumşaldandan” sonra çap edir. Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyevin bunu açıqlamasından çox keçməyib ki, “Azadlıq”a ATƏT-in Bakı ofisilə bağlı daha bir narahatlıq doğuran informasiya daxil olub. Bəri başdan qeyd edək ki, sözügedən xəbər ATƏT-in bəyan etdiyi demokratik prinsipləri tamamilə kölgədə qoyur, qurumun etibarlı fəaliyyətinə şübhə toxumu səpir.

Obyektivliyi geniş ictimaiyyət tərəfindən əksərən qəbul edilən bir hüquq müdafiəçisi (o, hələ ki, adının açıqlanmasını məqbul saymır) bildirir ki, bugünlərdə Bakıdakı əcnəbi jurnalistlə söhbət edib. Söhbət əsasən ölkədə insan haqlarının bərbad durumunu əhatə edib. Hüquq müdafiəçisinin ölkədəki avtoritar görsənişlər barədə fikirlərini dinlədikdən sonra jurnalist təəccüblə, ona başqa məlumatların verildiyini açıqlayıb. Deyib ki, ondan əvvəl görüşdüyü ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov ona bir video göstərib və bu videoya istinad edərək, Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi barədə deyilənləri təkzib etməyə çalışıb.
Hüquq müdafiəçisi həmin videonun nədən ibarət olduğunu soruşduqda isə jurnalist Fəvvarələr meydanında “Mc Donald’s”ın qarşısında gənclərin koordinasiyalı formada rəqs etdiklərini və heç bir müdaxilənin olmadığını əks etdirən videodan söhbət getdiyini bildirib.
Hüquq müdafiəçisi də öz növbəsində əcnəbi jurnalistə bildirib ki, bəhs olunan videodakı səhnələri müxalifətin toplaşmaq azadlığının təmin olunması kimi qələmə vermək qədər absurd heç nə ola bilməz. Çünki həmin video gənclərin Maykl Ceksonla bağlı keçirdiyi qeyri-siyasi fləşmob olub.

Informasiya şöbəsi