Eynulla Fətullayev Rafiq Tağının qətli ilə bağlı yeni faktlar açıqladı
Nyu-Yorkdakı mərasimdə «Azadlıq» qəzeti ilə bağlı müzakirələr aparılıb
Hüquq müdafiəçisi Eynulla Fətullayev dünən mətbuat konfransı keçirərək bugünlərdə başa çatan ABŞ səfəri, Rafiq Tağının qətli ilə bağlı aparılan müstəqil jurnalist təhqiqatı ilə bağlı maraqlı məlumatlar verdi. E.Fətullayev əvvəlcə R.Tağı məsələsinə toxunaraq bildirdi ki, “Soros” Fondunun dəstəyi ilə bir neçə jurnalistdən və hazırda istefada olan peşəkar əməliyyatçılardan ibarət ictimai istintaq qrupu yaradılıb və qrupa da özü rəhbərlik edir.
R.Tağının qətlə yetirildiyi yerdə təhqiqat aparan qrup maraqlı məlumatlar əldə edib: “Həmin ərazidəki beş kameraya artıq baxıb videoyaddaşı yoxlamışıq. Birinin yaddaşında heç nə görünmürdü. Qeyri-peşəkar kameralardır və gecə üçün xüsusi işıqlandırma sistemləri yoxdur. Ona görə heç nə görünmür. Ikinci kamera dükanın yanındadır. Onun da təsviri çox qarışıqdır. Daha iki kameranı müəyyən etdik ki, onlar Rafiq Tağının qətlə yetirildiyi küçəyə baxır. Çox maraqlıdır ki, həmin kameraların xətləri kəsilib. Dükan sahiblərindən soruşdum ki, xətləri nə vaxt və nə səbəbə kəsmisiz? Məlum oldu ki, noyabrın 5-də kəsiblər. Ən maraqlısı da odur ki, həmin dükanın sahibləri iranlılardır. Belə əsaslandırdılar ki, guya iki şərik olublar, sonra aralarında ixtilaf yaranıb ayrılıblar. Həmin dükan da bölündüyü üçün kameraya ehtiyac qalmayıb. Cavab mənim üçün çox mücərrəd və anlaşılmaz oldu.
Qalır bir kamera, o da Rafiq Tağının qətlə yetirildiyi yerin yanındakı bərbərxanadır. O kameraya baxmaq istədiyimizi dedik. Bildirdilər, baxa bilərsiz, amma müdiriyyət gələndən sonra”.
E.Fətullayev deyir ki, R.Tağının qətli birmənalı olaraq siyasi sifarişdir: “Bu qətl çox yüksək peşəkarlıqla planlaşdırılıb və icra olunub. Elə bir yer seçilib ki, orada şahidlərin olması ehtimalı sıfıra bərabərdir. Yalnız bir ipucu ola bilər. O da ərazidəki bankomatın kamerasıdır. O kamera hadisə baş verən sahəni götürmək iqtidarındadır. Hüquq-mühafizə orqanları həmin kameranın yaddaşına baxsalar, nəsə görə bilərlər. Həmin iranlı iş adamlarının fəaliyyətinin yoxlanılması da yaxşı olar. Bizim məqsədimiz hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaq yox, əksinə, dəstək verməkdir”.
R.Tağıya ölüm fətvası çıxaran iranlı ayətullah Fazil Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkəraninin yazarın qətlə yetirilməsini alqışlayan məlum müraciətinə gəlincə, E.Fətullayev bundan olduqca təəccübləndiyini dedi: “Buna qədər mən Iran ehtimalını tamamilə rədd edirdim. Amma bu müraciətdən sonra bu ehtimal artan xətt üzrə gedir”.
E.Fətullayev qətlin üstünün açılmayacağını hesab edir: “Bunun arxasında həqiqətən də Iran xüsusi xidmət orqanları və ya dini dairələri dayanıbsa belə, bu qətl açılmayacaq. Düşünmürəm ki, Azərbaycan hökuməti Iranla münasibətlərin gərginləşməsini istəsin. Hələlik dəqiq söz demək çətindir. Amma Lənkərani çox ciddi bir adamdır. Onun bəyanatında hökmün icra olunması aspekti xüsusi olaraq vurğulanır. Əgər bu aspekt olmasaydı, bəyanatı onların bir sevinci kimi qələmə vermək olardı. Amma istənilən halda məsələ icraçıların tapılmasından irəli getməyəcək. Rafiq Tağının da qanı belə batacaq”.
Daha sonra E.Fətullayev ABŞ səfəri barədə məlumat verdi.
Qeyd edək ki, E.Fətullayev Nyu-Yorkda Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi beynəlxalq mətbuat azadlığı mükafatının builki laureatlarının təltif edilməsi mərasimində iştirak edib. 2009-cu ildə E.Fətullayev də bu mükafata layiq görülmüşdü, amma o vaxt həbsdə olduğuna görə mükafatı ala bilməmişdi.
E.Fətullayev bildirdi ki, Jurnalistləri Müdafiə Komitəsinin ona təqdim etdiyi mükafat ABŞ-da ən nüfuzlu media mükafatıdır: “Tədbirdə çox tanınmış jurnalistlər, siyasətçilər, vəkillər, hüquq müdafiəçiləri iştirak edirdilər. ”Human Rights Watch”un dəvəti ilə təşkilatın ofisində oldum. Təşkilatın sədr müavini, eyni zamanda Avropa və Asiya proqramları direktoru ilə görüşdüm. Onlar dekabrın əvvəllərində Bakıya gələrək öz hesabatlarını təqdim edəcəklər. Hiss etdim ki, onlar ABŞ hökumətinin siyasətindən narazıdılar. Hesab edirlər ki, Amerika hökuməti Azərbaycan hökuməti ilə enerji sahəsində əməkdaşlığı daha üstün tutur. Düşünürlər ki, demokratiya və insan haqları prioritet olmalıdır”.
E.Fətullayev bildirib ki, səfər müddətində müxtəlif görüşlər keçiriblər: “Görüşlərdə əsasən siyasi məhbuslar məsələsini müzakirə etdik. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə də görüşdüm. Miyatoviç bu ilin noyabrında ölkəmizə gəlməli idi, amma görüş zamanı bəlli oldu ki, gələn ilin fevralında gələcək. Görüşlərdə əsasən həbsdə olan gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevlə bağlı məsələləri müzakirə etdik, ”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə toxunduq. Onlarda qəti fikir var ki, Əvəz Zeynallı ifadə azadlığının qurbanıdır. Bildirdilər ki, hakimiyyət rəhbərliyini tənqid edən məqalədən sonra baş redaktor saxta ittihamla həbs edilib. Yəni, özləri Azərbaycandakı vəziyyəti təhlil edib nəticələr çıxarırlar. Mənim fikrimcə, Əvəz Zeynallının məsələsi şişəcək. Əgər hökumət geri addım atsa, zərbələrdən sığortalana bilər. Məndən təəccüblə soruşdular ki, necə olur belə bir ölkədə “Azadlıq” kimi qəzet çıxır? Dedim ki, bu qəzetə daimi basqılar var, əməkdaşları döyülür, bıçaqlanır, bu yaxınlarda baş redaktor ailəsini ölkədən çıxarmağa məcbur olub və s. Amma tam məhv etmirlər, yaşamağa qoyurlar. Izah etdim ki, Azərbaycanda özünəməxsus siyasi sistem formalaşıb. Hökumət anlayıb və razılaşıb ki, burada “Azadlıq” qəzeti olmalıdır.
Gültəkin