Azərbaycan hakimiyyəti Tehrandan gələn sensasiyalı bəyanata münasibət bildirmədi
Iranlı ayətullah Məhəmməd Cavad Lənkərani yazıçı Rafiq Tağının qətlə yetirilməsini alqışlayıb. Ayətullah rəsmi saytında yerləşdirilən bəyanatında Azərbaycan xalqına müraciət edərək deyir: “Qəhhar Allaha şükür edirik ki, onun intiqam əli qeyrətli müsəlmanlar arasından aşkar oldu və Islam müqəddəsliklərini, Allahın Rəsulunu (s) təhqir etmiş xəbis bir fərdi cəhənnəmə yola saldı.
Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq.
Islamın düşmənləri bilsinlər ki, azad müsəlmanlar və qeyrətli gənclər Islam müqəddəsliklərinin aşağılanmasına, dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaq. Mən dünya müsəlmanlarını, ilk növbədə Azərbaycan xalqını təbrik edirəm, bu mürtəd şəxsin cəzalandırılması barədə hökm çıxarmış böyük şiə mərcə alimi Ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutur, ona Allah-Taaladan uca məqam arzulayıram” (tərcümə: haqqyolu.com).
Məhəmməd Cavad Lənkərani Rafiq Tağının 2006-cı ildə yazdığı “Avropa və biz” məqaləsinə görə yazıçının öldürülməsi barədə fətva verən ayətullah Məhəmməd Fazil Lənkəraninin oğludur. Həmin məqalədə Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilirdi.
Məhəmməd Cavad Lənkərani rəsmi şəxs olmasa da, hökumətə yaxın ayətullah hesab edilir. Iranın dini elitasının tanınmış simalarından sayılan Məhəmməd Cavad Lənkəraninin bəyanatı əslində rəsmi Tehranın mövqeyi kimi başa düşülə bilər. Iran rəsmilərinin də bu bəyanatı sükutla qarşılaması Rafiq Tağının qətlilə bağlı sifarişin Tehrandan gəlməsi barədə ehtimalları gücləndirir.
Azərbaycan rəsmiləri də iranlı ayətullahın bəyanatına münasibət bildirməkdə tələsmir. Ekspertlər hesab edir ki, rəsmi Bakının sükutu Iranla onsuz da gərgin olan münasibətlərin qarşıdurma müstəvisinə keçməsindən ehtiyat etməsi ilə bağlıdır. Görünür, Azərbaycan rəsmiləri ən yaxşı halda Iranın bu bəyanatı təkzib edəcəyini, ən pis halda isə bunun rəsmi Tehranın mövqeyi olmadığını deyəcəyini gözləyir.
Bununla belə, ekspertlər düşünür ki, Bakı bu bəyanata mövqeyini bildirməlidir. Ayətullahın bəyanatı Iranın rəsmi mövqeyi olmasa belə, bu fakt Rafiq Tağının qətlində Tehran izinin ciddi araşdırılması üçün kifayət qədər yetərlidir.
Tanınmış vəkil Aslan Ismayılovun fikrincə, Azərbaycan hökuməti bu bəyanatla bağlı Iran rəsmilərindən izahat tələb etməlidir: “Bu bəyanatı verən sıravi bir şəxs deyil, Iran dini elitasına daxildir və deməli, Islam respublikasının yarım-rəsmi şəxsidir. Ona görə də Azərbaycan bu bəyanatla bağlı Irana nota verib, bu ölkədən izahat tələb etməlidir”.
Vəkil, həmçinin hesab edir ki, Rafiq Tağının qətli ilə bağlı istintaq yalnız bir versiyanın üzərində işləməməlidir: “Təcrübə göstərir ki, bir versiya üzərində işləmək bəzən yanlış nəticələrə gətirib çıxarır. Bu baxımdan istintaq bütün versiyaları, o cümlədən ”din versiyasını” ciddi araşdırmalıdır”.
Maraqlıdır ki, Rafiq Tağı ilə bütün bu olaylar noyabr ayına təsadüf edir. Yazıçının qalmaqallı “Avropa və biz” məqaləsi 2006-cı il noyabrın 1-də “Sənət qəzeti”ndə dərc olunub.
Həmin il noyabrın 22-də iranlı ayətullah Mürtəza Bani Fəzl Rafiq Tağının ölümünə fətva verib. Noyabrın 30-da daha bir iranlı ayətullah – Məhəmməd Fazil Lənkərani yazıçıya ölüm hökmü çıxarıb.
2011-ci il noyabrın 19-da Rafiq Tağı Bakıda bıçaqlanıb. Noyabrın 23-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Noyabrın 27-də Məhəmməd Cavad Lənkərani onun qətlini alqışlayıb.
Informasiya şöbəsi