Mehdiyevin Moskva səfərinin daha bir gizlini

PA rəhbəri Rüstəm Ibrahimbəyovun onu ifşa edəcək çıxışından ehtiyat edirmiş

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Moskva səfərinin daha bir pərdəarxası məqamı üzə çıxıb. Xatırladaq ki, Ramiz Mehdiyev Moskvaya səfər edərkən bu barədə ictimaiyyətə məlumat verilməmişdi. “Azadlıq” bu barədə məlumat verərək Ramiz Mehdiyevin Moskva səfərinin məxfi xarakter daşıdığını yazmışdı. Həmin məlumatda Ramiz Mehdiyevin Moskva səfərində NABUCCO layihəsinin əsas müzakirə mövzusu ola biləcəyi də vurğulanmışdı.
Qəzetimiz PA rəhbərinin məxfi şəkildə Moskvaya getdiyini yazdıqdan sonra hökumət səfər barədə geniş məlumat verməyə məcbur oldu. Bəlli oldu ki, Ramiz Mehdiyev Kremldə rusiyalı həmkarı Narışkinlə görüşüb. Eyni zamanda Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) Qurultayına qatılıb. PA rəhbərinin səfərinin daha bir pərdəarxası məqamı da bu qurultayla bağlıdır.
Bəllidir ki, Ramiz Mehdiyev diaspora tədbirlərinə bir o qədər də maraq göstərmir. Lakin PA rəhbəri bu dəfə Moskvaya həm də ÜAK-ın qurultayına qatılmaq üçün gedib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Ramiz Mehdiyevin qurultayda şəxsən iştirak etməsinin səbəbi ÜAK-ın vitse-prezidenti, tanınmış dramaturq Rüstəm Ibrahimbəyovun tədbirə qatılmasının qarşısını almaq olub. Ramiz Mehdiyevdə belə bir məlumat olub ki, onunla konfliktdə olan və həm də Ziyalılar Forumunun yaradıcısı kimi tanınan Rüstəm Ibrahimbəyovun qurultayda arzuolunmaz çıxışı gözlənilir. Bu baxımdan PA rəhbəri şəxsən ÜAK-ın qurultayını nəzarətə götürməklə Rüstəm Ibrahimbəyovun orada iştirakını əngəlləyib. Tədbirə buraxılmayanlardan biri də ÜAK Rəyasət Heyətinin üzvü və vitse-prezident, Sankt-Peterburq Azərbaycan icmasının lideri Vaqif Məmişovdur. O, bu ilin martında Sankt-Peterburqdakı Azərbaycan konsulu ilə başladığı “müharibəyə” görə hakimiyyətin protokol siyahısından çıxarılıb, hətta Azərbaycana girişinə yasaq qoyulub.

Informasiya şöbəsi