Güləş Federasiyası “1 milyonluq transfer” xəbərinə reaksiya verdi

Azərbaycan Güləş Federasiyası (AGF) türkiyəli güləşçi Rza Kayaalpa 1 milyon dollar təklif etməsi haqda xəbəri təkzib edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, federasiyanın baş katibi Əjdər Cəfərov Kayaalpa ehtiyaclarının olmadığını bildirib: “Yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində mübarizə aparan türk güləşçi Rza Kayaalpa Azərbaycan Güləş Federasiyası tərəfindən 1 milyon dollarlıq təklif edilməsi barədə mətbuatda yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur. Yığma komandamızda ölkəmizi 120 kq-da təmsil edən bir neçə idmançı var və hal-hazırda nə Rza Kayaalpa, nə də başqa bir idmançını transfer etmək fikrimiz yoxdur”.

Qeyd edək ki, Türkiyə mətbuatında yayılan xəbərə görə, AGF tərəfindən 120 kq çəkidə son dünya çempionu Rza Kayaalpa 1 milyon dollar qarşılığında ölkəmiz adından çıxış etmək təklifi edilib və adı çəkilən güləşçi bundan imtina edib.