guardian

“Guardian” Rafiq Tağının qətlində hakimiyyəti ittiham etdi

“Sui-qəsddə dövlət agentlərinin iştirakını istisna etmək olmaz”

“Tağı diktatura hakimiyyətində azad adam kimi yazırdı…”

 

Britaniyada dərc olunan “The Guardian” qəzetinin həftəsonu buraxılışı “The Observer”də yazıçı Rafiq Tağının öldürülməsilə bağlı yazı dərc olunub. “Yaxşı adamın ölümünə qulaqbatırıcı sükut” adlı məqaləsində müəllif Nik Koen yazır: “Rafiq Tağının ölümü Qərbin dini ekstremizm qarşısında qorxaqlığını aşkar etdi”.
Məqaləni ixtisarla dərc edirik:

***

“Beynəlxalq cəmiyyət” Rafiq Tağının ölümünə kədər nümayiş etdirmədi. Naməlum ağciyər onu arxadan vurdu, sonra qaçdı…
“O, çox həyəcanlı idi və heç bir söz demədi” – Tağı, ölümündən əvvəl bunları söylədi.
“Index on Censorship” həyəcan təbili çalmağa çalışdı. Amma Tağının qatili siyasi yox, dini tiranlığın dəstəkçisi olduğundan, 61 yaşlı Azərbaycan jurnalisti və ədəbi tənqidçisinin ölümü demək olar ki, şərhsiz ötüşdü.
Britaniyada heç kim onun nekroloqunu yazmayacaq, amma görək mən nə edə bilirəm.
Tağı bütün formalarda təzyiqin düşməni idi. O, Azərbaycanın neft və qaz ehtiyatlarına görə dünya hökumətlərinin sevimlisinə çevrilən dünyəvi diktaturasına qarşı çıxırdı. Əliyev hökuməti ölkəni öz mülkiyyətinə çevirib. Kommunizmin dağılmasından sonra hakimiyyəti ələ keçirmiş keçmiş “KQB” zabitinin oğlu Ilham Əliyev indi onu idarə edir. Qərblilər bu barədə ingilisdilli “Bakı” jurnalından öyrənirlər. Jurnalda rejimin müxalifətə təzyiqlərindən heç nə danışılmır. Bu jurnal “Transparency International” təşkilatının dünya korrupsiya indeksində Azərbaycanı 178 ölkədən 134-cü yerə qoyması və Amerika diplomatlarının ölkə rəhbərlərilə cinayətkar “Corleone” ailəsi arasında müqayisə aparmasına gətirib çıxaran pula hərislikdən də söz açmır. “Bakı”nın redaktorunun Ilham Əliyevin qızı Leyla Əliyeva olduğunu öyrənəndə, bütün bu faktları “nəzərdən qaçırması” o qədər də təəccüblü görünmür.
Tağı, həmçinin dini əsarətə müxalif idi. Onun dini düşmənləri bunu bilirdi və ona edam hökmü kəsmişdi.
Iranlılar, ya da yerli islamçılar, çox güman ki, onun ölümünü təşkil ediblər. Tağı diktatura hakimiyyətində qorxacaq bir şeyi olmayan azad adam kimi yazırdı və danışırdı, amma dövlət agentlərinin sui-qəsddə iştirakını da istisna etmək olmaz.
Liberal azərbaycanlı yazar Emin Milli mənə dedi ki, Tağı dövlət xəstəxanasında yaralarından müalicə olunurdu və sonra vəziyyət pisləşdi. O, bunun necə baş verdiyini bilmək istəyir. O, yeganə “cinayəti” düşündüklərini dilə gətirmək olan bu yazıçının ölümü ilə qərblilərin maraqlanmamasına da şübhəli baxır. O, “BBC”yə, qəzetlərə, ağlına gələn hər kəsə müraciət edib. Amma “Index on Censorship”dən başqa heç kəs maraqlanmayıb.
“Niyə veclərinə deyil?” – mən izah etməyə çalışdım ki, Avropa Tağının təsəvvür etdiyi qədər cəsur qitə deyil. O, siyasi təzyiq qurbanlarını müdafiə edər, dini təzyiq qurbanlarını isə yox. Liberal qərblilər siyasi avtoritarlıqla mübarizədə etibarlı müttəfiqlərdir, amma dini avtoritarlıqla mübarizədə, yox.