Adil İsmayılov: «Istəyirəm, bunların da işinə gələcəkdə elə indiki müstəntiqlər, hakimlər baxsın ki, yaratdıqları sistemin dadını görsünlər»
«Bu cür idarəçilik gec-tez qarşıdurma ilə nəticələnəcək»
Ölkədə hökm sürən özbaşınalığın, ədalətsizliyin ən əsas şahidlərindən biri vəkillərdir. Çünki onlar peşə fəaliyyətilə əlaqədar hər gün məmur özbaşınalığı, məhkəmə ədalətsizliyilə üzləşirlər, qanunların necə ayaqlar altına atıldığını görürlər. Amma çox təəssüf ki, bu vəkillərin də çox az qismi hüquq müstəvisində və bütövlükdə ölkədəki hüquqsuzluğa, ədalətsizliyə etirazını bildirir. Zaman-zaman ən müxtəlif mövzularda söhbətləşdiyimiz tanınmış vəkil Adil Ismayılovla budəfəki müsahibəyə son vaxtlar ölkənin ziyalı kəsiminin fəallaşması məsələsindən başladıq:
– Əslində, danışan ziyalılar həmişə sözünü deyib, sadəcə, bu siyahıya müəyyən qədər susan ziyalılar da qoşulub. Həqiqəti dilə gətirmək üçün mütləq hansısa qurumun üzvü olmaq vacib deyil. Ziyalılar Forumunda səslənən fikirlər dəfələrlə müxtəlif auditoriyalarda, müxtəlif adamlar tərəfindən deyilib. Amma bu fikirlərin forumda səslənməsi ona görə əks-səda yaratdı ki, orada danışanların bəzisini cəmiyyət ya heç, ya da uzun müddət idi ki, eşitməmişdi. Çoxdandır susan, ictimaiyyət arasında nüfuzu olan şəxslərin danışması təqdirəlayiq haldır. Hesab edirəm ki, açıq fikirli insanların hansısa təşkilatda toplaşması vacibdir. Çünki bir var nəyisə tək-tək fərdlər desin, bir də var, böyük bir qrup. Adamlar bir yerdə olanda onların səsi daha yüksək səslənir və daha çox eşidilir.
– Sizcə, indiki addım bir qədər əvvəl atılsaydı, indiyə qədər müəyyən nəticə əldə etmək olmazdımı?
– Istənilən halda, gec deyil. Mütləq nə vaxtsa olmalıydı. Müəyyən dönəmlərdə cəmiyyətdə bir canlanma, bir gözlənti olur. Bu zaman danışanların sayı artdığından səs daha çox eşidilir. Bayaq dediyim kimi, müəyyən adamlar var ki, həmişə danışırdılar, bəziləri nəyisə gözləyirlər. Istənilən halda, adamlar fikirlərini ifadə eləyirlərsə, bu, müsbət haldır.
– Ziyalıların fəallaşması prosesinə təkan verən amillərdən biri də Rafiq Əliyevə qarşı təzyiqlərlə bağlı oldu…
– Ziyalı insanlar bir yerə toplaşıb fikirlərini dilə gətirdilər və dərhal da onlara qarşı təzyiqlər başladı. Rafiq Əliyevlə bağlı məsələ aydındır, qəzetlərdən oxudum ki, Şahlar Əsgərovun oğlunu Prezident Administrasiyasından işdən çıxarıblar, Aslan Ismayılova Vəkillər Kollegiyasında töhmət verildi… Yəni, açıq-aşkar bu adamlara qarşı dözümsüzlük nümayiş etdirilir. Dövləti idarə eləyənlər düşünür ki, bu qrupun ətrafına getdikcə daha çox adam toplaşa bilər və öz aləmlərində onları qorxutmaq üçün müxtəlif addımlar atmağa başlayırlar. Bu da əks effekt verir. Çünki müəyyən bir mərhələdən sonra insan qorxu hissini itirir. Yivləri sıxdıqca müəyyən bir həddən sonra o sınır. Adamları sıxmağın da bir həddi var.
– Belə çıxır ki, artıq ziyalı kəsimilə bağlı “yivlər sınıb”?
– Insan bəzən gözləyir-gözləyir, amma gözləntiləri özünü doğrultmur. Adamların da susmaq limiti var, o tükənəndə artıq vəziyyət başqa cür olur. Mən Rafiq Əliyevi yaxından tanımıram, amma onunla bağlı oxuduqlarımdan sonra məndə belə bir sual yaranır ki, bu adam niyə indiyə qədər Akademiyanın həqiqi üzvü deyil?
Adamda belə bir fikir yaranır ki, adamlar o qədər bir yerə toplaşıb müzakirələr aparmayıblar ki, bir Forumun toplantısından belə təlaş yaranıb. Tutaq ki, Rafiq Əliyevlə bağlı problem varsa, bu niyə Akademiyada müzakirə olunmur? Yəqin, akademiklər vaxtaşırı bir yerə toplaşsaydılar, Rafiq Əliyev öz sözünü deyərdi, onun əleyhinə yazan o biri Əliyevlər də öz sözünü deyərdi. Və yaxud mən dəfələrlə müsahibələrimdə məhkəmələrdə baş verən problemləri dilə gətirmişəm. Axı məhkəmə problemini mən niyə “Azadlıq”ın səhifələrində müzakirə eləməliyəm? Bu problemin müzakirə olunacağı yer tamam başqadır. Amma buna imkan verilmədiyindən məcbur oluruq, qəzetlərdə müzakirə edək ki, niyə məhkəmə belə ədalətsiz qərar çıxardı, niyə prokuror belə elədi və s. Məhkəmədə bu gün bəzən sual verməyə belə, imkan vermirlər. Bu yaxınlarda məhkəmə proseslərinin birində hakim vəkilin sözünü kəsib ki, bura çəkişmə yeri deyil. Halbuki, qanuna görə, məhkəmə məhz çəkişmə yeridir.
2005-ci ildə akademik Eldar Salayev həbs olundu. O zaman Eldar Salayevi kim müdafiə elədi? Şəxsən mən həmin vaxt deputatlığa namizəd kimi ANS-in efirində çıxışım zamanı da dövlət başçısına müraciət edərək bildirdim ki, Eldar Salayev kimi adamları həbs eləmək olmaz.
Yaxud da Əli Insanovla bağlı məsələ. Əli Insanovun yaxşı və ya pis adam olduğu müzakirə mövzusu deyil. Əli Insanovu Akademiyanın üzvlüyündən çıxarmağa nə ehtiyac vardı? Deyirsiniz ki, ziyalıların susqunluğuna son qoyulub. Belədirsə, niyə şəxsən mənim də çox hörmət etdiyim bəzi akademiklərimiz danışmır? Başa düşmürlər ki, bu gün başqasının başına gətirilənləri görüb susduqca, sabah da özü eyni aqibətlə üzləşəcək.
– Bu gün ziyalı kimi, Sizi narahat edən cəmiyyətin ən ciddi problemləri nədən ibarətdir?
– Bəla ondadır ki, bu gün cəmiyyətin bir hissəsi ümumiyyətlə, danışmır. Bir hissəsi gördüyünü danışır. Bir hissə də var ki, bilə-bilə ağa qara deyir. Hesab edirəm ki, nə baş verdiyini anlayan, amma hələ ki, danışmayan hissə çoxluq təşkil edir. Bəzən hakimiyyət təmsilçilərindən belə fikirlər eşidirik ki, bizim müxalifətin qətiyyən dəstəyi yoxdur, aksiyalara adam çıxara bilmirlər və s. Mən əminəm ki, sərbəst toplaşmağa imkan verilsə, adamlar etirazını ifadə etdiyinə görə özünün və ya yaxınlarının həbs olunmayacağına, işdən çıxarılmayacağına və s. əmin olsa, bu gün susan minlərlə adamın hamısı sözünü deyəcək.
Açıq şəkildə dilə gətirib-gətirməməyindən asılı olmayaraq, bu gün cəmiyyətin az-çox düşünə bilən kəsiminin böyük əksəriyyəti belə hesab edir və mən də o fikirdəyəm ki, bu cür idarəçiliyin sonu yoxdur. Bu cür idarəçiliklə özləri öz sonlarını yaxınlaşdırırlar. Amma bu prosesin sonu necə qurtaracaq? Gec-tez bu, qarşıdurma ilə nəticələnəcək. Bunun qarşısını almaq lazımdır.
– Islahatlar gözləyirsiniz?
– Birmənalı şəkildə xeyr. Istəyirəm, amma mən istəməklə deyil axı. Heç bir islahat olmayacaq, mümkün deyil.
– Niyə?
– Bizim dostlarımızdan biri deyir ki, prezident növbədənkənar parlament seçkisi təyin eləsin və parlamenti xalqın formalaşdırmasına imkan versin. Sonra da prezident həmin o parlamentlə birgə çalışsın. Əlbəttə ki, bu mümkün deyil. Çünki parlamenti xalq formalaşdırsa, həmin o 125 deputatın müzakirə edəcəyi birinci məsələ məhz prezidentin istefası olacaq. Prezident bu nəticəni bilə-bilə təbii ki, buna getməyəcək. Bu hakimiyyətdə olanlar yalnız hakimiyyətlərini qorumaq haqqında düşünürlər.
Vaxtilə bu hakimiyyətdə təmsil olunmuş, yüksək postlar tutmuş bir xeyli adamın vəkili olmuşam. Onların heç biri hakimiyyətin irəli çəkdiyi, etimad göstərdiyi vəkillərə müraciət etmirlər. Bilirsiniz niyə müraciət etmirlər? Çünki inanmırlar. Bu fikrimi izah edəcəyəm. Azərbaycanda bu gün ədalətli məhkəmə sistemi, müstəqil hakimlər yoxdur. Yəni, hakimiyyətdə olub sonradan həbs olunan adamları elə öz vaxtlarında sifarişli hökmlər çıxarmış, qanunsuz qərarlar vermiş məhkəmələr, hakimlər mühakimə edir. Onların müstəntiqləri də, prokurorları da elə özlərinin vəzifədə olduğu vaxtlarda həmin sistemdə çalışanlar olur. Amma vəkili seçə bilirlər. Mən istəməzdim ki, (yəqin ki, bu elə belə də olacaq) indi hakimiyyətdə olanları ürəkdən arzu etdiyimiz və gec-tez formalaşacaq ədalətli məhkəmə sistemi mühakimə eləsin. Istəyirəm ki, nə vaxtsa bunların da işinə elə indiki müstəntiqlər, prokurorlar, hakimlər baxsın, onları elə özlərinin hər əmrə müntəzir olan, müstəntiqin, prokurorun, hakimin hər sözünə qol çəkən vəkilləri müdafiə eləsin ki, qoy özləri yaratdıqları sistemin dadını görsünlər. Bilsinlər ki, bu camaat nə çəkirdi.
– Müdafiə etdiyiniz keçmiş məmurlar adətən daha çox nədən gileylənirlər? Ümumiyyətlə, bu idarəçiliklə bağlı nə düşünürlər?
– Ən müxtəlif məsələlərlə bağlı deyirlər ki, axı bu niyə belə olmalıdır? Bunun bir cavabı var: hakimiyyətdə idiniz də, niyə dəyişməyə cəhd göstərmədiniz? Yaxud, şikayətlənirlər ki, belə də istintaq-məhkəmə olar, belə də türmə olar? Bəs vaxtında niyə bunu demirdiniz?
O ki qaldı idarəçilik məsələsinə, təbii ki, həbsxanaya düşəndən sonra məsələyə tamam əks istiqamətdən yanaşırlar. Bəzi hakimlər, prokuror və müstəntiqlər var ki, insanı həbs etməyə çox xırda məsələ kimi baxırlar ki, “nə var burda”?
Necə yəni, “nə var burda”? Həbsxanada 1 gün, 1 ay, 1 il qalmağın nə demək olduğunu ancaq ora düşən adamlar bilir. Ona görə bəzən yoldaşlarla söhbətlərdə zarafatyana təklif eləyirəm ki, bu müstəntiqləri, prokurorları, hakimləri vəzifəyə təyin eləməmişdən əvvəl bir həftə təcridxanada saxlamaq lazımdır ki, real mənzərə onlara aydın olsun.
– Bir qədər əvvəl qeyd elədiniz ki, cəmiyyətdə çoxluq narazıdır, sadəcə, qorxudan susur. Axı baş verənlər də artıq dözülməz vəziyyət yaradıb…
– Bu yaxınlarda bir bank işilə bağlı məhkəmədə vəkil kimi iştirak edirdim. Iş üzrə 120-yə qədər zərərçəkmiş var idi, onlardan yalnız 20-si axıra qədər getdi. Çünki qalan 100 nəfərin bir hissəsi məhkəmələrə inanmırdı, qalan hissəsi fikirləşirdi ki, niyə başımı ağrıdım, o 20 zərərçəkmişlə bağlı nə qərar qəbul olunsa, mənə də aid olacaq. Indi insanlar da fikirləşir ki, kimlərsə mübarizə aparır, nəticəsi olacaqsa, hə, mənim üçün də yaxşı olacaq.
– Yəni insanlar öz üzərlərinə düşən vəzifənin məsuliyyətini də başqasının boynuna qoyur…
– Böyük əksəriyyətin qapısını bu cəmiyyətdə baş verən ədalətsizlik, qanunsuzluq, özbaşınalıq döymədikcə səsini çıxarmır. Düşünmür ki, növbə ona da çatacaq. Artıq növbə ona çatanda danışmağa başlayır.
– Hakimiyyət təmsilçiləri iddia edirlər ki, Azərbaycandakı vəziyyəti üsyan baş vermiş ərəb ölkələrilə eyniləşdirmək düzgün deyil. Bəs siz necə düşünürsünüz?
– Rəsul Quliyevin bugünlərdə “Azadlıq”da dərc olunan yazılarında müəyyən rəqəmlər var idi ki, büdcə nə qədərdir, adambaşına düşən gəlir nə qədərdir, xarici borc nə qədərdir, hər il əhalinin nə qədər pulu mənimsənilir və s. Rəsul Quliyevin yazdıqlarından belə çıxır ki, bizdəki vəziyyət daha ağırdır. Görün hakimiyyətdən bir səs çıxdımı? Onun dediyi yalandırsa, qoy hakimiyyət təmsilçiləri çıxıb sadəcə sözlə yox, konkret faktlarla bunun əksini sübut eləsinlər.
Onların tez-tez səsləndirdiyi fikirlərdən biri də budur ki, hakimiyyət güclüdür, müxalifət zəifdir. Yaxşı, qəbul eləyək. Əgər güclüsənsə, nə istəsən eləməlisən? Bu məsələ mənim yadıma Cırtdanın nağılını salır. Orada Div də güclü olur, amma sonda Cırtdan onu aldadıb quyuya salır.
– Ziyalıların fəallaşması ciddi nəticə verəcəkmi?
– Ziyalılar fəallaşmaqla yanaşı, qarşı tərəf də əks prosesə başlayıb, bir hissəsini aldatmaqla, bir hissəsini şirnikləndirməklə onlara qarşı danışdırır. Yəni, hər iki tərəfdən danışmayanlar da danışmağa başlayıb. Bununla da bütövlükdə cəmiyyət fəallaşıb. Ən əsas məsələ və ən böyük fayda da budur.
Düşünürəm ki, yaxın vaxtlarda Azərbaycanda müəyyən hadisələrin şahidi olacağıq. Baş verənlərin analizi onu deməyə əsas verir. Dediklərimə əmin olmaq üçün son günlərdə baş verən hadisələrə diqqət yetirmək kifayətdir.
– Yeri gəlmişkən, Rafiq Tağının qətlinin motivi və qatillərin kimliyilə bağlı peşəkar hüquqnüşas kimi Siz hansı fikirdəsiniz?
– Həmişəki kimi, yenə də dəqiq bilmədiyim bir şeydən danışmaq istəməzdim. Amma görünən budur ki, onun ölümündə iqtidarı suçlayanlar heç də haqsız deyil. Ən azından xəstəxanada onun həyatını qorumaq hakimiyyətdə olanların borcu idi. Indi isə heç olmasa, qatilləri tapmaqla günahlarını azacıq da olsa, azaltmaq barədə düşünsələr, yaxşı olar.
– Bugünlərdə Siyavuş Novruzov bildirib ki, Elmar Hüseynovun qətlini xarici dövlətin xüsusi xidmət orqanları ölkədə qarışıqlıq yaratmaq məqsədilə təşkil edib. Həmin dövlətin təzyiqilə Gürcüstan qatilləri Azərbaycana təhvil vermir. Sizcə bu fikir nə dərəcədə əsaslıdır?
– Siyavuş Novruzov deputatdı və nə dediyinin fərqindədi. Yəqin ki, onda bu barədə məlumatlar var… Mənim fikrim belədir ki, hər iki qətlə görə birinci növbədə məsuliyyət iqtidarın üzərinə düşür, yenə də ən azı, bu qətllərin açılmaması və qatillərin həbs edilməməsinə görə. Qaldı bu qətllərdə xarici qüvvələrin iştirakına, mən bunu istisna etməzdim, amma bir şərtlə ki, bu, eyni xarici qüvvə deyil. Elmar Hüseynovun qatillərinin Azərbaycana verilməməsinə gəlincə, bildiyim qədər bu qatilləri heç istəyən də yoxdur.
Aytən Məmmədova