Avropanın 54 telekanalanın rəhbəri Azərbaycana gəlir

Onlar «Qeyri-azad ölkədə azad musiqi» kampaniyasının təşkilatçıları ilə görüşəcəklər

2012-ci ilin mart ayında Avropanın 54 telekanalanın rəhbəri “Eurovision” mahnı yarışması ilə bağlı Azərbaycana gələcək. Bunu, bugünlərdə ABŞ-da səfərdə olan jurnalist Eynulla Fətullayevə həmin kanallardan birinin – Almaniyanın 2DV televiziyasının xarici əlaqələr departamentinin rəhbəri  Frank Dieter deyib.
F.Dieter eyni zamanda “Eurovision”un Təşkilat Komitəsinin üzvlərindən biridir: “Azərbaycana gəlib ”Eurovision”un hazırlıq mərhələsi ilə tanış olacaqlar. Həmçinin ölkədə insan haqları və demokratiyanın vəziyyətini öyrənəcəklər. Onlar Azərbaycanda bəzi yerli hüquq-müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının yaratdığı “Qeyri-azad ölkədə azad musiqi” kampaniyasından xəbərdardılar. Bu kampaniyanın müəlliflərinin yarışmanın təşkilatçılarına göndərdiyi məktubları oxuyublar. Dedilər, 2008-də Çində keçirilən Olimpiada zamanı Çin hökuməti Beynəlxalq Olimpiya Komitəsinə vəd vermişdi ki, yarışdan əvvəl və ya sonra həbsdə olan jurnalistlər azad olunacaq. Lakin sonradan Çin hökuməti vədinə xilaf çıxdı. Indi ehtiyat edirlər ki, Azərbaycan hökuməti də bu istiqamətdə əməkdaşlığa getməyəcək. Mən bildirdim ki, böyük dəyişikliklər gözləməyə dəyməz, amma hökumətə kiçik xahişlər ünvanlamaq olar. Ən azı, bəzi məhbusları azadlığa buraxa bilərlər”.
E.Fətullayevin sözlərinə görə, təşkilatçılar yanvar və mart aylarında Bakıya gələrək “Qeyri-azad ölkədə azad musiqi” kampaniyasının müəllifləri ilə görüşmək istəyirlər: “Ideyaları belədir ki, Azərbaycanda insan haqları və demokratiya ilə bağlı problemlər həmin kanalların efirində yayımlansın. Bunu bir təsir vasitəsi hesab edirlər”.

Gültəkin