Hakimiyyətin təhvil verilməsilə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Yəmənin paytaxtı Sənada təhlükəsizlik qüvvələrilə silahı birləşmələr arasında qarşıdurmalar olub. Hərbi Nazirliyin rəsmisi hər iki tərəfdən ölən və yaralananların olduğunu açıqlayıb.
Rəsmilər əlavə edib ki, qarşıdurma Əli Abdulla Salehin qardaşı oğlunun əmrindəki təhlükəsizlik qüvvələri ilə müxalifətin tərəfinə keçən birinci alayın döyüşçüləri arasında olub.
Qeyd edək ki, Sənadakı son atışmalar Əli Abdulla Salehin hakimiyyəti təhvil verməsilə bağlı sənədi imzalamasından sonra baş verib. Lakin etirazçılar bildiriblər ki, Salehin hakimiyyətdən getməsi onların tələblərini tam ödəmir. Çünki hakimiyyətin əsas aparıcı vəzifələri, həmçinin, hərbi nazirlik Salehin qohumları və dostlarının əllərindədir.
“Əl-Cəzirə”nin xüsusi müxbiri xəbər verib ki, nümayişlər başlanğıcda sakit məcrada keçsə də, sonradan şəhərin müxtəlif yerlərində toqquşmalar baş verib.
Bu arada, Taiz şəhərində də etirazlar olub. Taizdə baş verən iğtişaşlarda isə ölən və ya yaralananların olmadığı bildirilir.
Xatırladaq ki, razılaşmaya görə, Saleh növbəti seçki keçirilənədək 90 gün ərzində hakimiyyəti təhvil verməlidir. “Associated Press” xəbər verir ki, razılaşmanı imzalayan müxalifət tərəfi Məhəmməd Bəsindvanı baş nazir seçib. Qeyd edək ki, Bəsindva indiyə qədər Saleh hökumətində xarici işlər və informasiya naziri kimi vəzifələri tutub.