Vergilər naziri Türkiyədən 1 milyona güləşçi alır

Dünya çempionu Rıza Kayaalp Fazil Məmmədovun təklifini rədd edib

Azərbaycanda oliqarxların və nazirlərin başçılıq etdiyi idman növləri federasiyalarının xarici ölkələrdən rekord qiymətlərə idmançı alıb “milliləşdirmək” ənənələri davam edir. Türkiyə mediasının xəbərlərinə görə, bu dəfə Azərbaycan Güləş Federasiyası dünya və Avropa çempionu titullarını daşıyan Türkiyə milli güləşçisi Rıza Kayaalpa müştəri düşüb. Ona təklif edilib ki, 1 milyon dollar müqabilində Azərbaycan vətəndaşlığına keçsin və ölkənin güləş üzrə milli yığma komandasının tərkibində çıxış etsin. Super ağır çəkidə çempionluq titulları qazanan 22 yaşlı güləşçi “Anadolu Ajansa” verdiyi açıqlamada bu barədə bildirib.

“Azərbaycan milli komandasından 1 milyon dollar təklifi gəldi. Lakin mən təklifi qəbul etmədiyimi onlara çatdırdım. Mənim üçün önəmli olan pul deyil, Türkiyə bayrağıdır” deyə idmançı bildirib. Hazırda Azərbaycanın güləş üzrə milli yığma komandasını türk məşqçilər çalışdırır. Rıza Kayaalp deyib ki, türk məşqçilərdən əvvəl də ona Azərbaycandan bu cür təklif gəlmişdi. “Mənə deyirlər ki, nə zaman istəsən qapı açıqdır, milli komandaya dəvət ediblər, 1 milyon dollar transfer haqqı və ayda 15 min dollar maaş verəcəklərini deyiblər. İstəyirlər ki, Azərbaycan vətəndaşlığını qəbul edib. Lakin mən hər zaman olduğu kimi türk bayrağını, türk millətini düşünürəm. Türkiyədə bu pulun yarısını qazansam da mənə öz ölkəmin bayrağı altında yarışmaq şərəflidir”.

Rıza Kayaalp

Azərbaycanda Güləş Federasiyasına hazırda vergilər naziri Fazil Məmmədov başçılıq edir. Bundan əvvəl federasiyaya baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edirdi. Bir qayda olaraq oliqarx-nazirlər başçılıq etdikləri idman federasiyalarının və milli yığma komandaların əsas sponsorlarıdır. Yəni bu cür transferlər üçün ödənən pulları da “öz ciblərindən” verirlər. Lakin göründüyü kimi, idmanda heç də hamı azərbaycanlı məmurlar kimi düşünmür, başqa ölkənin vətəndaşını yüz minlərlə, milyonlarla dollar ödəməklə satın alıb familiyalarını “milliləşdirməklə” idmanda uğur qazanmaq cəhdlərinin boşa çıxdığı vaxtlar da olur. Xatırladaq ki, Azərbaycan indiyədək Koreyadan otüstü xokkeyçilər, Bolqarıstandan fiqurlu konkisürənlər, Dağıstandan boksçular, Çexiya, Latviya və digər ölkələrdən qadın voleybolçular alaraq “milliləşdirib”.

“Yeni Müsavat”