Öcalanın PKK-çılara gizli məktubu açıqlandı

Terrorçuların lideri silahlılara aktiv mübarizəyə keçməyi əmr edir

Imralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalan vəkilləri vasitəsilə rəhbərlik etdiyi təşkilatın fəallarına yazılı əmrlər göndərib. Öcalanın öz əlilə yazdığı orijinal məktub bir müddət əvvəl Türkiyə mediasının əlinə keçib.
Yayılan məlumatlara görə, 10 səhifəlik həmin məktubun bir neçə nüsxəsi hazırlandıqdan sonra PKK-nın rəhbərliyində təmsil olunanlara paylanıb. Məktub Siirt Pervari bölgəsində bu il avqustun 19-da türk əsgərlərilə silahlı qarşıdurma zamanı öldürülən PKK-nın Botan əyalət təmsilçisi “Zerdeşt” kod adlı Əli Gezerin cibindən çıxıb.
Öcalan qələmə aldığı 10 səhifəlik təlimat məktubunu vəkillərinə bu il iyulun 27-də təqdim edib. Bundan 23 gün sonra məktub təhlükəsizlik qüvvələrinin əlinə keçib.
Son Kürdüstan Cəmiyyətlər Birliyi (KCB) əməliyyatları çərçivəsində həbs olunan vəkillərin Öcalandan aldıqları təlimat məktubunu çoxaldaraq BDP və KCB rəhbərliyi vasitəsilə Kandil dağındakı PKK rəhbərliyinə çatdırıldığı vurğulanır. Məktubun başqa bir nüsxəsi isə PKK-ya yaxın olan ANF və “Roc TV” kimi media quruluşlarına çatdırılıb və bununla da ictimaiyyətin səhv istiqamətləndirilməsinə cəhd göstərildiyi deyilir.
PKK lideri məktubunda təşkilat fəalları və KCB rəhbərlərinə təlimatlar yağdırır, təşkilatın passiv vəziyyətdən çıxaraq aktiv fəaliyyətə keçməsini əmr edir: “Kandildəkilər də, BDP də hər addımda ”Biz xalqı tuta bilmirik, biz kütləni dayandıra bilmirik, kütləvi partlayış qaçılmazdır” deyirlər. Buraxın, partlayış baş verəcəksə, versin. Problem həll olunmasa, inqilabçı xalq özü döyüşə başlayar. Səni dəstəkləyən varsa, işini gör! Bu işi bacarmaq, bacarmamaq sizin öz işinizdir”.
Məktubda həmçinin “Sözün bitdiyi yerdəyik” ifadəsini işlədən Öcalan silahlı inqilabçı mübarizənin lazım olduğunu vurğulayıb.
Öcalanın məktubunda Türkiyə rəhbərliyinə də mesaj var: “Açıq şəkildə KCB-yə də, dövlətə də deyirəm: məndən ikinci əl kimi istifadə edə bilərlər. KCB də məndən istifadə edir. AKP iqtidarı da məndən istifadə edir. Hər iki tərəf də məndən ikinci əl kimi istifadə edir. Kandil dağındakılar da mənə ”yazdıqlarınızdan çox istifadə edirik, yolumuzu aydınlaşdırırsınız” deyir. Hər iki tərəf də məni idarə edir. Əslində, bu bir şantajdır. Hər iki tərəfin də məni maşa kimi istifadə etməsinə bu gündən etibarən son soyuram”.
Türkiyə mətbuatının yazdığına görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Öcalanın məktubunun təşkilat rəhbərlərinə çatırılması barədə məlumatladırıldıqdan sonra dövlət rəsmilərinin gizli toplantısı keçirilib. Baş nazir Ərdoğan və dövlətin digər rəhbər şəxslərinə Öcalanın PKK-ya göndərdiyi hərəkət planı təlimatının bütün detalları barədə ətraflı məlumat verilib. Öcalanın 10 səhifəlik məktubu tam araşdırıldıqdan sonra PKK və KCB-ya qarşı əməliyyatlara start verilib.

Informasiya şöbəsi