Zabit əsgərin ağzında dəftərçə yandırıb

Hafiz Bəşirov: «Bölük komandiri Rəşid Kərimov hər şeyi etiraf etdi…»

Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə vəhşilik baş verib. “Bolgexeber.com”un yaydığı məlumata görə, hərbi hissədə zabit öz əsgərini işgəncələrə məruz qoyub. Əsgər Anar Bəşirov atası Hafiz Bəşirova bölük komandirinin onu necə incitməsindən danışıb.
H.Bəşirovun sözlərinə görə, oğlu Ağsu Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilib: “Komandiri onu tez-tez incidirdi. Oğlum təzyiqlərə dözməyib, noyabrın 22-də mənə zəng vurdu. Ağlayaraq mənə dedi ki, onu incidirlər və vəhşicəsinə münasibət görür. Komandiri cib dəftərçəsini onun ağzına basaraq yandırıb”.
Övladının eşitdiklərinə dözməyən ata Tərtərdəki hərbi hissəyə gələrək bölük komandiri Rəşid Kərimovla görüşüb. Görüş zamanı komandir Rəşid Kərimov hər şeyi etiraf edib və bu halın bir daha təkrar olunmayacağını bildirib: “Mən evə gələn kimi oğlum yenə zəng elədi və daha da amansız şəkildə döyüldüyünü bildirdi”.
Əsgər atası aidiyyəti qurumlardan yardım istəyir, oğlunun başına gələnlərin araşdırılmasını və günahkarın cəzalandırılmasını tələb edir.

Ramin DEKO