“Xarici kəşfiyyatı günahlandırırlarsa, ad çəksinlər!”

Mehman Əliyev: «Gürcüstanın Elmarın qatillərini təhvil verməyə gücünün çatmaması cəfəngiyyatdır»

YAP icra katibinin müavini Siyavuş Novruzovun Elmar Hüseynovun qətli ilə bağlı son açıqlaması rezonans doğurub.  S.Novruzov bu qətllə bağlı indiyə qədər hakimiyyət nümayəndələrinin dilə gətirmədiyi bir məqamı açıqlayıb. O bildirib ki, Elmar Hüseynovun qətlində Azərbaycana aid heç bir məsələ yoxdur. Bu qətli rəngbərəng inqilabları reallaşdırmaq üçün cəmiyyətdə qarışıqlıq yaratmaq məqsədi güdən xarici kəşfiyyat orqanları həyata keçirib. “Elmar Hüseynovu öldürənlər niyə indiyə qədər Gürcüstan ərazisindədir, niyə onları Azərbaycana təhvil vermirlər?” sualına isə S.Novruzov belə cavab vermişdi: “Onları hansı dövlətin bilavasitə himayə etdiyi, saxladığı məlumdur. Heç Gürcüstanın da bu saat gücü çatmır. Cinayətkarlar elə yerdən himayə olunurlar ki, Gürcüstan onları Azərbaycana təhvil verə bilmir”.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Siyavuş Novruzovun dedikləri həqiqətdirsə, qoy, hökumət ortaya sübutlar qoysun: “Biz də bilək hansı xarici kəşfiyyatdı – Amerikanındı, Fransanındı, Ingiltərənindi? Buna əmin olmaq üçün təhqiqatın getdiyini görməliyik. Amma görmürük. Azərbaycan hökuməti işin açılması istiqamətində ciddi addımlar atmır. Məsələn, Rafiq Tağının xəstəxanada təhlükəsizliyi təmin olunmalı idi və o, ölməməli idi. Amma öldü. Bunu da xarici kəşfiyyat elədi?”.
Qatillərin Azərbaycan hökumətinə təhvil verilməməsi və Gürcüstan hökumətinin buna gücünün çatmamasına gəlincə, M.Əliyev bunu cəfəngiyyat adlandırıb: “Gürcüstan hökumətinin kifayət qədər gücü var. Özü istəməsə belə, beynəlxalq öhdəliklərə görə bunu edərdi. Biz Ruslan Bəşirli olayında da gördük ki, Azərbaycanın müvafiq orqanları Gürcüstanda necə işlədilər və Gürcüstan hökuməti buna necə göz yumdu. Deməli, bunlar istəyəndə nail olurlar. Gürcüstanla münasibətləri də çox yaxşıdır”.