“Saatım yoxsa dünyanın vaxtından geridir, anam?..”

«Saatsaz zövqverici bir peşədir…»

Bir zamanlar Bakının əsas simvollarından sayılan saat təmiri köşklərini indi nadir halda tapmaq olar. Zaman dəyişimi özü ilə bərabər yenilik və tərəqqi gətirdiyi kimi, qədim gözəl ənənələri də sıradan çıxarıb aparır. Paytaxtın keçmişini yaşadan kiçik sənətkarlıq dükanları və köşklərinin yoxa çıxması ilə birgə, köhnə sənətkarlar da unudulub gedir. Indi Bakıda yaşlı və orta nəslin yaxşı tanıdığı barmaqla sayılan belə peşə ustaları qalıb. Təbii ki, onlar qədim peşə və sənətlərə belə soyuq münasibətdən daha çox gileylidirlər.
Belə ustalardan biri məşhur saatsaz Rəhim Ağasıyevdir. Saatsazlığa 1979-cu ildən başlayıb və bu günədək də sevimli peşəsini davam etdirir. 1984-cü ildən isə özü açdığı saat təmiri köşkündə fəaliyyət göstərir: “Uzun illərdir saatsaz işləyirəm. Bu, həm əziyyətli və məsuliyyətli, həm də çox zövqverici bir peşədir. Bu sənəti dərindən öyrənmək və ona mükəmməl yiyələnmək üçün əl qabiliyyəti, bacarıq, səbr və insanlarla ünsiyyət qurmaq tələb olunur. Illər öncə mənim xeyli sayda şagirdim olub. Onları peşəkar saatsaz kimi yetişdirmişəm. Hazırda başqa-başqa yerlərdə saatsaz işləyirlər. Amma son illərdə yanımda şagird olmaq və bu sənəti öyrənmək üçün mənə müraciət edən kimsə olmayıb. Çünki gənclərimiz daha asan və daha rahat yolla pul qazanmaq istəyirlər. Etiraf edim ki, mən öz peşəmi doğma oğluma belə, öyrədə bilmirəm. Çünki övladım da digər gənclər kimi əziyyətə qatlaşmaqdan çəkindiyi üçün bu sənəti öyrənməyə maraq göstərmir”.
Usta Rəhim deyir ki, Bakı şəhərinin mərkəzi hissələrindəki saat təmiri köşklərinin bağlanmasının səbəbləri çoxdur: “Saatsazların əksəriyyəti dünyasını dəyişib. Gənclər də bu sənətə meyl göstərmirlər. Ona görə də, saatsazların və saat təmiri sexlərinin sayı ilbəil azalır. Bu, çox ürəkağrıdan faktdır. Azalmanın digər bir səbəbi də odur ki, əksər obyektlər icarəyə götürülüb və orada saatsazlar fəaliyyət göstərir. Amma təəssüf ki, son zamanlar icarə haqları xeyli artdığından, saatsazlar obyektləri icarəyə götürməkdən və işlətməkdən imtina edirlər. Bu səbəbdən də, paytaxtın mərkəzi ərazilərində bağlanan saat təmiri sexlərinin sayı xeyli artıb. Qalanları isə barmaqla sayılacaq qədər azdır. Amma sovetlər dönəmində az qala hər küçədə, hər döngədə, hər məhəllədə belə köşklərə rast gəlmək olardı”.
Ustalar üçün problem yaradan amillərdən biri də material çatışmazlığıdır. “Şəxsən mənim yanıma düzəltdirmək üçün müxtəlif çeşidli və ayrı-ayrı ölkələrin istehsalı olan saatlar gətirirlər. Zavod istehsalı olan materiallar olmayanda qeyri-zavod istehsallı, yəni özümün düzəltdiyim materiallardan istifadə etmək məcburiyyətində qalıram. Amma bu da həmişə olmur. Digər saatsazlar da mənim kimi belə problemlərlə çox üzləşirlər. Təbii ki, bu faktor da saat təmiri obyektlərinin gəlirlə işləməsinə və uzunömürlü olmasına mənfi təsirini göstərir”.
Ümumiyyətlə, mütəxəssislər düşünür ki, saatsazlar digər sahələrdəki əlaqədar konstruktorlarla ayaqlaşmalıdırlar. Onlar aviasiya, kosmik, hətta hərbi araşdırmaları da gözdən qoymamalıdırlar. Bunun nəticəsi ağlasığmaz texniki üstünlüklər qazanmaq deməkdir. Müasir saatsazlıq sənətində ən proqressiv materiallardan biri son illər böyük populyarlıq qazanmış kremniumdur. Kremnium poladdan üç dəfə yüngül, həm də ondan 60 faiz möhkəmdir, korroziyaya davamlıdır və maqnitləşmir. Kremniumun səthi çox hamar olduğundan bu hissələri yağlamaq lazım gəlmir. Kremniumdan əla dişli çarx, anker çarxları, işəsalma rıçaqları çıxır.
“Saatsazlıq artıq bir röyaya çevriləcək”
Saatsazlıq sənətinin ömrünün ilbəil azaldığını vurğulayan R.Ağasıyev bu uzun tarixli və qədim peşənin tezliklə tarixə gömüləcəyini də diqqətimizə çatdırdı: “Hazırkı saatsaz nəsli öz ömrünü başa vurduqdan sonra saatsazlıq artıq bir röyaya çevriləcək. Bu sənəti işlədən, onun adət-ənənələrini qoruyub saxlayan kimsə olmayacaq. Bu peşənin yaşadılması üçün dövlət tərəfindən hər hansı addımın atılmasının müsbət nəticə verəcəyini də düşünmürəm. Çünki dövlət rəhbərliyinin köməkliyi sayəsində yalnız materiallarla bağlı çatışmazlıq aradan qaldırıla bilər. Ancaq vətəndaşlarda saatsazlığa maraq oyatmaq çox çətindir və bunun üçün konkret təklif irəli sürmək də mümkün deyil”.
Usta Hacını da Bakıda saatına yaxşı baxan hər kəs tanımış olmalıdır. Deyilənə görə, onun əli dəyən saata bir daha usta lazım olmur. Usta Hacı Bakılıdır, bu sənətə 16 yaşından başlayıb. Saatın sirlərini yəhudi əsilli bir ustadan öyrənib. Bir illik “dərs”dən sonra Sumqayıtda saatsazlığa başlayıb.
“Bəziləri bu sənətə gələndə ağa kimi gəlirlər, istəyirlər özlərini ağa kimi göstərsinlər. Amma, mən bu sənətə qul kimi gəlib, padşah kimi tanınmışam – balamın canı üçün. Həmişə arzum bu olub ki, məni yaxşı sənətkar kimi tanısınlar, barmaqla göstərsinlər. Şükür Allaha, bu dəqiqə belədir, hara gedirəm deyirlər Usta Hacı gəldi…”.
Onun Bakıda çalışdığı dükanı 1998-ci ildə bağlayıblar. Uzun axtarışdan sonra öz pulu ilə kiçik bir köşk ala bilib. “Mənə deyirdilər, ay Hacı, bu nə yerdi, darısqaldı. Dedim məni görməyə gəlmirlər, saat düzəltdirməyə gəlirlər. Biri gəlib düzəltdirəcək, gedib yayacaq ki, belə bir yaxşı usta var. Belə-belə məşhurlaşdım, indi də hamı gətirib saatını mənə düzəltdirir”.
Onun dediyinə görə, məşhur adamların 95%-i saatlarını ona düzəltdirir. Vəzifəli şəxslərdən də kimin saatı xarab olursa, göndərirlər ki, apar bunu Hacı düzəltsin. Bir sözlə, nazirdən tutmuş, müğənniyə kimi, hər kəs onu tanıyır.
Usta Hacının əqrəbləri geriyə işləyən saatı da var
Usta Hacının dünyada analoqu olmayan bir kəşfi də var. O, elə bir saat düzəldib ki, əqrəbləri geriyə işləyir. “Bakıya gələndə buranın saatsazları paxıllığımı çəkirdilər. O deyir, Hacı usta deyil, bu deyir, özünü çox şişirdir… Və mən yeni bir şey kəşf elədim – geriyə işləyən saat. Sonra, hərə bir söz dedi ki, onu mən də düzəldərəm, filan. Daha bir yenilik edərək elə bir saat düzəltdim ki, əqrəbi irəli getsin saniyəsi geri. Bunun dünyada analoqu yoxdur. Bu kəşfi ona görə etdim ki, ay saatsazlar, bilin ki, mən usta Hacıyam!”.
Usta Hacının dediyinə görə, dünyada onun düzəldə bilməyəcəyi saat yoxdur. Sınan şüşəyə özü başqa şüşə düzəldir. Ümumiyyətlə, bura gələn ümidlə gəlir, çünki usta Hacını yaxşı tanıyırlar.
Bütün saat ustaları kimi, o da yerinin darısqallığından şikayətçidir: “Yerim dardır. Istəyərdim ki, daha iri saatlar düzəldim. Dünyanın əksər ölkələrindən qonaqlar gəlir. Maraqlanırlar ki, belə bir usta var, gəlib hətta bura baxırlar. Geriyə işləyən saatın şəklini çəkirlər ki, aparıb xaricdə göstərsinlər. Özləri də hərdən sual verirlər ki, sənin kimi usta niyə belə bir şəraitdə işləyir… Materialla bağlı çətinliklər olur. Elə olur ki, lazım olan materialı tapa bilmirsən. Çox nadir hallarda ola bilər ki, saat buradan geri qayıtsın. O da material çatışmazlığından ola bilər…”.
Amma Usta Hacının da hazırda yanında tələbəsi yoxdur. Övladlarından da heç biri bu sənəti istəməyib. Əvvəllər 4-5 tələbəsi olub. Onlar da hazırda şəhərin müxtəlif yerlərində saatsaz işləyirlər.
Saat zamanı göstərən cihaz olduğuna görə onun həm də simvolik tərəfləri var. Zamana yolçuluq edən saat hər halda həyat davam etdikcə öz işində olacaq. Zaman irəlilədikcə onu keçmişə buraxmaq, arxiv məhsuluna çevirmək heç bir halda mümkün olmayacaq hər halda. O zaman vaxtın nəbzini dəqiq tutmaq üçün saatın önəmini də, onun dəyərini də düzgün qiymətləndirmək vacibdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir