Rusiya-ABŞ davasında Bakı necə mövqe tutacaq?

Razi Nurullayev: «Məsələ Rusiya ilə razılaşdırılsa və ABŞ-ın marağı nəzərə alınmasa, bu, Azərbaycan üçün baş ağrısına çevrilə bilər»

ABŞ-ın Avropada raketdən müdafiə sistemləri qurmaq niyyətləri həyata keçirməsi, eyni zamanda Türkiyə ərazisində radar kompleksi yerləşdirmək qərarı Rusiyanı narahat etməkdədir. Artıq Moskva buna cavab olaraq tədbirlər görməyə başlayıb. Tədbirlərə Rusiya ilə həmsərhəd NATO ölkələri yaxınlığında operativ-taktiki raketlərin yerləşdirilməsi, strateji nüvə obyektlərinin raket hücumlarından müdafiə potensialının gücləndirilməsi daxildir.
Artıq Rusiyada tərkibində kosmik komandanlıq, hava və raket hücumlarından müdafiə komandanlığı, hərbi kosmodrom, radar stansiyaları yer alacaq Hərbi-Kosmik Müdafiə Qoşunlarının formalaşdırılması prosesi də başa çatır. Burda diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan ərazisindəki Qəbələ RLS də bu qoşunların tərkibinə daxil edilib. Hazırda Qəbələ RLS-in icarə müddətinin artırılmasına dair danışıqlar aparan Rusiya tərəfi stansiyanı tamamilə söküb, yerində zavod şəraitində hazırlanmış daha müasir tipli radiolokasiya stansiyası quraşdırmağı planlaşdırır və ondan Qərbə, NATO blokuna daxil olan ölkələrə qarşı tətbiq etməyə hazırlaşır. Qəbələ RLS-nin icarə müddətinin uzadılmasına razılıq verməklə Azərbaycan Rusiyanın Qərbə qarşı həyata keçirmək istədiyi planlarının iştirakçısına çevrilə bilər. NATO və Avropa Birliyinə inteqrasiya yolunu tutduğunu bəyan edən rəsmi Bakının bu məsələdə mövqeyi nədən ibarət olmalıdı? Eyni zamanda Azərbaycan Rusiyanın maraqlarına cavab verən qərar verəcəyi təqdirdə Qərbin buna cavabı necə ola bilər?
Politoloq Razi Nurullayevin fikrincə, Azərbaycan Qəbələ RLS-i ilə bağlı təkbaşına qərar verməməlidir. Birtərəfli qaydada məsələ Rusiya ilə razılaşdırılsa və burada ABŞ, Türkiyənin, digər NATO dövlətlərinin marağı nəzərə alınmasa, bu, Azərbaycan üçün baş ağrısına çevrilə bilər: “Qəbələ RLS-i Rusiya tərəfindən Yaxın Şərq regionunun izlənilməsi üçün istifadə olunur. Bu da ABŞ-ın, NATO ölkələrinin Yaxın Şərqdəki maraqlarına ziddidir. Əgər Azərbaycan Rusiya ilə razılaşarsa və NATO-nun əleyhinə belə bir addım atarsa, o zaman bu ölkəmiz üçün xoşagəlməz nəticələr verə bilər”.
Ekspertin sözlərinə görə, bu, eyni zamanda Azərbaycanın NATO-ya inteqrasiyadan imtina etməsinin ismarıcı ola bilər. Bu da Avropa Birliyinə inteqrasiyadan imtina kimi qəbul edilməlidir: “Bu baxımdan Azərbaycan müəyyən məsələlərdə ABŞ-ın, Avropa Birliyinin maraqlarını nəzərə almalı olacaq. Ola bilsin artıq bunu edir. Əks halda özü üçün problemlər yarada bilər. Çünki Rusiyanın Qəbələ RLS-i söküb yeni müasir radiolokasiya stansiyası tikmək niyyəti Azərbaycanın müstəqilliyi, ümumilikdə bütün region üçün üçün təhlükə yarada bilər”.
R.Nurullayev hesab edir ki, Azərbaycan Qəbələ RLS-nin öz tabeçiliyinə keçməsinə çalışmalı, yaxud Rusiya ilə paralel şəkildə işlədilməsinə nail olmalıdır. Eyni zamanda Türkiyəni də bu prosesə cəlb etməlidir.

Fizzə