Məhəmməd Talıblı: «Hazırda dünyada neft və qaza ehtiyac nisbətən aşağı düşməsi hasilata təsir edib»
Mirvari Qəhrəmanlı: «Oliqarx məmurların off-şor zonalarda yaratdıqları əməliyyat şirkətləri hasilatı aşağı salır»
Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 21.7 mlrd. manat – ötən ilin müvafiq dövrünün səviyyəsindən 6.8% az olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sahənin əsas məhsulu hesab olunan xam neft hasilatı 39 mln. ton, təbii qaz hasilatı isə 21.6 mlrd. kubmetr təşkil edib. Bu isə o deməkdir ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə neft hasilatı 8.9%, qaz hasilatı isə 2.5% azalıb.
Bəs hasilatın bu dərəcədə azalması nə ilə bağlıdır?
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, hasilatın azalmasının səbəbi Azərbaycanın neft və qaz kvotasının aşağı düşməsidir. Hazırda dünyada neft və qaza ehtiyacın nisbətən aşağı düşdüyünü söyləyən M.Talıblı əlavə etdi ki, bununla belə neftin qiyməti son bir neçə il üçün ən pik nöqtədədir: “Azərbaycan büdcəsində neftin qiyməti 80 dollar kimi nəzərdə tutulmasına baxmayaraq, hazırda dünya bazarında neftin bir barelinin qiyməti 114 dollardır. Bu isə o deməkdir ki, Azərbaycanın təbii resurslarını dünya bazarına çıxardaraq xeyli vəsait əldə edə bilər. Amma buna hazırda formalaşan situasiya imkan vermir”.
Azərbaycanda çıxarılan neftin bir hissəsinin hazırda anbarlarda ehtiyat olaraq saxlandığını deyən M.Talıblı əlavə etdi ki, bu bir daha göstərir ki, bazarda təlabat bir o qədər də yüksək deyil. Amma hər hansı bir alıcı meydana çıxacağı təqdirdə ehtiyat neft ona təqdim oluna bilər.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hasilatın azalması səbəblərini başqa amillərlə izah etdi. M.Qəhrəmanlının sözlərinə görə, neft sektorunda son zamanlar qeyri-peşəkarların işə cəlb olunması Azərbaycanın hasilatına təsir edən amillər sırasındadır. ARDNŞ-in hazırda xeyriyəçilik fəaliyyətinə daha çox vəsaitlər ayrıdığını deyən M.Qəhrəmanlı vurğuladı ki, bundan başqa köhnə yataqların yeni yaranan əməliyyat şirkətlərinə verilməsi hasilata təsir mənfi təsir edib: “Əməliyyat şirkətləri icarəyə götürdükləri neft yataqlarında hasilatı yüksəldəcəkləri barədə öhdəlik götürsələr də bunu etmirlər. Məsələn, Anar Məmmədova məxsus ”Bahar Enerji” şirkəti tabeçiliyində olan yataqlarda hasilatı 2008-ci il səviyyəsinə qaldıracağına söz versə də bunu etməyib. Əksinə bu yataqlarda hasilat daha da aşağı düşüb. Bu oliqarx məmurların off-şor zonalarda yaratdıqları əməliyyat şirkətlərinin vasitəsilə nəzarətə götürdükləri digər yataqlarda da müşahidə olunur”.
Bu cür siyasətin davam edəcəyi təqdirdə Azərbaycanın istər neft, istərsə də qazla bağlı hasilatının 50 faiz aşağı düşəcəyini deyən M.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın real hasilatı iəl bağlı da ciddi problemlər var. Ona görə M.Qəhrəmanlı hesab edir ki, müstəqil ekspert tərəfindən Azərbaycanın il ərzində nə qədər neft və qaz hasil etdiyi dəqiqləşdirilməlidir.
Hikmət
.jpg)


