«Rafiq Tağının qətli adi kriminal hadisə deyil»

Əyyub Kərim: «Bu hadisədə istənilən halda hakimiyyət məsuliyyət daşıyır»

“Yazıçı Rafiq Tağının qətli adi kriminal hadisə deyil”. Bu sözləri “Azadlıq”a “Femida-007″ qəzetinin baş redaktoru, tanınmış hüquqşünas Əyyub Kərim deyib. Onun sözlərinə görə, yazıçının bıçaqlanmasından 8 gün ötməsinə baxmayaraq cinayətin hələ də açılmaması bu hadisənin adi kriminal hadisə olmadığını göstərir. Hüquqşünas ehtimal edir ki, əgər Rafiq Tağı məişət zəminində bıçaqlansaydı, yaxud   hansı xuliqanlıq olayının qurbanı olsaydı, hüquq-mühafizə orqanları cinayəti artıq açmışdı: ”Doğrudur, bizim hüquq-mühafizə orqanlarının peşəkarlıq problemi var. Lakin Rafiq Tağı sıradan bir şəxs deyil. Ona qarşı sui-qəsd cəmiyyətdə ciddi rezonansa səbəb olub. Gözlər hakimiyyətin üzərinə yönəlib. Ona görə də hesab edirəm ki, bu adi kriminal hadisə olsaydı, dərhal üstünü açardılar. Ən azı buna cəhd göstərərdilər. Lakin müşahidə olunan odur ki, hüquq-mühafizə orqanları işə sanki həvəssiz yanaşır. Təsəvvür edin, 8 gün keçib, ancaq heç izə düşməyiblər”.  
Əyyub Kərimin fikrincə, Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səsləndirilən versiyaların hər biri müəyyən dərəcədə inandırıcıdır: “Bu hadisə çox mürəkkəb siyasi vəziyyətə təsadüf edib. Bir yandan ərəb ölkələrində ard-arda diktatorlar devrilir və artıq növbə Irana çatıb, digər tərəfdən Azərbaycanın özündə ciddi siyasi proseslərin baş verəcəyi gözlənilir, hakimiyyət daxilində ziddiyyətlər açıq müstəviyə keçib və s. Və görünən odur ki, Rafiq Tağı təsadüfən seçilməyib. Bu hadisənin məhz indiki mürəkkəb vəziyyətə təsadüf etməsi müxtəlif mülahhizələrə səbəb olub: Kimlərsə bu hadisədə Iran izi axtarır, kimlərsə hesab edir ki, olay gündəmi dəyişmək üçün törədilib, başqa bir qrup hadisəni Qərbin üzərinə yönəldir. Bu versiyaları incələdikdə görürük ki, onların hər birinin yaşamaq hüququ var. Lakin məsələ burasındadır ki, istənilən halda bu məsələdə məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşür”.
Bu arada bəlli olub ki, Rafiq Tağının basqına məruz qaldığı  ərazidə bir neçə videomüşahidə kamerası var. Bunu şənbə günü hadisə yerinə baxış keçirən jurnalistlər qeydə alıblar. Turanın müxbiri Tağının marşrutu boyunca 5 videomüşahidə kamerası sayıb, bu kameralar publisistə basqın edən şəxsi çəkə bilməyib.
Rafiq Tağı həmkarlarına və istintaqa bildirmişdi ki, noyabrın 19-da axşam 1a nömrəli avtobusdan enərək, evinə doğru gedirmiş. O, Xətai prospektini keçib və keçmiş “Fioletov” stansiyası yaxınlığında dəmir yolu tərəfə gedib. Amma dəmir yolundan 10-15 metr aralıda naməlum şəxs ona hücum çəkərək bıçaqla zərbələr endirib və Xətai prospektinə doğru qaçıb. 
Bu yolda 5-7 kamera yerləşir. Onlardan biri mağazaya məxsusdur, ikincisi “təhlükəsiz şəhər” sisteminə aiddir, üçüncüsü və dördüncüsü tikilən obyektdə, beşincisi isə avtobus dayanacağında yerləşir. Obyektin mühafizəçiləri kameralarının gün ərzində fasiləsiz işlədiyini təsdiq ediblər. Mağazanın kamerası da 24 saat işləyir.

Informasiya şöbəsi