Hakimiyyətin beş ölü kamerası

“Rafiqi hədəf eləyən onun dünəninin zəminində yatan ”Avropa və biz”, bu gün Irandakı rejimə yönəlik sərt tənqidləri və YAP hakimiyyətinə loyallıq təsiri bağışlayan son çağlar yazdığı bir neçə yazı və müsahibə idi. Qansız qatili bu üçbucağın arasında aramalı”, –  bu sətirləri gözəl insan, “ustad” çağırdığım yazıçı Rafiq Tağı bıçaqlanandan sonra yazmışdım. Həmin yazıda Rafiqi bıçaqlayanın onu yerli-dibli tanımamasını da vurğulamışdım. Əli qələm olmuş o şəxs sadəcə bir killer, bir qatil, bir sifariş qulu idi. Deməyim budur ki, bu hadisə sıradan bir kriminal hadisə deyil, düşünülmüş, ictimai-siyasi rəngi olan qəsd (sonradan xəstəxanada qətl kimi tamamlandı), terror idi.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə “mediaforum” saytına açıqlamasında Rafiq Tağının ölümünə münasibət bildirərkən incələyə-incələyə, bura-bura olayın sadəcə kriminal məzmun daşıması fikrini dilə gətirib:
“Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? Istənilən halda bu, bir kriminaldır”.
Əlbəttə, sözün altından çıxmaq çətin deyil. Istənilən qəsd, qətl kriminal təsnifata daxildir. Lakin hər şeyin növündən, əslindən, zəminindən başqa öz adı var. Məsələn, demirlər ki, filan nəslin nümayəndəsi Filankəs. Deyirlər, Filankəsov Filankəs Filankəs oğlu (qızı). Indi bu hadisənin ictimai-siyasi məzmun daşıdığını bütün dünyanın hallandırdığı və hardasa açıq-aşkar gördüyü vaxt Əli Həsənov bunun kriminal olduğunu deyir. Rafiq indiyəcən kimin toyuğuna “kiş” demişdi, kimin xətrinə dəymişdi, qəlbini qırmışdı, filankəsinə sataşmışdı ki, kimsə intiqam almaq üçün ona 7 bıçaq vursun? Rafiq ömrü boyu kimsəni incitməmişdi. O, bircə dəfə insanları incitdi, qəlbini qırdı, sarsıtdı – bu isə bıçaqlanmasından sonraya aid olan hadisədi – o da onun ölümü…
Yenə də qayıdaq qatilin ünvanını göstərən üçbucağa. Rafiqi hədəf eləyən səbəblərdən biri kimi onun son zamanlar hakimiyyətə müəyyən qədər loyallıq göstərdiyini yazmışdım. Hakimiyyətlə kövrək problemsizlik təəssüratı… Bu nüansa çox ciddi fikir verilməlidir. Daha iki bucaq: “Avropa və biz” olayı üstəgəl Iranla bağlı tənqidi fikirlər. Iranla bağlı sərt söz deyənlər çoxdu. Və kimsəyə sirr deyil ki, onlar Rafiqdən daha sərt sözlər deyiblər. Lakin kimsə hədəf seçilməyib. Çünki bu adamlarda zəmin olacaq Iranla (Iran islamı ilə) qalmaqal (“Avropa və biz”) və hakimiyyətlə barışmaz ikən qəfildən loyallaşma, münasibətlərdə tikansızlaşma, bir növ barışıq məqamları çatışmırdı. O məqamlar ki, şübhələri hakimiyyətin üzərindən götürə bilərdi. Əli Həsənov da elə bunu deyir:
“Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi”.
Hadisə yerində 5 müşahidə kamerası olub. Lakin hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib ki, o kameralar işləmir. Necə yəni işləmir? Bir maşın təkərini cızıqdan 1 sm kənara qoyanda bütün kameralar çaqqaçaq çəkir, bir insan (həm də necə bir insan!) qətlə yetiriləndə isə… Elə isə nəyə görə bütün paytaxt yollarının kənarlarını qazıb kameralar quraşdırırlar? Hakimiyyəti qorumaq üçünmü? Hakimiyyəti kameralarla qorumaq olmaz. Hakimiyyəti qorumaq üçün vətəndaşları qorumağı istəmək lazımdı. Bacarmaq da demirəm. Istəmək. Qənimət Zahid də kameranın 5 addımlığında şərlənmişdi və sonradan o kameraların da həmin vaxt işləmədiyini bildirmişdilər. Insanların nə düşündüyünü bilmək üçün kameralara yox, azad sözə, sərbəst toplaşmaya meydan vermək lazımdı. Bununçün milyonlar xərcləməyə, yolları qazıb Bakını cəhənnəmə çevirməyə də gərək yoxdu.
Rafiq də kameraların gözünün qabağında hakimiyyətin saxlanması istəyinə qurban gedib. Sifarişçi kim olur-olsun. Ancaq boş yerə…