Dirijor pultu arxasında keçən bir dahi ömrü

Musiqimizin böyük Maestrosu

Maestro Niyazi ötən əsr Azərbaycan musiqi sənətində böyük əsərlər yaradan dahi simaların müasiri olmuş, onların yaradıcılıq uğurları, sözsüz ki,ÿmaestroya da təsirsiz qalmamışdır.

O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən, Üzeyir Hacıbəyovun “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də, Qara Qarayevin “Yeddi gözəl” və “Ildırımlı yollarla” baletləri böyük uğur qazanmışdır. O, 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamışdır. Bəstəkar, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, Istanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq etmişdir.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi)ÿ 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilmişdir. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçmişdir. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atmışdır. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyümüşdür.
Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. Ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər Ittifaqı Dram teatrının, Radio Komitəsinin orkestrində işlədi. 1935-37-ci illərdə isə Azərbaycan Dövlət Estrada orkestrinə rəhbərlik etdi. 26 yaşında artıq keçmiş SSRI məkanında məşhurlaşmışdı.
Simfonik Orkestrin başında
Niyazi 1937-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunmuş və 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq etmişdir. 1938-ci ildə Azərbaycan Incəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunmuşdur.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri Niyazi olmuşdur. Azərbaycan Dövlət Simfonik orkestrinin yaradıcılarından biri olmuş maestro Niyazinin yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir. Niyazinin adı milli musiqi sənətində “qızıl mərhələ”nin simvoluna çevrilmişdir.
O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala suitası”nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və s. simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürmüşdür.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini vermişdir. Bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləmiş, 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şerinə mahnı bəstələmişdir. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazmışdır.
Gənc yaşlarından gələn şöhrət
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanmışdır. 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazmışdır. Ilk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə getmişdir. Niyazi ömrünün sonundək Azərbaycanı 11 dəfə tərk etməklə 23 ölkədə qastrol səfərində olmuşdur.
Niyazi 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRI-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır.
Həmin vaxt maestro Niyazi dünyanın məşhur kollektivlərindən biri olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Niyazi bu orkestrlə çıxış edərkən, əlbəttə, öz ustalığına tam arxayın idi. Onu bu sənət səfərinə göndərənlər də bunu yaxşı bilirdi. Maestro Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər. London Kral orkestrinin ifaçılarının, deyirlər, qəribə bir xüsusiyyəti var. Onlar orkestrə gələn bütün dirijorları, necə deyərlər, “dişlərinə vururlar”, yoxlayırlar. Hansısa zarafatsevər musiqiçi bu dəfə maestro Niyazini yoxlamaq fikrinə düşür. Maestro Niyazi orkestrlə məşq edəndə həmin ifaçı əsərin ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin uyarsızlığı duyur və orkestri saxlayır. Sakitcə həmin musiqiçiyə yanaşıb qulağına pıçıldayır: “Bəlkə…”
Hər şey o ifaçıya aydın olur. Orkestrin qalan üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini yığışdırırlar.
Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində Londona səfər etmişdi. O zaman maestro Niyazinin konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərləri vardı. Onun bütün konsertləri uğurla keçdi. London qəzetləri Niyazinin ustalığını, ifaçılığını dəfələrlə təriflədilər. Onun haqqında məqalələr yazdılar. Bir gecədə üslubca kəskin fərqlənən musiqi əsərlərinə dirijorluq edəndə də Niyazi ifaçılığına, ustalığına həmişə sadiq qaldı.
1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə gedib. O həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin “Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr yazmışdılar.
Türkiyənin “Axşam” qəzetinin əməkdaşı Cəlaləddin Çətin maestro Niyazi ilə tanışlığı barədə bunları yazır: “Dünyaca tanınmış, ünlü bəstəkar və orkestr şefi Niyazi Hacıbəyovla o gün dilimiz, mahnılarımız, musiqimiz və ədəbiyyatımızdan söhbət açdıq. Niyazi bəy: ”Göylərinizi gördüm gəlirkən. Içim qan ağladı. Sonra da türkülərinizi eşitdim. Böyük bir xəzinədi” dedi. Moskvada ilk dəfə türk musiqisi çalan adamdır Niyazi Hacıbəyov. O, sadəcə, Niyazi çağırılmasını istəyir…”
Maestro Niyazi “Azərbaycan Respublikasının Xalq artisti”, “SSRI Xalq artisti”, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət mükafatı, SSRI Dövlət mükafatı, “Çitra” baletinə görə Cəvəhirləl Nehru adına Beynəlxalq mükafat almışdır.
Böyük sənətkar 1984-cü il avqustun 2-də Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir