Brüsseldən Qarabağa səfər var…

Rafiq Tağının qətli, Əvəz Zeynallının həbsi və Ədalət Quliyevin Qarabağ harayı barədə…
Təbii ki, Rafiq Tağının xain və namərdcəsinə qətlə yetirilməsi dünyanın ən ucqarında da vicdanlı insanları yerindən oynatdı. Və nəticə olaraq, Azərbaycanda səssiz bir soyqırım aparılmasının, “Xural”ın timsalında qəzetin izahsız qapadılmasının, Əvəz Zeynallının simasında bir qəzetin baş redaktorunun həbsə atılmasının qarşılığında cəmiyyət hələ də dözürsə, insan deməyə söz tapmır.
Axı nə deyəsən ki, bir sürü çinovnik, geri zəkalı ölkəni məhz öz düşüncələrinə uyğunlaşdırır. Bütün millətlər sürətlə inkişafa doğru can atdığı halda, Azərbaycanda cəmiyyət geriyə doğru hərəkət edir.
Adam ona mat qalır ki, bunlar saxtakarlıqları da peşəkarcasına edə bilmirlər. Ulu öndər nağıllarına elə aludə olublar ki, başlarını qaldırıb ətrafa belə baxmırlar. Regionun “lider” ölkəsi deyərək öydükləri məmləkətin kiçik bir küləyin qarşısında zülmətə qərq olduğunu, hər gün neçə-neçə insanın dəm qazından boğulduğunu, vətəndaşların borc problemlərini dövlətin əlilə yox, silah gücünə həll etdiklərini görmək istəmirlər. Anlamırlar ki, etdikləri əməllərlə təkcə öz gələcəklərinə yox, həm də övladlarının gələcəyinə balta çalır, ölkəni qisas yuvasına çevirirlər. Və bütün bunların sonucunda bəzi qəzetlər iki gündən bir Azərbaycan prezidentinin müharibə siqnalı verdiyini tirajlayır.
Insan nə qədər siqnal verər? Əgər bir maşın dayanmadan siqnallayırsa, deməli, qəzaya uğrayıb, istifadəyə yararsızdır. Azərbaycan rəhbərliyinin müharibə çağırışları da artıq istifadəyə yararsızdır. Hətta o qədər yararsızdır ki, ermənilər Dağlıq Qarabağın müstəqil ölkə kimi tanıdılması prosesində belə, heç bir problemlə rastlaşmırlar.
Bir dəfə yazmışdım ki, Azərbaycanın xaricdəki dövlət və diaspor nümayəndələri kitabxanaları gəzmir, ermənilərin yazdıqlarına qarşı mübarizə aparmırlar. Faktla ermənilərin yazdıqları kitabları, müəllifləri göstərmişdim. Amma hansı nəticə oldu ki? Azərbaycanın Niderlanddakı səfirliyinin timsalında dövlət nümayəndələrimiz Avropada ancaq “Ulu öndərin ləpirləri” adlı sicilləməyə 50 avro verib alarlar, amma Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən kitabın müəllifinə və nəşriyyata bircə cümlə etiraz yazmazlar. Niyə, nə üçün? Bax, bu suallara cavab tapa bilmirəm…
Bütün bu olanların qarşılığında əziz dostum, Dünya Azərbaycanlıları Birliyinin rəhbəri Ədalət Quliyev zəng vurur, məktub yazır ki, bəs ermənilər Belçikada bir turist firmasının vasitəsilə Dağlıq Qarabağa səfər təşkil edirlər. Səfər 2012-ci ilin 15-27 sentyabr tarixlərində baş tutacaq. Səyahətin qiyməti isə 2.990 avrodur. Ədalət bəy Avropadakı fəal və vətənpərvər azərbaycanlılardandır. Ermənilərin bu əməlilə bağlı Ilham Əliyevin

www.president.az saytına da məktub yazıb. Hər yerə xəbər verib. Amma nəticə yoxdur. Səyahət elanı yenə də www.betravel.be saytında durur. Maraqlananlar həmin sayta daxil olub “armenia” sözünü axtarsalar, Dağlıq Qarabağa səfərlə bağlı elanı görəcəklər. Avropanın mərkəzində ermənilərin Dağlıq Qarabağa təşkil etdikləri səfərə Brüsseldəki Azərbaycan səfirliyinin, Diaspor Komitəsinin kisəsindən pul yeyən diasporçuların susqunluqla reaksiya verməsi də maraq doğurur. Və aydın olur ki, Azərbaycan hakimiyyəti və onun əlaltıları üçün neft borularından və ümummilli liderlərindən başqa müqəddəs heç nə yoxdur.