Ümumrusiya Azərbaycanlıları Qurultayına Ramiz Mehdiyev nəzarət edir
Dünən Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) adlı YAP yönümlü diaspor təşkilatının qurultayı öz işinə başlayıb. Bu barədə Rusiya mətbuatında da xəbərlər yer alıb.
Amma qurultayın öz işinə başladığı bu ilk gün ərəfəsində iki nəfərlə bağlı məsələ həll edilməmiş qalır. Bunların hər ikisi hesabat dövründə Azərbaycan hakimiyyətinə “asi” olduqları üçün siyahıdan çıxarılıblar. Həm də diasporun bu tanınmış adamları, sadəcə olaraq, sıravilər deyil, ÜAK-ın Rəyasət Heyətinin üzvləridir.
![]()
Bunlardan biri ÜAK Rəyasət Heyətinin üzvü və vitse-prezident, Sankt-Peterburq Azərbaycan icmasının lideri Vaqif Məmişovdur. O, bu ilin martında Sankt-Peterburqdakı Azərbaycan konsulu ilə başladığı “müharibəyə” görə hakimiyyətin protokol siyahısından çıxarılıb, hətta Azərbaycana girişinə yasaq qoyulub. Azərbaycanda qeyri-rəsmi olaraq “persona-non-qrata” elan edilən Vaqif Məmişov isə hələ də ÜAK-ın Rəyasət Heyətinin üzvü olaraq qalır, amma onun qurultayda nümayəndə hüququ ilə tanınacağı böyük şübhə doğurur.
Ikinci belə bir şəxs isə bütün dünyada tanınan, “Oskar” mükafatı laureatı, ÜAK-ın vitse-prezidenti Rüstəm Ibrahimbəyovdur. Rüstəm Ibrahimbəyov Azərbaycanda fəaliyyətə başlayan Ziyalılar Forumunun banilərindən biridir. Bu zəmində də Azərbaycan hökuməti ilə arası dəyib və hökumət üçün arzuolunmaz şəxsə çevrilib. Az müddət əvvəl, o, Azərbaycanda yaratdığı və rəhbərlik etdiyi “Ibrus” adlı teatrı da özü ilə götürərək Rusiyaya köçdüyünü bəyan etdi. Bu qurultayda tamhüquqlu nümayəndə kimi təmsil olunacağı şübhə altındadır. Çünki qurultayın işinə nəzarət etmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Moskvada olduğu bildirilir. Adıçəkilən hər iki şəxslə Azərbaycan hakimiyyətinin problemlərinin yaranmasında isə Ramiz Mehdiyevin birbaşa iştirakının olduğu heç kim üçün sirr deyil.
Adıçəkilən hər iki şəxsin ÜAK-dan xaric ediləcəkləri belə, gözlənilir.
Informasiya şöbəsi


