Biz dovşan olmayaq, tazı tazılığında qalsın!

Rafiq Tağını xəstəxanada ziyarət etməyə hazırlaşırdım…Həmkarlarımla əlaqə saxlamışdım, saat 5-dən sonra ziyarətin mümkün olduğunu demişdilər, mən də planımı buna görə qurmuşdum. Amma bu ziyarət baş tutmadı. Evdən çıxmadan öncə Facebook sosial şəbəkəsinə göz atanda bəlli oldu ki, yazar xəstaxanada dünyasını dəyişib.
Bu ölümün ardından dindarlar, ateistlər bir-birinə dəydi, çaxnaşma düşdü, saytlardan bəzilərində hətta demokratik düşərgədə  qarşıdurmanın olduğu barədə yazılar yer almağa başladı. Təbii ki, “Rafiq Tağını kim öldürdü” sualına cavab vermək çətindir. Tək bəlli olan o ki, biriləri “dovşana qaç, tazıya tut” düşüncəsi ilə hərəkət etmək niyyətindədir. Bu üzdən baş verən hadisə nəticəsində Azərbaycandakı rejimdən narazı qüvvələrin, hansı inanca sahib olmasından asılı olmayaraq, qarşı-qarşıya gəlməsi yalnız bu qətldən yararlanmaq istəyənlər üçün fürsət yarada bilər.
Yazar dünyasını dəyişən kimi, Islam dininin əleyhinə yazılar ən qatı şəkildə, xüsusilə, sosial şəbəkələrdə yer almağa başladı. Ateistindən tutmuş, Xristian dininə rəğbəti olana qədər hamı Islama qarşı ən ağır sözlər işlətməyə başladı. Əgər bu doğrudan da hansısa özünü dindar sayan nadanın işidirsə və Rafiq Tağının yazılarına görə qəzəblənib öldürübsə, bu gün özünü ateist və tolerant sayan birinin də qətldən qəzəblənib Islamı təhqir etməsi əslində onları bir nöqtədə birləşdirir. Dözümsüzlük göstərmək nöqtəsində…
Müxtəlif fikirlərin bir arada ola bildiyi bir cəmiyyətin qurulmasını istəyiriksə onda bir-birimizin dünyagörüşünə sayğı ilə yanaşmağı da bacarmalıyıq. Bir dindarın özbaşına məhkəmə qurub kimisə qətl etməyə haqqı olmadığı kimi, bir ateistin də dinləri və Allahı təhqir etməyə haqqı olmamalıdır.
Əgər ölkədə bir yazar qətlə yetirilirsə, bunu böyük bir dinin adına bağlayıb onu hədəfə almaq, nifrətini püskürmək fürsətçillikdir.
Qatilin, işgəncə verənin dini olmur, çünki din-imandan əvvəl insanlıq gəlir, bu yoxdursa, zatən din-imana ehtiyac yoxdur!
“Rafiq Tağını Iran dövləti qətl etdirib” versiyası üzərində dayanaq. Əslində başqa bir yazar öldürülsəydi, bu düşüncənin yayılması mümkün olmayacaqdı. Bu üzdən Rafiq Tağının seçilməsi təsadüf deyil. Indiki durumda Iranın ABŞ kəşfiyyat idarəsinin açıqlamasından dərhal sonra belə bir qətli təşkil etməsi də inandırıcı görünmür.
Amma bunlar hələ də cavabı bilinməyən suallar olduğundan başqa bir yönə diqqət yetirək.
Tutaq ki, yazarı Iran qətl etdirib. Bu, Islam dininin günahıdırmı? Irticaçı bir rejimin, Iranın Islama nə aidiyyatı var? Islam irticaçı bir dindirsə, elə o dinlə Türkiyə demokratik bir ölkə qurmaq yolunda necə irəliləyir? Iran Islam dininin qaydalarına riayət etsəydi və gerçək mənada Islama sayğı ilə yanaşsaydı müsəlman qardaşları, 35 milyonluq Azərbaycan türkünü 400 minlik ermənidən aşağı tutardımı? Iranda irtica rejimidir. Azərbaycanda bir yığın adam zorun diktaturasını qurduğu kimi, Iranda da bu diktaturanı qurmaq üçün dindən istifadə olunur.
Tarixdə Xristian dininin adından istifadə edib insanlara təbabətlə şəfa verən, elmlə məşğul olan adamlar  tonqalda yandırılırdısa, bu xristianlığın günahı, ya bu dinin mahiyyəti idimi?!
Dediyim kimi, bu qətlin üzərindən çox oyunlar oynanılacaq. Dünyagörüşləri, inancları fərqli olan, amma bu ölkədə bir ortaq hədəfi – rejimi dəyişmək kimi amacı olan insanlar bu ölümün ardından parçalana, Azərbaycan iqtidarı dindarlara qarşı böyük bir represiya başlada bilər. Ya da hansısa qüvvələr Irana qarşı bu ölümdən istifadə edə bilər… Saysız versiyalar var. Tək bəlli olan o ki, ədəbiyyatımız istedadlı hekayə ustasını itirdi.
Bir də bu hadisədən yararlananlar,  “dovşana qaç, tazıya tut” deyənlər çox olacaq. Biz dovşan olmayaq, tazı olmaq kimin ürəyindən keçirsə, qoy, tazılığında qalsın!