18 il düşünmək üçün yetərli deyilmi?

Bir vaxt dağılmaq ərəfəsində olan Varşava Müqaviləsi ölkələri NATO ilə adi silahlarla bağlı müqavilə imzaladı. Bunun, necə deyərlər, əsl adı “Avropada adi silahlarla bağlı  müqavilə” idi. Çox az müddət keçdi və Varşava Paktı da dağıldı. Lakin müqavilə qüvvədə qaldı. Sonradan ona bir “cinah sazişi” də əlavə olundu.
Mən bunları niyə deyirəm? Məsələ bundadır ki, “Avropada adi silahlar haqqında müqavilə” dövlətlər üçün kvotalar müəyyənləşdirmişdi və dövlətlər həmin kvotaları gözləməli idi. Lakin Varşava Paktı dağıldı və onun bəzi üzvləri NATO-ya üzv oldular. Sonra da Vladimir Putin Rusiyanın müqavilədə iştirakına moratorium qoydu. Indi ABŞ müqavilədən faktiki olaraq çıxdığını bəyan edir. Bir sözlə, dövlətlərin hərbi potensialı, xüsusən adi hərbi texnika və silahlarla bağlı mövcud olan məhdudiyyətlər faktiki olaraq götürülür. Bu isə o deməkdir ki, yaxşı iqtisadi resursları olan ölkələr, o cümlədən də Azərbaycan özünün silah arsenalını artıra bilər.
Bunun məntiqi əsasları da var. Azərbaycan həm ərazisinə, həm əhalisinə, həm də iqtisadi potensialına görə Cənubi Qafqazın ən böyük dövlətidir. Nədən onun hərbi texnikası təxminən Ermənistanın və ya Gürcüstanın hərbi texnikası qədər olmalıdır? Indi bizim imkanımız var ki, öz iqtisadi resurslarımıza uyğun müasir ordu yaradaq. Bu vaxta qədər deyirdik ki, Cənubi Qafqazda ən güclü ordu Azərbaycanınkıdır. Indi bunu reallığa çevirmək qalıb və bu da bizim özümüzdən asılıdır. Daha heç kim bizə qarşı hər hansı məhdudiyyət irəli sürməyəcək. Əgər ABŞ Rusiya kimi bir ölkəyə müqavilənin şərtlərini diqtə etməyəcəyini bəyan edirsə, biz daha nədən ehtiyat etməliyik?! Artıq əl-qolumuz açıqdır, iqtisadi imkan da yetərlidir və biz sözün əsl mənasında Cənubi Qafqazın ən böyük ordusunu yarada bilərik.
33 ildən sonra ən düzgün qərarını qəbul edən prezident
Bəli, başa çatmaqda olan həftənin ən mühüm hadisələrindən biri də bu oldu. 33 il hakimiyyətdə olduqdan sonra Yəmənin prezidenti özünün yeganə düzgün qərarını qəbul etdi və daha bir ərəb rejimi çökdü. Yəmən prezidenti ağıllı bir qərar qəbul etdi. O, özü üçün toxunulmazlıq immuniteti əldə elədi. Düzdür, bu, elə də asan başa gəlmədi, indi Yəməndə bir çox insanlar bunun əleyhinədir. Amma güman ki, Yəmən despotu özü üçün problemsiz qocalıq təmin etmək problemilə üzləşməyəcək, ömrünün son günlərini sakit və rahat keçirəcək.
Çox qəribədir ki, bu proseslər Səudiyyə monarxiyasında baş verir. Bəli, bir növ Səudiyyə monarxı ərəblərə ağsaqqallıq edir. Amma Səudiyyə rejiminin özü də problemdir və bu problem heç də Yəmən, Liviya və Misir problemlərinin kölgəsində, necə deyərlər, itib-batmır. Səudiyyə monarxiyasının ölkənin müstəqilliyilə bağlı olduğu iddia olunur. Amma bu, Liviyada da vardı, lakin buna baxmayaraq, Müəmmər Qəzzafi hakimiyyətdən getdi. Deməli, müstəqilliyin əldə olunmasındakı xidmətlər belə, insanları avtoritar üsullarla idarə etməyə əsas vermir.
Indi sözsüz ki, növbə Bəşər Əsədindir. O, da Yəmən prezidentinin yolu ilə getməlidir. Amma ona da bu qədər insan itkisindən və zorakılıqdan sonra toxunulmazlıq immuniteti verilə bilərmi? Güman etmirəm. Ehtimal ki, Bəşər Əsəd əməllərinə görə nə vaxtsa məhkəmə qarşısında cavab verəcək. Nə etmək olar? Ona da şans vermək istəyirdilər, amma o, bunu qiymətləndirə bilmədi, zorakılıq yolunu tutdu. Indi özünün yaratdığı labirintdən məhz özü çıxmalıdır. Alınacaqmı?
Nədən bu gün xarici siyasətə üstünlük verdim?
Özüm qəsdən iki xarici siyasət mövzusu seçdim. Bəli, Yəmən prezidenti də 33 il fikirləşib axır ki, real və düzgün qərar verə bildi – bunu bir daha təkrar etməyə məcburam. Bizimkilər də düz 18 ildir ki, hakimiyyətdədirlər. Onların fikirləşmək və götür-qoy etmək üçün xeyli vaxtları olub. Əgər vaxtları azlıq edibsə, daha beş il əlavə etmək olar, qoy, yaxşı-yaxşı fikirləşsinlər. Əgər özlərində güc və iradə tapıb siyasi islahatlara başlayacaqlarsa, bu, bir ayrı məsələdir və bu haqda da ayrıca düşünmək olar. Əks təqdirdə, nə vaxtsa elə bu hakimiyyət də özü üçün toxunulmazlıq immuniteti axtaracaq…