Ölüm laboratoriyası

Xüsusi xidmət orqanlarının ölüm cəbbəxanasında ən ağlagəlməz vasitələr var

Rafiq Tağının ölümü (indi bunun qətl hadisəsi olmadığına heç kim inanmır) müəmmalı şəkildə baş verdi. Xəstəxananın və ekspertizanın versiyası da heç kimi inandıra bilmədi. Bu, həmin ekspertizadır ki, Azərbaycanda inzibati hakimiyyətdən birmənalı şəkildə asılıdır və mühüm sifarişli məhkəmə ekspertizalarını tamamilə ağ yalan üstündə qurmağı əla bacarır. Amma bu yalançılıq heç kimin fərq etmədiyi şəkildə insanların taleyini müəyyənləşdirməkdə fəal iştirak edir, adamlar hətta, əlacsızlıqdan olsa da, onu mötəbər hüquqi vasitə kimi qəbul edirlər. Bizim ölkəmizdə alternativ ekspertiza olmadığından, Məhkəmə-tibb ekspertizası adlanan bu idarə də təkpartiyalı hakimiyyətin fəsadlarını törətməkdədir.

O, yaradıcılığının ən ziddiyyətli mərhələsində idi

Rafiq Tağı ziddiyyətli adam idi. Parlaq ziyalı keyfiyyətləri, son dərəcə nəzakətli, aristokratik dərəcədə mədəni maneraları olan Rafiq Tağı ifrat cəsarətli qələm sahibi idi. Ümumiyyətlə, bir qanunauyğunluq həmişə hiss olunur: xaraktercə hay-küylü, özünü qorxmaz və cəsarətli təqdim edən qələm sahiblərinin çoxunun qələmi küt olur. Amma zahirən sakit görünən insanlar həddən artıq sərt və açıq yazı üslubu ilə seçilirlər. Rafiq Tağının ilk ziddiyyətlərindən biri bu idi.
Rafiq Tağı, məsələn, Mirzə Ələkbər Sabiri milləti təhqir etməkdə, vulqarlıqda, savadsızlıqda ittiham edəcək qədər ədəbi cəsarət göstərə bilirdi. (Hərçənd, mən bunu, qətiyyən, cəsarət hesab etmirəm – Q.Z.). Amma eyni zamanda, yüz milyonlarla insanın qutsal dəyər kimi tapındığı müqəddəsata təcavüz edirdi. Mən, ümumiyyətlə, din və insanların inancı əleyhinə çıxışları ateizm saymıram, isterika hesab edirəm. Yəni, özünü istədiyi parametrlər üzrə cəmiyyətə təqdim edə bilməyən adamların sıçrayış cəhdi sayıram. Ateizm isə ideologiya deyil, hətta elm də deyil, çünki özülü yalnız təkzib üzərində qurulur. Amma yüz milyonlarla insanın mentalitetini, duyğularını, şəxsiyyət və vətəndaş olaraq mövcudluğunu şərtləndirən mənəvi amillərin üzərinə getmək ifrat cəsarətdir. Bildiyim qədər, bütün dünyada bunun söz azadlığı sayılıb-sayılmadığı barədə polemikalar hələ də davam etməkdədir.
Amma bütün hallarda, hətta bu ifrat cəsarətə görə də insanı ölümlə və ya hər hansı şəkildə fiziki təzyiqlə cəzalandırmaq qanunsuzluqdur və bidətdir. Insanı həyatdan və sağlamlıqdan məhrum etmək dini baxımdan günah, hüquqi baxımdan cinayətdir və Rafiq Tağının öz dünyagörüşünə görə həyatdan məhrum edildiyi də şübhəsizdir.

Ikiqat terror və Azərbaycan poliqonu

Işin maraqlı tərəfi odur ki, Rafiq Tağı ikiqat terrora məruz qalıb. Onu sui-qəsdlə öldürmək mümkün olmadı. Amma xəstəxanada öldü(rül)dü. Bu sui-qəsdin davam etməsi və onun ölümü ilə nəticələnməsi istintaq yolu ilə müəyyən ediləcəkmi? Mən buna inanmıram. Azərbaycan bu sayaq müəmmalı və səsli-küylü qətllərə vərdiş etmiş ölkədir.
Azərbaycanda bu sayaq qəsdlər təsadüfi sayıla bilməz. Hətta, bunun davamı da ola bilər (və olacaq  – Q.Z.). Biz avtoritarizmin insanlar üzərində qanunsuz hökmlər verməsini hər gün müşahidə edirik. Sözə görə qətl və ya başqa növdən olan cəza tədbirləri bizim ölkənin inzibati mahiyyətidir və yaxın tarixin bu silsiləsi akademik Ziya Bünyadovdan başlanır. Ictimai rəy birmənalı olaraq belə qəbul etdi ki, onun da qətlinin üstü açılmadı və kimlərinsə boynuna qoyub içəri atdılar. Elmar Hüseynovun qətli ilə bağlı heç bir araşdırma aparılmadı. Hər il Azərbaycanda söz azadlığının “hüdudlarını” pozduğuna görə jurnalistlər cəzalandırılır, döyülür, həbs edilir… Bu, inzibati terrordur və inzibati terrorla kriminal terrorun metodları arasında yalnız bir fərq var: inzibati terrorun arsenalında daha çox cəza metodları var.
Nə qədər ki, Rafiq Tağının ölümü ilə bağlı istintaq başa çatmayıb, onun qatilləri tapılmayıb (və mən bu prosesin başa çatacağına şübhə ilə yanaşıram – Q.Z.), ictimai rəydə bu hadisə də söz azadlığına görə həyata keçirilən inzibati terror aktlarından biri kimi qiymətləndiriləcək.

Iran terrorçusu daha haralara girə bilər?

Indi Iran klerikallarının sifarişi kimi dəyərləndirilən bu terrorun Azərbaycan xəstəxanasında Iran ssenarisi üzrə davam etməsi çox şübhəlidir. Ekspertizanın hansı versiyanı ortaya tullamasından asılı olmayaraq, mötəbər tibb mütəxəssisləri qabağa çıxıb əsaslandıra bilərlərmi ki, cərrahiyyə əməliyyatından uğurla çıxan xəstə bir neçə gün yaşadıqdan sonra yarımca saatın içində necə ölə bilir? Çətin. Amma Sovet hökumətinin zamanından üzü bəri xəstəxanada iynə ilə öldürülən arzuolunmaz adamların böyük bir siyahısını tərtib etmək olar. Məsələn, sadəcə, diş çəkdirmək üçün həkimə müraciət edən Şıxəli Qurbanovun əfsanəyə çevrilən ölümü bu qəbildəndir.
Amma bu qətlin üstü açılmasa (qondarma müttəhimlə yox  – Q.Z.), birmənalı olaraq belə qəbul edin ki, Azərbaycanın inzibati orqanlarında Iran kəşfiyyatının çox müqtədir barmaqları var.

Mayranovskinin bu işdə əli varmı?

Xüsusi xidmət orqanlarının tarixi bu cür əməliyyatlarla zəngindir. Amma bu qəbildən olan ilk məhkəmə baxışı 2000-ci il yanvar ayının 3-də Kaliforniyada başa çatıb, rus-sovet KQB-sinin insanlara qarşı kimyəvi preparatlardan istifadə etdiyini rəsmən sübut edib. Bu, xüsusi xidmət orqanlarının dinc insanlara qarşı elan edilməmiş müharibəsinin ilk hüquqi qiymətini verən məhkəmə idi. Məhkəməyə təqdim edilən materiallarla sübut edilib ki, xüsusi xidmət orqanları kimyəvi-bioloji vasitələrdən istifadə edərək insanları zərərsizləşdirirlər.
Bu maddələrin bir kateqoriyası da iz saxlamadan öldürməyə aiddir. Ictimai iddialara görə, Rafiq Tağı, məhz, bu üsulla aradan götürülüb.
Xüsusi xidmət orqanlarının cəbbəxanasında adi tabel silahları olduğu kimi, zəhərləyici tabel maddələri də mövcuddur.
Postsovet ölkələrində insanlara qarşı istifadə edilən bakterioloji silahların (professor Mayranovskinin xüsusilə məxfi “X Laboratoriya”sı  – Q.Z.) istifadəsinə hələ V.I.Lenin zamanında hökumətin xüsusilə məxfi toplantısında icazə verilib və davamlı olaraq təkmilləşdirilməkdədir.
Bu xüsusi vasitələr insana qarşı çoxsaylı cinayətləri həyata keçirmək üçün tətbiq edilir. Hətta yalnız öldürmək məqsədilə yox. Bu cür preparatlar indi insanı psixoloji deqradasiya həddinə çatdırıb intiharı da stimullaşdıra bilir.
Yeni texnologiyalar isə durmadan inkişaf edir. Adi ekspertizanın heç bir halda müəyyən edə bilməyəcəyi şəkildə insanı ani ölümlə baş-başa buraxmaq çox adi əməliyyatlardan biridir.

Rafiq Tağının ölümü bu cür müəmmalarla zəngindir…

Əgər bu ölüm xüsusi xidmət orqanlarının təlimatı və ya bibaşa iştirakı ilə həyata keçirilibsə, deməli, Azərbaycanda başqa cür düşünənlərə qarşı əməliyyatların yeni mərhələsinin də əsası qoyulub. Hətta Rafiq Tağını içdən və qəlbən qəbul etməyənlərin hər biri bu ölümdən sığortalanmayıblar.

***

Bu günlərdə bir maraqlı mülahizə ilə tanış ola bildim. Fikir, təqribən belə idi ki, Azərbaycanda, hətta demokratik düşərgə də Rafiq Tağıya qarşı münasibətdə iki yerə parçalanıb. Rafiq Tağı orijinal düşüncəli adam idi. Ehkamlara qarşı çıxması ilə fərqlənən insan idi. Rafiq Tağının düşüncələrinə opponentlik etmək də kimsə üçün yasaq sayıla bilməz və bu, heç bir halda, ölümə münasibətdə parçalanma kimi dəyərləndirilməməlidir. Qanunsuz verilən cəza demokratiyanın ruhuna və məntiqinə ziddir. Insanların həyatdan məhrum edilməsinə tərəddüdlü münasibətin özü belə, demokrat olmamaq üçün ciddi əsasdır.