Ölü təhsil

Ekspert Əlövsət Osmanlı: «Bəlkə bunlar təhsilimizi Şeyx Nəsrullah sayağı diriltmək istəyirlər»

Əlövsət müəllimlə xeyli vaxtdır ki, görüşmürdük. Axır ki, dünən bir tədbirdən sonra görüşüb hal-əhval tutduq. Fürsətdən istifadə edərək ona bir neçə sualla müraciət etdim.

– Əlövsət Osmanlı indi nə düşünür, təhsilimizin bugünkü durumu necədir?
– Çox pis! Hər şey başlı-başına buraxılıb, kim nə istəyir onu da eləyir. Artıq danışmaqdan hamının çənəsi yorulub. Yəqin ki, mətbuatı izləyirsiniz, görürsünüzmü nələr yazırlar: nazirin iki müavininin yeri boşdur; onların işini kimin yerinə yetirəcəyi məlum deyil; nazirin özü dönüb olub yarımnazir; nazirliyin işləri aşıb-daşır; bilinmir ki, kim hansı işin qulpundan yapışsın. Belə çıxır, Təhsil Nazirliyinin fəaliyyəti iflic vəziyyətinə düşüb.

– Sizcə, bu vəziyyət nədən qaynaqlanır?
– Çox çətin sualdır. Amma görünən odur ki, bu gün Təhsil Nazirliyində bir durğunluq var. Bu, son ayların mənzərəsindən də açıq-aydın sezilir. Bu mənzərənin aynası nazirliyin saytı və rəsmi orqanı “Azərbaycan müəllimi” qəzeti deyilmi? Onlara baxın, görün axır aylar Təhsil Nazirliyində nə işlər görülüb. Əvvəllər görsəniş xatirinə də olsa nəsə edirdilər. Indi o da yoxdur.
Mənə elə gəlir ki, rəsmi dövlət tədbirlərində Mərdanov görünmədikdən sonra bu süstlük daha aydın duyulmağa başladı. Hadisələrin kulminasiya məqamı isə sentyabrın 15-i – yeni dərs ilinin başlandığı gün oldu. Bildiyiniz kimi, həmin gün ölkə başçısı Bakının bir neçə məktəbində oldu, amma təhsil naziri onun yanında görünmədi. Ertəsi gün nazirliyin həftəlik rəsmi qəzeti “Azərbaycan müəllimi” də nazirdən “üz döndərərək” onun adını bir yerdə belə çəkmədi. Sentyabrın 30-da isə parlamentin payız sessiyasının ilk iclasında iqtidardan olan bir neçə deputat təhsil sistemində yaranmış mənfi tendensiyaları kəskin tənqid etdilər.
Belə görünür ki, Misir Mərdanov bu gün mətbuatdan qaçır, media mənsublarına, demək olar ki, heç nə danışmır. Əslinə qalsa, danışmağa bir şey də yoxdur. Sözümün əsas canı isə odur ki, nazirliyin bugünkü fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi yuxarıda söylədiklərimin məntiqi davamı kimi görünür…

– Bəs strateji bir sahədəki – təhsil sistemindəki bu idarəolunmazlıq ortamı gələcəyimiz üçün təhlükə yaratmırmı?
– Bu bir aksiomdur ki, təhsili pis qurulan ölkələrin gələcəyi yaxşı ola bilməz. Həmin ölkələrin vətəndaşları tarixən inkişaf etmiş ölkələrdə nökərlik etmiş, öz ölkələri isə başqalarının tapdağına çevrilmişdir. Bu gün dünya çapında bütün sahələr üzrə böyük rəqabət gedir. Antaqonist və ya qeyri-antaqonist ziddiyyətlərdən doğan və inkişafda olan bu prosesin qarşısında duruş gətirməkdən ötrü iki məqam daim diqqət mərkəzində saxlanılmalıdır: dünyanın inkişaf tendensiyalarını dəqiq tutmaq və böyüyən nəsli düzgün yönləndirmək. Bu qlobal yarışda qalibiyyət o dövlətlərin tərəfində olur ki, orada rəqabətədavamlı insanların sıxlığı daha çox, dəqiq desək, “insan kapitalı” daha zəngin olsun. Cəmiyyəti bu zənginliyə aparan yol isə təhsildən keçir. Bu gün Azərbaycan təhsili bataqlığa çevrilibsə, özünüz nəticə çıxarın, bu halda hansı “insan kapitalı”ndan, yaxud onun hansı zənginliyindən danışmaq olar. Şəxsən mən, belə getsə, gələcəyimizi o qədər də yaxşı görmürəm. Təsəvvür edin, bugünkü şagird sabah səngərdə düşmən əsgəri ilə üz-üzə duracaq. Əgər o, yaxşı təhsil almayıbsa, mükəmməl şəxsiyyət kimi formalaşmayıbsa, hiyləgər, azğın, məkrli düşmənin qarşısında necə dayanacaq? Ona görə də hesab edirəm ki, bu gün təhsilimizdə fövqəladə tədbirlər həyata keçirilməli və düşdüyümüz bataqlıqdan çıxış yolları aranmalıdır. Yoxsa sabah vəziyyət daha da pis olacaq…

– Vəziyyətdən çıxış üçün sizin hər hansı təklifiniz varmı?
– Hesab edirəm ki, təklif məndən yox, siyasilərdən və təhsil strateqlərindən gəlməlidir. Mənim işim, bir vətəndaş, bir ekspert kimi, real vəziyyəti dəyərləndirmək, çıxış üçün təklif olunan yollara münasibət bildirməkdir. Amma bircə onu deyə bilərəm ki, indiki nazirlə vəziyyətdən çıxmaq mümkün olası deyil. Çünki əvvəla, mənə görə, o, çox dağıdıcı adamdır. Ikincisi, bu vəziyyəti o yaradıb, əgər onda quruculuq meylləri olsaydı, təhsilimizin başına bu oyunları açmazdı. Məhz Misir Mərdanovun “rəhbərliyi” altında təhsilimizin bütün mexanizmləri pozuldu və bununla da millətin genofonduna böyük zərbə vuruldu. Təbii ki, burada onun ətrafının da xüsusi “rolu” oldu…

– “Ətrafı” dedikdə, siz kimləri nəzərdə tutursunuz?
– “Mərdanovun ən bağışlanılmaz səhvi onun kadr seçimində olub” desəm, yəqin ki, səhv etmərəm. 14 ilə yaxın bir müddətdə o, dörd tərəfinə elə adamlar yığdı ki, bu adamlar təhsilimizin idarəolunmazlıq həddinə gəlməsində “xüsusi” rol oynadılar. Belə ki, onlar nazirin bir çox səhvlərini bilsələr də görməməzliyə vurdular, əksər hallarda isə illüziya yaradaraq bu səhvləri təhsilimizin nailiyyətləri kimi qələmə verdilər. Bu “nailiyyətlərdən” xoşhallanan nazir  isə “çalışmalarını” davam etdirdi. Axırını da gördünüzmü, gətirib hara çıxardı.
Nazirin ətrafına yığdığı belə adamlardan biri, kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovdur. Xatırladıram ki, bu adamı əvvəlki nazir işdən qovmuşdu. Mərdanov gələndən sonra isə o, başa çəkildi, böyük şöbəyə müdir təyin edildi, bir neçə ad və mükafatlarla təltif olundu, bir sözlə, onun qarşısında yaşıl işıq yandırıldı. Hətta Təhsil Islahatının əsas qollarından biri olan Milli Kurikulum alt-komponentinin hazırlanmasına rəhbərlik etmək də ona tapşırıldı. Bu gün həmin kurikulumlar ortadadır. Bilirsinizmi onlar nə gündədir? Adam baxanda xəcalət çəkir, başdan-ayağa rəzalətdir. Onlar “əsasında” hazırlanmış dərsliklərsə daha betər vəziyyətdədir. Təhsilimizin üzqarası olan kurikulumlara görə nazir Aydın Əhmədovu cəzalandırmaq əvəzinə, onu fəxri ada təqdim etdi. Hətta, mətbuatın yazdığına görə, Mərdanov onu özünə müavin gətirmək istəyir. Şəxsən mənə elə gəlir ki, təhsilimizin məzmununu dağıdan bu adamı irəli çəkmək nədir, bircə dəqiqə belə təhsil sistemində saxlamaq olmaz.
Bu cür adamlardan biri də nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır. Onun da adı nazir müavinliyinə namizədlər sırasında hallanır. Xatırladıram ki, Şahbazlının şöbə müdiri olduğu dövrdə hazırlanan dərsliklərin əksəriyyəti, yumşaq desək, biabırçı gündədir. Onlardakı elmi-pedaqoci səhvlərin say-hesabı yoxdur. Amma bunların heç biri onun eyninə deyil. Iş bərkə düşəndə o deyir: “Səhvlərin mənə heç bir aidiyyəti yoxdur, Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) var, təsdiq ediblər, getsinlər onlar da cavab versinlər”. Halbuki istifadədə olan dərsliklərin müzakirəsinin təşkili, onlardakı nöqsanların aşkarlanması və vaxtında DQŞ-yə təqdim olunması sırf Şahbazlının şöbəsinin işidir. Onun sözlərinə diqqət yetirin: “Çoxu deyir dərsliklərin dili çətindir, bunu biz də deyirik, məzmunda yeniləşmə aparmışıq”. Görün bu adam dərsliklərin dilinin çətin olmasını nə ilə izah edir, məzmunun yeniləşməsi ilə. Bundan sonra ona nə deyəsən?! Təhsilimizin məzmununun əsas daşıyıcısı olan dərsliklərin bu günə düşməsində Şahbazlının müstəsna “xidmətləri” var. Hesab edirəm ki, ən azı buna görə onu nazirliyin kandarına da buraxmaq olmaz. Amma neyləyək ki, bu gün o, Mərdanovun əvəzolunmaz kadrlarından biridir…
Mən burada nümunə kimi iki nəfər haqqında qısaca danışdım. Əgər bu mövzu ilə əlaqədar daha geniş bilgi əldə etmək istəyirsinizsə, onda ekspert Nadir Israfilovun yaxın zamanlarda işıq üzü görəcək “Misir Mərdanov və onun komandası” adlı kitabını mütləq oxuyun. Orada Mərdanovun özü və komandasının üzvləri Abdulla Mehrabov, Bayram Hüseynzadə, Fərzəli Qədirov, Həbib Zərbəliyev, Aydın Əhmədov, Faiq Şahbazlı və başqaları haqqında geniş məlumat var…

– Yaxşı, Mərdanov bu komanda ilə təhsilimizi hara aparmaq niyyətindədir?! 
– Mən münəccim deyiləm. Bunu bir Mərdanovun özü bilir, bir də onun komandası. Mənim bildiyim isə odur ki, bu gün Azərbaycan təhsili ölü vəziyyətindədir. Nə bilmək olar, bəlkə bunlar təhsilimizi Şeyx Nəsrullah sayağı diriltmək istəyirlər…

Söhbətləşdi: Natiq