
Misirdə bir həftədir davam edən etiraz aksiyaları səngimək bilmir. Bu gün də nümayişçilərin cümə namazından sonra küçələrə çıxacağı gözlənilir. Qahirədə nümayişçilər “Son şans, yaxud süqut edənlərin haqqı” adı verilmiş və bu günə planlaşdırılan kütləvi etiraz aksiyasına hazırlaşırlar. Nümayiş həm də yeni baş nazirin təyin olunması qərarını bayram etmək məqsədi daşıyacaq. Belə ki, Misiri müvəqqəti olaraq idarə edən Ali Hərbi Şuranın rəhbəri marşal Hüseyn Tantavi ölkənin sabiq baş naziri Kamal əl-Qansurini yeni baş nazir təyin edib. Əl-Qanzuriyə yeni nazirlər kabinetini formalaşdırmaq tapşırığı verilib.
Kamal əl-Qansuri 1996-cı ildən 1999-cu ilədək Misirin baş naziri olub və böyük nüfuza malikdir. İsam Şərəfin başçılıq etdiyi müvəqqəti hökumət isə ötən həftəsonu istefa verib. İstefa müraciətindən sonra xalqa müraciət edən Ali Hərbi Şuranın lideri Hüseyn Tantavi isə bildirmişdi ki, Misir xalqının etimadını doğrultmayan İsam Şərəf hökumətinin istefasını qəbul edir və onlara yeni kabinet formalaşanadək öz səlahiyyətlərini icra etmək göstərişi verir. Lakin bu qərar da Təhrir nümayişçilərini razı salmayıb. Onlar hələ də noyabrın 28-ə planlaşdırılmış parlament seçkisinin vaxtının tezləşdirilməsini tələb edirlər. İğtişaşların seçkini sual altına saldığı ehtimal edilsə də, Ali Hərbi Şura səsvermənin vaxtında keçiriləcəyini bəyan edib (ans press).


