Əliyevlə bağlı biabırçı sorğunu o təşkil edib?

Bu məsələdə Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun adı hallandırılır

Bir neçə gün əvvəl Böyük Britaniyanın “Populus Limited” adlı şirkətinin Azərbaycanda sorğu keçirdiyi barədə xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, sorğunun sifarişçisi olan “Caspian Information Centre” şirkətinin direktoru Cerald Frost iddia edib ki, nəticələrə görə, əhalinin 95 faizi Ilham Əliyevə yüksək etimad göstərir və 96 faizi onun apardığı siyasəti bəyənir. Sorğu 10-30 sentyabr tarixində Azərbaycanın Bakı və digər şəhərlərində 1000 nəfər respondentin arasında keçirilib.
Noyabrın 24-də isə Ingiltərənin “Independent” qəzetində bu barədə məqalə dərc edilib. Həmin məqalədə açıq şəkildə göstərilib ki, sorğuya görə şirkətə kifayət qədər böyük həcmdə pul ödənilib.  Məqalə müəllifi ciddi arqumentlərlə  sorğunun saxta olduğunu sübut edib(“Azadlıq”ın digər səhifəsində həmin məqalə dərc olunub).
Bəs Taleh Heydərova bu sorğu nə üçün lazım olub?
Bəllidir ki, son vaxtlar Britaniya mətbuatında Kəmaləddin Heydərov və xüsusilə nazirin oğlu Taleh Heydərovun fəaliyyəti barədə qalmaqallı məqalələr dərc etməsi “fövqəlnazir”də ciddi narahatlıq doğurub. Əldə etdiyimiz məlumatlara görə, Kəmaləddin Heydərov düşünür ki, bundan hakimiyyətdəki rəqibləri ona qarşı istifadə edə bilər. Yəni, Ilham Əliyevə izah edilə bilər ki, “fövqəlnazir” və oğlunun qaranlıq fəaliyyətinə görə nüfuzlu Britaniya nəşrləri beynəlxalq aləmdə bütövlükdə Azərbaycan hakimiyyəti barədə mənfi rəy yaradır. Belə bir izahat isə, əlbəttə ki, Kəmaləddin Heydərov üçün mənfi sonluqla nəticələnə bilər. Bu baxımdan “fövqəlnazir” mümkün təhlükələrdən sığortalanmaq məqsədilə Ilham Əliyevə, guya, xidmət göstərib. Nəticədə hamı hakimiyyətin növbəti biabırçılığının şahidi olub.

Informasiya şöbəsi