Zeynəb Xanlarovanın bacısı uşaqları “Azadlıq”ın əməkdaşı Yafəz Həsənov ölümlə hədələdi
Noyabrın 23-də günorta saatlarında deputat, xalq artisti Zeynəb Xanlarovanın qohumları Türkan qəsəbəsindəki Zülfüqar Əliyevin daş karxanasına yenidən silahlı basqın ediblər. Bu barədə “Azadlıq”a Zülfiqar Əliyevin özü məlumat verib. Onun sözlərinə görə, basqına deputatın Daşqın Nəsirov adlı bacısı oğlunun Orxan adlı oğlu rəhbərlik edib: “Telefonuma zəng gəldi. Dedilər ki, karxanaya 12-13 nəfər basqın edib, texnikanı yararsız hala salıblar. Ora gedəndə gördüm ki, basqın edənlərin başında Daşqının oğlu Orxan dayanır. Yanında da Daşqının qardaşı Mustafa, başqa qohumu Zəfər Nəsirov və Vəli də var idi. Orxanın əlini tez-tez belinin üstünə qoymağından hiss elədim ki, silahlıdır. Orxan dedi ki, yer bizimdir. O, məndən 500 min manat tələb etdi. Əks təqdirdə karxananı ona təhvil verməli olacağımı söylədi”. Z. Əliyev deyir ki, karxanaya basqınla bağlı ona məlumat veriləndən sonra dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub: “102-yə məlumat verəndən sonra karxanaya getdim. Orxana dedim ki, torpaq sənədlərlə bizə məxsusdur. O isə ərazidə işləməyimizə imkan verməyəcəyini dedi”. “Məni Xəzər rayon 1-ci polis bölməsinə çağırdılar. Ona görə də karxanadan polisə getdim. İşçilərimi də özümlə götürdüm. Oradan bir qədər aralandıqdan sonra Orxan da başının dəstəsi ilə getdi. Orxan bir neçə saatdan sonra yenə ora gəlib. Fəhlələrin üstünə tapança çəkərək karxanadan qovub və daşkəsən kombaynları ağır texnika ilə dağıdıb. Onlar hüquq-mühafizə orqanlarını da saymırlar. Dövlətin verdiyi torpaq haqda şəhadətnaməni sənəd hesab etmirlər. Günorta çağı üstümüzə silahlı dəstə ilə gəlirlər, hüquq-mühafizə orqanları isə əməli tədbir görmək istəmirlər”.Xatırladaq ki, Zülfüqar Əliyevin daş karxanasına ötən ayda basqın edilmişdir. Həmin vaxt basqınla bağlı mətbuatda geniş yazılar dərc olunmuşdu. Sözügedən ünvanda qəzetimizin əməkdaşı Yafəz Həsənov da olmuşdu. Basqın faktına görə Xəzər Rayon Prokurorluğunda cinayət işi qaldırılmışdı. Basqınçılar isə yazıya görə cinayət işi açıldığından Yafəz Həsənovu ölümlə hədələmişdilər.Zülfiqar Əliyev isə deyir ki, silahlı basqınçılar yenidən Yafəz Həsənovu hədələyiblər: “Orxanla Zəxfər mənə dedilər ki, səninlə haqq hesabımızı bitirdikdən sonra bizi tənqid edən jurnalist Yafəzin də cəzasını verəcəyik. Onun evini də tanıyırıq. Ona görə bizə cinayət işi açıblar. Biz onu bağışlamayacağıq. Onsuz da bizə heç kim heç nə edə bilməyəcək”. Sahibkarın verdiyi məlumatı əməkdaşımız Yafəz Həsənov da təsdiqlədi. Bildirdi ki, adları çəkilən şxəslıərdən tez-tez ona hədələyici mesaj və zənglər gəlir.Xatırladaq ki, Orxan Nəsirovu ölkə ictimaiyyəti xalq artisti Aygün Kazımovanın qızı İlqarənin məlum video qalmaqalına görə tanıyırlar. Bu dəfə isə onun adı basqın olayında hallanır.
Ramin DEKO