Əlahəzrət dünən yeni təmirdən çıxmış “Nizami” kinoteatrına baş çəkib, orada adı məlum olmayan filmdən fraqmentlərə baxıb. Rəsmi məlumatda belə deyilir.
Göründüyü kimi, Ilham Əliyevin filmə başdan-ayağa baxmağa hövsələsi çatmayıb. Naməlum filmin ora-burasına bir az göz atdıqdan sonra çıxıb gedib.
Bu, onun və başında dayandığı sistemin mədəniyyətə münasibətinin göstəricisidir. Yoxsa siz indiyədək gördünüzmü ki, o, hansısa valeybol matçına təşrif buyursun və oyunun ortasında qalxıb getsin. Amma film izləməyə gedincə əvvəldən sonadək izləməyə səbri qalmır, bir az əvvəlinə, bir az ortasına, bir az da sonuna baxır, vəssalam.
Bir daha yazıram, bu, ümumiyyətlə, bizi idarə edən zehniyyətin mədəniyyətə münasibətinin göstəricisidir. Siz əlahəzrəti heç kitab oxuyarkən gördünüzmü indiyədək? Ya da bir tamaşaya gedərkən. Hansısa yaxt-klubun təmir və yenidənqurma işləri ilə tanış olmağa belə, vaxt tapır, amma mədəniyyətlə bağlı tədbirlərdə ona rastlamaq mümkünsüz məsələdir. Hansısa kitabxanaya qədəm basdığını, yolunu bircə dəfə də hansısa teatrdan, sərgi salonundan saldığını görmək mümkün deyil.
Bir aktyor ölüm yatağına düşərkən onun müalicə xərclərini ödəmək üçün ARDNŞ-ə tapşırıq verməklə iş düzəlmir. Bu ölkədə bütünlükdə teatr, kino, ədəbiyyat ölümün pəncəsindədir, bütünlükdə mədəniyyətin sağalmağa ehtiyacı var. Mədəniyyətə partiya və hökumət işinin bir vintciyi kimi deyil, bir cəmiyyəti ayaqda tutan, irəli aparan, bir toplumu yaşadan, var edən, onu uyğarlıqla, çağdaşlıqla qovuşduran hadisə kimi baxmağa ehtiyac var.
Amma əlbəttə, bunlar üçün mədəniyyət ən sonuncu dərəcəli məsələdir, bunların mədəniyyətə diqqəti, sayğısı, qayğısı YAP-çı müğənniləri, aktyorları, şair-yazıçıları bəsləməkdən irəli getmir. Bunlar üçün mədəniyyət olsa-olsa, özündə yaltaqlığı, köləliliyi, mütiliyi ifadə edən manıslardan, tamadalardan, təlxəklərdən ibarətdir.
Bəli, möhtərəmin ayda-ildə bir dəfə kinoteatra gedib onda da, sadəcə, bir filmin fraqmentlərinə baxmaqla kifayətlənməsinə sıradan hadisə kimi baxmaq olmaz. Hansısa boks yarışına, valeybol matçına getsə, onu başdan axıradək, özü də böyük heyranlıqla, həyəcanla, diqqətlə, hətta coşquyla izlərkən, tez-tez alqışlarkən, bəzən yerindən qalxıb sevinclə qışqırarkən, sıra kinoteatra getməyə gəlincə, sadəcə, bir filmin ora-burasına göz atmaqla yetinməsi bu zehniyyətin mədəniyyətə münasibəti haqqında hər şeyi deyir, hər şeyi…
Əsl filmdən fraqmentlər
Dünən Ilham Əliyev hansısa təzə təmirdən çıxmış kinoteatra gedib naməlum filmdən fraqmentlərə baxarkən əslində bütün Bakı bir tragikomediya filminin çəkiliş meydançasına çevrilmişdi. Məncə, əlahəzrətin daha çox bu filmə baxmasına ehtiyac var. Elə fraqmentlərinə baxsa da kifayətdir.
Bəli, dünən Bakıya ilk qar yağdı və həyat iflic oldu. Ortaya rüsvayçı mənzərələr çıxdı. Məlum oldu ki, bunların ətək-ətək neft pulunun başına daş salıb “Eurovision”a hazırlaşdırdıqları bir şəhər, hətta qışa hazır deyil. Qış nədi, ilk qara belə, hazır deyilmiş.
Bəs hanı qışa hazırlıq adı ilə Ilham Əliyevin ayırdığı milyonlarla manat? Hara getdi o qədər pul? Kim basıb yedi? Kimlər basıb yedi? Bilirəm, sizə bu sualları vermək artıqdır, cavabını özümüz sizdən daha yaxşı bilirik. Sadəcə, soruşub qəzəbimi soyutmaq istədim.
Bəli, dünən sözün həqiqi mənasında biabırçılıq idi: sosial şəbəkələrdə qazsız və işıqsız qaldıqlarını, donduqlarını yazan kim, şəhərin mərkəzində yaranmış iri gölməçələr səbəbindən yolun bu üzündən o biri üzünə keçə bilməyən və qayıq arzulayan kim, yaşadığı ərazidəki mağazalarda çörək tapılmadığını deyən və bu gedişlə acından öləcəklərini anons edən kim, tıxaclarda mələyən, şəhərə getmək üçün avtobus tapa bilməməsindən fəryad edən kim? Bir sözlə, biabırçılıq! Rəzalət!
Bəli, dünən bunların nə qədər bacarıqsız və qabiliyyətsiz olduqlarını bir daha gördük, yaşadıq. Bunların büdcə pullarını, millətin sərvətlərini oğurlamaqdan başqa əllərindən bir şey gəlmədiyi bir daha ortaya çıxdı.
“Eurovision”a hazırlaşırlarmış…
Siz əvvəlcə qışa hazırlaşın, qışa!
Ümumiyyətlə, ən yaxşısı filmin sonuna hazırlaşın!