Suallar Rafiq Tağı ilə birgə ölmədi…

Dəhşətlə aldıq bu xəbəri. Ağzımızda sözümüz qurudu… Axı bu necə ola bilərdi? Rafiq müəllim yaxşılaşırdı. Danışırdı, gülürdü. Həkimlər də onun vəziyyətinin kritik olduğunu söyləmirdi. Heç reanimasiyada deyildi, artıq palataya çıxarılmışdı. Bəs niyə qəfildən belə oldu? Bu sualın cavabı tapılacaqmı?

Vəziyyəti çox pis idisə, nə üçün daha yoğun bir müalicə almırdı? Niyə başının üstündə tibbi heyət yox idi? Bu nə xəstəxana, bu nə səhiyyədir? Niyə Rafiq müəllim daha güvənli və daha keyfiyyətli bir müalicə üçün xaricə göndərilmədi? Bu qətlin məsuliyyətinin viran qalmalı Iranın üzərində olacağına tam arxayın olan hakimiyyətin diqqəti harada idi? Varmı bu sualların cavabı?
“Bu nə xəstəxanadır?” sualı verdim, sualımdan özüm də razı qalmadım. “Bu nə xəstə ölkədir?” deməliyəm həm  də. Bu ölkədə söz və yazı adamı öldürülür – bir daha hamıya bəlli olur ki, uzun illər gördüyümüz tendensiya davam edir. Söz və yazı yenə də qanlı hədəfdədir.
Biz hazırda nələrisə bilmirik, hansısa sualların cavabını verə bilmərik. Amma bəzi məqamlar bizə gün kimi aydındır. Hələ ötən yazılarımın birində söyləmişdim bir çox qənaətlərimi…
Bəli, Rafiq Tağını Iran ayətullahlarının uzanan əlləri, o zehniyyətin daşıyıcıları öldürmək istəyərdi. Tamamilə mümkündür. Biz Iran rejiminin hansı mənəviyyata sahib olduğunu, nəyə qadir olduğunu gözəl bilirik.
Amma hər kəs onu da gözəl anlayır ki, başqa cür də ola bilər. Bu, dindarlara qarşı başlanacaq yeni həbslərə hesablanmış bir əməliyyat ola bilməzmi? Qərbə “biz olmasaq vəziyyət daha pis olar”“ mesajı kimi də bu qətli həyata keçirmək istəməzdilərmi?
Qətiyyən uzağa gedən nəticələr deyil. Həm də bu versiyaları düşünməyimizin çox sadə səbəbi var. Bir daha söyləyirəm, yaxşı bilirik ki, Iran rejimi şeytanidir, onun siyasi və dini uzantılarından isə nə desən gözləmək olar.
Amma Azərbaycan rejimi də mələk deyil axı. Bu ölkəni talayan, vətəndaşlarının haqqını düşmən kimi tapdayan, özünün ömrünü uzatmaq üçün hər şeyə gedə biləcəyini artıq sübut edən bir hakimiyyətə niyə şübhə olmamalıdır ki?!  Son illərdə jurnalistlərə qarşı basqıları ardıcıl olaraq hakimiyyətin özü həyata keçirib və bu basqıların biri də indiyəcən açılmayıb. Niyə Elmarın qətli açılmadı? Istintaq cəhdləri, hətta, sadəcə belə bir niyyətin olduğunu sübut etmədi…
Bizə deyə bilərlər ki, hər şeyi qara görürsünüz. Amma olanlar yalnız qaradır axı?! Uzun illərin tendensiyası artıq böyük bir təcrübədir. Bu təcrübə deyir ki, bizim azadlıqlara münasibətdə bizim rejim Iran rejiminin bir tayıdır.
Biz hökm vermirik. Baxmayaraq ki, bizim ölkədə hökmü verən hakimlərin ədalətinə də inanan yoxdur. Amma bir daha bəyan edirik, hazırda Azərbaycan hakimiyyətinin və dövlət qurumlarının bu dəhşətli qətl barədə “bunu başqası da edə bilər”“”, yaxud “burda müxtəlif motivlər ola bilər”“ deməyə mənəvi haqqı qalmayıb. Həmin cinayəti açıb, cinayətkarı cəzalandırmayınca! Cəmiyyəti inandırmayınca!
Rafiq Tağıya qarşı uzanan qanlı əllər, ona qəsd etməyə qərar verən zehniyyət açılmalı, bütün ehtimallar aradan qalxmalıdır. Həm də cəmiyyətdə şübhə yeri qalmayan dərəcədə.
Unutmayın ki, Rafiq müəllim öldü, amma onun ölümü ilə bağlı suallar yaşayır…
Onun qətlə yetirilməsi təkcə hadisənin özü ilə bağlı deyil, bütünlüklə Azərbaycanın taleyi ilə bağlı sualları bir az da diriltdi. Məsələn:
Azərbaycanda sabitlikdirmi?
Doğrudanmı, Iran ayətullahları burada at oynadır?
Bizdə vətəndaş qorunurmu?
Bu ölkənin səhiyyəsi varmı?
Bu ölkə hara gedir?