YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “mediaforum” saytına açıqlamasında yazıçı-publisist Rafiq Tağının ölümüylə bağlı məsələyə münasibət bildirərkən jurnalist ona “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, Hərbi Hava Qüvvələrinin baş komandanı Rail Rzayevin qətlinin üstünün indiyədək açılmadığını xatırladıb. Bu acı təcrübəni nəzərə alaraq, jurnalist ona belə bir sual ünvanlayıb: “Necə düşünürsünüz, hüquq-mühafizə orqanları bu qətlin üstünü aça biləcəkmi?”
Siyavuş Novruzovun cavabı isə belə olub: “Azərbaycanda bağlı qalan cinayət əməli yoxdur. Elmar Hüseynovun qətlinin üstü açılıb, bu qətli törədənlərin kimliyi, qətlin motivi məlumdur. Elmar Hüseynovun qətlində Azərbaycana aid heç bir məsələ yoxdur. Qətli onun-bunun boynuna atmaq hərəkətləri var. Amma bu qətl tam planlaşdırılmış qətldir və onu rəngbərəng inqilabları reallaşdırmaq üçün cəmiyyətdə qarışıqlıq yaratmaq məqsədi güdən xarici kəşfiyyat orqanları həyata keçirib. Belə hal Ukraynada, Gürcüstanda da olub. Eyni şeyi Azərbaycanda da tətbiq etmək üçün bu qətli törətdilər. Elmar Hüseynovu öldürənlər niyə indiyə qədər Gürcüstan ərazisindədir, niyə onları Azərbaycana təhvil vermirlər? Bunların da səbəbləri bəllidir. Onları hansı dövlətin bilavasitə himayə etdiyi, saxladığı məlumdur. Heç Gürcüstanın da bu saat gücü çatmır. Cinayətkarlar elə yerdən himayə olunurlar ki, Gürcüstan onları Azərbaycana təhvil verə bilmir. Elmar Hüseynovun qətli Azərbaycanda inqilab törətmək istəyən insanların əməlidir”.
Göründüyü kimi, YAP-çı deputat Elmar Hüseynovun qətlinə görə birmənalı şəkildə xarici qüvvələri ittiham edir. Siyavuş Novruzov jurnalistin qatillərinin konkret dövlət tərəfindən himayə olunduğunu bildirir. Üstəlik, söhbətin hansı dövlətdən getdiyinin də məlum olduğunu deyir. Amma nədənsə, o dövlətin adını açıqlamaq istəmir.
Burada başqa bir sual meydana çıxır: bir halda ki, bu qətl hadisəsində şübhəli bilinən şəxslər hələ tutulmayıb, Siyavuş Novruzov cinayətin motivini necə müəyyənləşdirib?
Ən nəhayət, Azərbaycan dövləti nə vaxt Gürcüstana bu cinayət işi üzrə mötəbər sübut-dəlillər təqdim etdi, amma qarşı tərəf cinayətkarları təhvil verməkdən imtina elədi? Gürcüstan tərəfi dəfələrlə bəyan edib ki, bu işdə adı hallanan şəxslərin təhvil verilməsi üçün onlara sübutlar təqdim olunmayıb.
İnformasiya şöbəsi