Öldürmə!

Kim öldürdü, necə öldürdü, fərq etməz: Rafiq Tağının qətli susmayanlara yönəlib. Bildikləri həqiqətləri yazanlara, fikirlərindən, düşüncələrindən dönməyənlərə yönəlib. Sifarişlə deyil, qəlbi ilə, ağlı ilə inandıqlarını başqaları ilə bölüşmək, paylaşmaq istəyənlərə yönəlib. Məqsəd – susdurmaqdır!

Qələm adamlarında xof yaratmaqdır. Daxili senzuranı gücləndirməkdir.
Yazarkən əlimizi əsdirməyə, danışarkən dilimizi topuq vurmağa məcbur etməkdir.
Amma xeyri yoxdur! Bundan sonra biz həm də Rafiq Tağı üçün susmayacağıq! Bildiklərimizi yazmaqda davam edəcəyik. Azad fikirli olmaqda davam edəcəyik.
Qeyri-azad bir ölkədə azad insan və azad qələm həmişə təhlükədir. Həmişə qorxuludur.
Rafiq Tağını belə bir qorxusu, əndişəsi olanlar öldürdü.
Bəli, mən onunla nə eyni ədəbi zövqün, nə eyni siyasi dünyagörüşün, nə eyni ictimai baxışın sahibi idim. Ancaq bu, gerçəkliyi dəyişmir: Rafiq Tağı kimlərinsə mirzəsi deyildi, doğru bildiklərini yazırdı və Azərbaycan kimi ölkələrdə belələri həmişə “artıq adamlar”dır. Bir növ “altıncı barmaq” kimidirlər – nə saxlaya bilirlər, nə kəsib ata. Və son anda qərar verdilər – kəsib atdılar!
Bu qətllə bizə verilən mesaj aydındır: Susun! Danışmayın! Yazmayın! Düşünməyin! Polemika meydanı yaratmayın! Dialoq mühiti yaratmayın! Dartışmalara, fikir çəkişmələrinə getməyin! Imkan verin monoloqumuza davam edək!
Rafiq Tağının qətli bu ölkədə dözümsüzlüyün, diletantlığın nə qədər geniş yayıldığının göstəricisidir. Təkcə bu gün Azərbaycanda hegemon olan düşmən siyasi güc – irtica qarşısında yox, ümumiyyətlə, istənilən mövzuda standartlardan, cizgilərdən kənar düşünməyin bədəlinin nə qədər ağır ola bildiyinin isbatıdır. Qeyri-azad ölkələrə xas “Bizsiz heç nə haqqında yazmayın! Heç nə haqqında danışmayın! Heç nə haqqında düşünməyin!” təfəkkürünün məntiqi sonluğudur.
O deməkdir ki, cəmiyyətdə tabulaşmış heç bir fikrə qarşı zidd getməyin – bəlli qəliblərdən, bəlli sərhədlərdən kənara çıxmayın. Yalnız məlum direktivlərlə, tezislərlə yazıb-yaradın, yaşayın, xoşbəxt olun.
Dünən Rafiq bəyin ölümündən sonra onun aylar əvvəl verdiyi bir müsahibə yayılmışdı sosial şəbəkələrdə, orada bəy deyir ki, ən çox sevdiyi söz budur: “Öldürmə!”
Amma onu öldürdülər.
Və mən istəyirəm ki, biz Rafiq bəyin sevdiyi o sözün sırasını genişləndirək. Başqa sevdiyimiz sözləri də əlavə edək ora:
– Öldürmə!
– Şərləmə!
– Başımıza torba keçirmə!
– Döymə!
– Cibimizə nəşə atma!
– Üzümüzə qız durğuzma!
– Ayağımızın üstündən maşın sürmə!
– Dəhlizdə ağzımızdan güllə atma!
– Hədələmə!
– Qorxutma!
– Bıçaqlama!
– Başımızdan armatur endirmə!
Qısası: ictimai müqaviməti sıradan çıxarma. Danışanlardan, yazanlardan qorxma. Cəmiyyətin institutlaşmasına mane olma. Onu keçmişin girovuna çevirmə. Onu cəhalətin köləsi etmə. Onu qul yerinə qoyma. Onun demokratiyaya, ədalətə gedən yolunu aç. Bu yolun qarşısında divara dönüşmə.
Aydınlığın, bilginin, maarifçiliyin qarşısını kəsmə.
Hüquqa, fərqliliklərə, azadlıqlara sırtını dönmə.
Başqa cür düşünənləri düşmən qiyafəsində görmə.
Fikir, qələm, yazı adamlarını hədəf göstərmə.
Silahı sadəcə, qələm olan, söz olan, fikir olan insanlarla şər, şəbədə, zor və zopa gücündə hesablaşmağı hakim zehniyyətə çevirmə.
Uyğarlığı, modernizmi, çağdaşlığı görməzdən gəlmə.
Yoxsa töhmət altında qalacağın qaçılmazdır!
Unutma!