İncimə, Rafiq…

Rafiq Tağı öldürüldü. Bir neçə gün qabaq bıçaqlanmışdı, bu dəfə isə öldürüldü. Özü buna inanmırdı, qardaşları isə həyatına yenidən sui-qəsd olacağından qorxurdular. Ürəklərinə daman başlarına gəldi. Ölümündən cəmi bir saat qabaq qapısına polis dikirlər, ama nəyə yetəcək ki… Qatil bıçağının öldürə bilmədiyi Rafiqi başısoyuqluq, laqeydlik, diqqətsizlik öldürdü. Həkimi də, həkim olan yazıçının özü vəziyyətinin yaxşı olduğunu, ağır-sabit olaraq qaldığını, ancaq həyati təhlükə daşımadığını demişdi ölümündən bir az qabaq.
…Hələ ehtimallardan birinə baxın. Guyaá, nəfəs yoluna su gedib və boğulub. Sudan ölüb guya. Buna sudan səbəb deyirlər. Yəni, heç nədən. Buna inanmıram. Rafiq sudan öləcək adam deyildi. Rafiq ömrü boyu üzünü suya tutub bir acı, biədəb, nifrətli söz deməmişdi ki, barı suyun ondan intiqam alacağını deyəsən.
…Ekspertizanın nəticələrinin nə olacağını bilmirəm. Hər halda su deyil. Sözdən öldü demək olardı. Ama mən sadəcə sözdə öldü deyirəm. O qədər sözü olan adam sözdən ölə bilməz, inanılması zor.
…Yazıram. Hələ barı nəşi torpağın üstündə olan Rafiqin öldürülməsindən yazıram. Ama ölümündən yaza bilmərəm. Rafiqin ölümündən yazmaq yalan yazmaqdan başqa bir şey deyil.
…Yazarlardan biri telefonundakı mesajı göstərir bizə “morq”un qarşısında. Rafiq yazıb. Reseptdi. Həkimlər iyirmi gün onu girinc eləyiblər, yarası daha da böyüyüb. Və yenə dada Rafiq çatıb. Nə qədər dostumuz elə reseptlər alıb telefonla Rafiqdən. Rafiqin Allahı hamını çox istəyirdi. Bəs nədən bizim Allahımız onun dadına yetişmədi?
…”Nəsimi” Milli Kitab mükafatının təqdimatına gedəndə yeni romanımı təzəcə bitirmişdim. Dedim, Rafiq, bu romanda səndən də yazmışam – adınla. Güldü: “Ooo,- dedi, – görəsən, nə yazıbsan?”. Dedim, oxuyanda görərsən. Romanda şeirdən nəsrə keçid eləyən obrazlardan biri, özü də Avropada mühacirətdə olan biri yuxusunda Rafiqi görür. Rafiqi yuxuda görməyin özü artıq nəsrə keçidi ifadə eləməliydi, fikrimcə. Rafiq nəsrin özü idi.
…Mənim də telefonumda onun bir mesajı qalır: “Mədəni və işıqlı, şər-böhtansız polemik yazınıza görə təşəkkür edirəm… 26.08.11”. Rafiqin son çağlarda səs-küy doğuran bir yazısının qalmaqalları, deyişmələri başa çatandan sonra onunla razılaşmadığım məqamları, ama ona hücumları özgür düşüncəyə hücum hesab elədiyimi yazmışdım. Bir gün qabaq isə telefonda iki saata yaxın danışmışdıq. Dostca didişmişdik. Bu, üz-üzə, iç-içə söhbət idi. Rafiqin polemikaya, didişməyə yol açan, gündəmi zəbt eləyən yazılarındakı fikirləri çox vaxt qəbul eləməzdim. Dünya onun üstünə yeriyərdi, mən isə çatan kimi, təbrik elərdim. Özüm də özümə çaşardım. Yazısının gözəlliyi fikirlərimizin üst-üstə düşməməsini çox uzaq, arxa plana keçirərdi…
…1994-də qəzetimizin “Ədəbi Azadlıq” səhifəsində yaş senzi vardı. Yaşlılara qapımız bağlıydı. Çünki o zamanlar bütün ədəbi qapılar biz gənclərin üzünə bağlanmışdı. Rafiqin də yaşı səhifəyə düşmürdü. Ama onun iki hekayəsini (biri “Xalça şərqisi” idi) verdim. Səhifə çıxan gün gəldi. Mənə “Mars” gətirmişdi. Utana-utana verdi. Qızarmışdı da. “Verərsən işdə uşaqlar çay içər”,- dedi. Sonra Mənə Platonovun kitabını bağışladı. Birini özünə, birini mənə almışdı. Təsadüfən həmin gün eyni yerdən, eyni kitabdan birini də özüm almışdım. Rafiq o qədər böyükdü ki, illər uzunu hiss olunmadan “uşaq-muşaqlarla” yaşıd olurdu. Bu dəfə “Əbədi Azadlıq” səhifəsinə düşdü, yenə də yaşı düşmədən.
…Ilk kitabım “Öləngi”yə ön sözü ona yazdırdım. “Nə yazırsan, yaz,- dedim,- lap tənqid elə”. Mənimçün ədəbi avtoritetlərdənsə bizimlə “həmyaş” olan birinin sözü daha önəmli idi. O ön sözünün son sözündə Rafiq “onsuz da biz sabah üçün yazırıq” yazmışdı – mənim inamsızlığımı da amansızca qınamışdı. Ama mən eləcə inamsız olaraq qaldım. Neynim, Rafiq, incimə, indi inana bilmirəm də, qardaş…
Mən bu yazını da sabah üçün yazıram. Inanmaq istəyirəm ki, yenə zəng vuracaqsan. Ancaq buna da inana bilmirəm, qardaş…lar…