Misirlilər hərbi xuntanı da devirməkdə israrlıdır

Təhrir meydanına toplaşan on minlərlə etirazçı general Təntavini «formalı Mübarək» adlandırdı

Misirin paytaxtı Qahirədə keçirilən etiraz aksiyasına qatılanlar ölkənin müvəqqəti hökuməti – Silahlı Qüvvələrin Ali Şurasının rəhbəri Hüseyn Təntavinin noyabrın 22-də gecə xalqa müraciətində hakimiyyətin sivil qruplara ötürüləcəyilə bağlı bəyanatını rədd ediblər. Etirazçılar bütün tələbləri yerinə yetirilmədən Təhrir meydanını tərk etməyəcəklərini bildiriblər.
Aksiyanın növbəti günündə ordunun hakimiyyəti mülki rəhbərlərə təhvil verməsilə bağlı tələblər səsləndirilib: “Biz qalırıq, qoy, o getsin!”
Nümayişçilər bildiriblər ki, Təntavinin çıxışında yeni heç nə eşitməyiblər və onun bir sözünə belə, inanmırlar. Etirazçılar Hüseyn Təntavinin çıxışını devrilmiş diktator Hüsnü Mübarəkin inqilab günlərindəki çıxışlarının surəti hesab edirlər. Odur ki, “Təntavi formalı Mübarəkdir!”, “Get, get!” şüarları səsləndiriblər.
Ali Hərbi Şura rəhbərinin ordunun hakimiyyəti qəsb etmək niyyətilə bağlı ittihamları təkzib edən çıxışından, eləcə də yeni hökumətin formalaşdırılacağı, 1 iyul 2012-ci ilədək prezident seçkilərinin keçiriləcəyi barədə vədlərindən dərhal sonra Təhrir meydanının yaxınlığındakı küçədə yeni toqquşmalar baş verib. Aksiya təşkilatçıları və təhlükəsizlik qüvvələri arasında razılaşmaya baxmayaraq, toqquşmalar yenidən qızışıb. Şahidlərin sözlərinə görə, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Onlarla adamın xəsarət aldığı bildirilir. Misirin digər iri şəhərləri Isgəndəriyyə, Süveyş və Ismayıliyyədə də analoji vəziyyət yaranıb.
Bu arada, BMT-nin insan haqları üzrə rəsmisi Nevi Pilay Misirdə davam edən nümayişlərdə təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiqini pisləyib. Pilay toqquşmalarda 30-dan çox insanın ölümü ilə əlaqədar müstəqil araşdırmanın aparılmasına çağırıb: “Mən Misir rəhbərliyini Təhrir meydanında və ölkənin digər yerlərində etirazçılara qarşı güc tətbiqinə, gözyaşardıcı qazdan, rezin güllələrdən və silahdan istifadəyə son qoymağa çağırıram”.
Xatırladaq ki, Hərbi Şuraya qarşı keçirilən etiraz aksiyaları zamanı 30-dan çox insan həlak olub. Küçə toqquşmalarının 5-ci günündə 3 etirazçının öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir. Misirin dövlət televiziyasının verdiyi məlumata görə, Qahirədən şərqdəki Ismayıliyyə şəhərində də 3 nəfər toqquşmaların qurbanı olub.