«Rəsul Quliyev bilməsə, deməz»

Söhbət neft-qaz sektorundan hər gün oğurlanan 9,5 milyon manat vəsaitdən gedir

Mirvari Qəhrəmanlı: «Onun neft sektoruna bələd bir şəxs kimi vəsaitlərin mənimsənilməsi haqda dolğun informasiyası olduğuna əminəm»

ACP lideri Rəsul Quliyev hakimiyyətin mahiyyətini ifşa edən növbəti məqalə ilə çıxış edib. R.Quliyevin sözlərinə görə, Azərbaycan rəhbərliyi istehsal edilən neftin hər barrelindən azı 10, qazın hər 1.000 kubmetrindənsə 50 manat mənimsəyir. Hər gün çıxan neftin, təqribən, 800 min barrelinin, qazın isə 30 milyon kubmetrinin Azərbaycanın payına düşdüyü nəzərə alınarsa, təkcə neft-qaz sektorundan hər gün, təxminən 9,5 milyon manat oğurlanır. R.Quliyevin sözlərinə görə, adi hesablama onu göstərir ki, təkcə bu sektordan ildə 3,6 milyard manat (4 milyard dollar) başda prezident olmaqla (80 faiz payla) maksimum 2-3 adamın cibinə axır.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, konkret rəqəmlər göstərə bilməsə də, neft sektorundan külli miqdarda vəsaitlərin mənimsənildiyi faktdır. R.Quliyevin neft sektoruna bələd bir insan kimi hakimiyyətin vəsaitləri mənimsədiyi haqda daha dolğun informasiyası olduğuna əminliyini bildirən M.Qəhrəmanlının fikrincə, görünür, R.Quliyev müəyyən informasiya sahibidir ki, bu cür sərt açıqlamalarla çıxış edir.
Digər tərəfdən, neft pullarının xərclənməsinə də ölkəmizdə heç bir nəzarətin olmadığını söyləyən M.Qəhrəmanlı əlavə etdi ki, ölkəyə gələn neft pulları məlum olsa da, onların xərclənməsi barədə ictimaiyyət məlumatsızdır: “Dünyanın heç bir ölkəsində dövlət büdcəsi neftdən bu qədər asılı deyil. Büdcənin 80 faizinin formalaşması neftdən asılıdır. Bundan başqa, istər büdcədən, istərsə də Neft Fondundan ayrılan pulların xərclənməsinə heç bir nəzarət, heç bir şəffaflıq yoxdur. Ona görə də bu vəsaitlərin korrupsiya predmeti olduğunu söyləmək olar”.

Hikmət